aslanismayilov-enyeni

SOCAR-la bağlı yazıya vəkildən reaksiya

aslanismayilov-enyeni“Azadlıq” qəzetinin dünənki sayında “Rövnəq Abdullayevin bacanağının yaxınları sahibkarları müflisləşdirməkdə ittiham olunur” başlıqlı yazı dərc edilib. Tanınmış vəkil Aslan İsmayılov həmin yazı ilə bağlı redaksiyamıza məktub göndərib. Vəkil yazır: “Həzərinizə çatdırım ki, bu günə qədər onlarca dəfə Rövnəq Abdullayev və onun tabeçiliyində olanlar barəsində onlarla tənqidi yazılarım olub və qanunsuzluqlar olacağı təqdirdə bundan sonra da olacaq. Bununla belə bəzi natəmiz insanların əzabkeş obrazına girib kimlərinsə yüksək vəzifəli qohumları, yaxud imkanları olduğuna görə şantaj yolu ilə pul tələb etmələrinin qəti əleyhinəyəm və kimlərin olmasına baxmayaraq, ifşa olunmasına çalışacam. Çünki, belələrin ucbatından həqiqətən də zərərçəkənlərin də bəzən haqları pozulur.

Həqiqətən də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində yazıda qeyd edildiyi kimi Dövlət Neft Şirkətinin (ARDNŞ – SOCAR) yüksək vəzifəli şəxsləri haqqında yox, Arzuman Əliyev haqqında AR CM 178-ci maddəsi ilə, yəni dələduzluqda ittiham olunması ilə bağlı iş gedir. Arzuman Əliyevin dələduz olması faktı çoxsaylı sübutlarla illərlə davam edən istintaq zamanı tam sübuta yetirilib. Bu cinayət işi 2013-cü ildən Arzuman Əliyevin Rüfət Vəliyev, Nazim Tahirov, Elbrus Məmmədov və Etibar Kərimova qarşı törətdiyi dələduzluq faktları ilə bağlıdır. Əzabkeş Rüfət Vəliyev nə savadı, nə bacarığı imkan vermədiyi halda SOCAR-da hüquq şöbəsinin rəisi təyin olunmaq arzusu ilə tanıdığı və qohumlarının işbirliyində olduğu Arzuman Əliyevə rüşvət kimi 50 min manat, yəni 62 min ABŞ dollarından artıq pul verir və aldadılır. Etibar Kərimov isə qohumu olan Arzuman Əliyevin yağlı vədlərinə inanıb ucuz ev almaq eşqinə düşür və ona 230 min manat verir, o da aldadılır. Nazim Tahirov və Elbrus Məmmədov isə hər ikisi Arzuman Əliyevlə biznesə girişirlər və Arzuman Əliyevin onlardan dəmir boruları bazar qiymətindən 10 faiz artığına alacağına inanıb aldanırlar. Necə deyərlər “tamahkarı yalançı aldadır”.

Aylardır məhkəmə davam edir və hər məhkəmədə, xüsusilə Nazim Tahirov Sərraf Məmmədzadəni yalnız Arzuman Əliyevlə uzaq qohumluğu olduğuna görə ona dəymiş ziyanın ödənilməsini tələb edir və əks təqdirdə onu mətbuatda biabır edəcəyi ilə hədələyir. Məhz onun canfəşanlığı ilə Sərraf Məmmədzadə məhkəmə iclasına çağırılır və iki gün sorğu-sual edilir. Sərraf Məmmədzadə elə məhkəmə iclasında onun Nazim Tahirov tərəfindən şantaj olunduğunu dönə-dönə təkrarlayır. Nazim Tahirov Milli Məclisin sədr müavini Bahar Muradova ilə yerli olduğunu, onun doğmasının hüzr yerində ondan şikayət etdiyini və işdən qovduracağını desə də, heç bir nəticəyə nail olmur və artıq mətbuata keçir. Nazim Tahirov özü kimdir və Sərraf Məmmədzadə ilə hansı münasibətləri olub? Sərraf Məmmədzadə Azərbaycana gələnə qədər, yəni 2005-ci ildən çox əvvəl, təxminən 2000-ci ildən başlayaraq Nazim Tahirov SOCAR-a dəmir borular satıb və orada hamını yaxşı tanıyıb. Dəfələrlə Sərraf Məmmədzadəyə dəmir boruların satışında vasitəçi olmasını təklif etsə də, rədd cavabını alıb. Arzuman Əliyevlə işbirliyinə girməsi isə tamahının ucbatından baş verib, daha çox qazanmaq istəyib. Mütəşəkkil dəstənin ikinci üzvü kimi təqdim edilən Aləm Əkbərovun qardaşı Mehman Əkbərov isə Nazim Tahirovun bir neçə dəfə qeyri standart, artıq bir dəfə istifadədə olmuş boruların SOCAR-a satılmasının qarşısını alıb.

Sual olunur? Nə üçün illərdir davam edən istintaq zamanı və aylardır davam edən məhkəmə zamanı bu şəxslərin adları çəkilmir. Nazim Tahirov istintaq zamanı Arzuman Əliyevdən 3 milyon manat (devalvasiya nəzərə alınmaqla) tələb edir. Aparılmış ekspertiza zamanı isə ziyan 790 min manat müəyyən edilir. Bundan sonra ilk dəfə Nazim Tahirov Sərraf Məmmədzadəni 22 oktyabr 2015-ci ildə qohumunun əvəzinə ona dəymiş ziyanı ödəməsi tələbi ilə təhdid edir.

Sonda qeyd edim ki, qohumu olsa da Arzuman Əliyevdən onun üstünə şikayətə gələn Nazim Tahirov hüquq-mühafizə orqanlarına müraciət etməsini də ilk dəfə Sərraf Məmmədzadə deyir və istintaq, məhkəmə zamanı Arzuman Əliyevi törətdiyi bir çox cinayətlərdə ifşa edir”.