Putin rejimi münaqişənin həllinə yox, dondurulmasına tərəfdardır
Cəmiyyətin böyük ruh yüksəkliyinə, 80-dən artıq əsgərin şəhid olmasına, hökumətdən müəyyən gözləntilərə baxmayaraq atəşkəs elan edildi. Daha doğrusu hökumət Rusiyanın çağırışına, əmrinə tab oldu. Amma Ermənistan tərəfi bir gün də atəşkəs razılaşmasına əməl etməyib və hər gün Azərbaycanın mövqelərini atəşə tutur.
Bəs, bu atəşkəs razılaşmasından sonra nə baş verdi? Rusiyanın xarici işlər naziri Sergey Lavrov, baş nazir Dmitri Medvedev və baş nazirin müavini Dmitri Roqozin Bakıya səfər etdilər.
Deməli, əvvəlcə döyüşü dayandırmaq əmri verdilər, sonra da Bakıya gəlib Ermənistanın mövqelərini müdafiə etdilər.
Belə ki, Sergey Lovrov uzun illərdi heç bir nəticə verməyən sənədin yenidən müzakirəsini təklif etdi. Söhbət 5 rayonun boşaldılmasından gedir. Guya, əvvəl 5 rayon işğaldan azad ediləcək, sonra 2 rayonun müzakirəsi aparılacaq. Amma bütün bunların hansı şərtlər daxilində olacağı, 2 rayonun müzakirəsinin hansı istiqamətdə gedəcəyi, ümumiyyətlə, vəd olunan rayonların konkret nə vaxt boşaldılacağı haqqında məlumat verilmir. Belə görünür ki, 5 rayonun Azərbaycana qaytarılacağı, 2 rayonun isə Ermənistana veriləcəyi ideyası var.
Əvvəla, hətta belə bir razılaşma da Azərbyacanın maraqlarına ziddir və işğalçıya rəsmi hədiyyə verməkdir. Ikincisi, Ermənistan 2 yüksəklik uğrunda bu qədər itki verməyi gözə alıbsa, hələ də atəşi dayandırmaq istəmirsə və israrla itirdiyi yüksəklikləri geri almaq istəyirsə, heç vaxt asanlıqla torpaqları geri verməz. Bu həm də Rusiyanın maraqlarına uyğun gəlmir. Deməli, Sergey Lovrovun təklifləri müharibəni gündəmdən çıxarmaq, danışıqları sonsuza qədər uzatmaq məqsədi daşıyır.
Rusiyanın baş naziri Dmitri Medvedev isə arzuladıqlarını daha açıq şəkildə ifadə etdi. O bildirdi ki, münqişənin dondurulmuş vəziyyətdə qalması, müharibənin olmasından daha yaxşıdı. Həm də əlavə edib ki, münaqişənin hər hansı formada həll olunması hansısa tərəfi narazı salacaq.
Aydın görünür ki, Rusiya Qarabağ məsələsinin gündəmdən çıxmasına, konservləşmiş vəziyyətdə qalmasına tərəfdardı. Yəni 24 ildən sonra qərar budur ki, işğal müddəti davam etməlidir. Digər tərəfdən, Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanımadığını ortaya qoyur. Medvedevin “münaqişənin həlli hansısa tərəfi narazı salacaq” fikri o deməkdir ki, 20 faiz ərazi heç kimə məxsus deyil və hamını razı salacaq bölgü olmalıdır. Halbuki Azərbyacan işğala məruz qalıb və bunu ən yaxşı başa düşən də Rusiyadır. Çünki, bu torpaqların işğal edilməsi və 24 il işğalda qalması Rusiyanın planıdır. Son günlər Ermənistanın cəbhədə gərginlik yaratması da Rusiyanın sifarişinin nəticəsidir.
Amma bu qədər açıq faktlardan sonra Rusiya “sülh göyərçin” roluna girib, Azərbaycana məsləhət verir. Əvvəlcə, Ermənistanı silahlandırır, sonra hücum əmri verir, ardınca isə insan itkilərindən sarsıldığını bəyan edir.
Qısasçı, Medvedevin münaqişənin dondurulmasına tərəf olması, torpaqların Ermənistanın nəzarətində qalması anlamına gəlir. Təbii ki, Medvedevin yanaşması Rusiya dövlətinin mövqeyidir və Ermənistanı tam razı salır. Deməli, Putinin vəzir-vəkili Bakıya gəldi ki, Ermənistanın mövqelərini möhkəmləndirsin. Yeri gəlmişkən, Rusiya müdaxilə etsə, Ermənistan tərəfi atəşkəsi poza bilməz. Amma görünən budur ki, Putinin əmri yalnız Azərbaycan üçün keçərlidir. Yəni dalaşanları ayırmaq yox, dalaşanlardan birinin əl-qolunu tutaraq, “dalaşmaq pisdir” deyirlər. Beləliklə, Rusiya heyətinin Bakı səfərindən Qarabağ qoxusu gəlmədi.
Samir