O foto bu gün çəkilməyb əslində…

zumrud-yagmur-yeniZümrüd Yağmur

Bu gün Bakı yenə şəhid uğurladı…

Düzdür, əgər bu haqda əvəllcədən geniş xəbər verilsəydi, o dəfndə daha çox adam olardı. Bundan əminəm. Bəlkə milyonlar yenə də ora yığılardı, ordan hələ də yaddaşlardan silinməyən “Azadlıq” meydanına yürüş edib təkçə torpağını almış ermənilərdən deyil, ləyaqətini də öz nəfsi ilə işğal etmiş hakimiyyətdən hesab sorardı.

Bakı şəhidini uğurlamasını bilir. Çünki bu şəhərin 20 Yanvar şəhidlərini bir milyonluq izdihamla uğulamaq kimi yaddaşı, təcrübəsi var…

Qarşıdasa hələ müharibə yəqin ki, var… Azərbaycan hələ çox şəhid uğurlayacaq. Indi yəqin bir çox kasıb evdə analar yüz zillətlə qazandığı çörəklə şəhid böyüdür, xəbərləri yox…

Şəhid Təbriz Musazadənin nəşi yanında durub atası ilə əsgər paltarında vidalaşan o balaca oğlanın şəkillərinin bənzərlərini də hələ çox görəcəyik. Paylaşıb “Sözün bitdiyi yer” yazanlar da olacaq.

Bütün bunlar o vaxta qədər olacaq ki, ölkənin paytaxtı indiki iqtidarın, Qarabağsa ermənilərin işğalında qalacaq.

Bir həqiqəti anlamalıyıq. Qarabağın azadlığı Bakının təmizlənməsindən keçir.

Bunun üçünsə söz sahibi olmaq yetmir. Sözümüzün sahibi olmalıyıq. Biz bir millət olaraq bəlkə də əsrlərdir ki, sözümüzə sahib çıxmırıq, “vətəni qoruyarıq, canımız fəda” deyirik, amma bu sözə canlılıq verməyi zaman-zaman, özü də uzun sürəliyinə unuduruq. İndi də sözümüzü bitirdiyimiz yerdən yenidən başlaya bilməsək, bu məmləkətin torpaqlarında hələ çox şəhidə məzar qazmalı olacağıq.

Biz sözümüzü bitirdik. Bitirdik və bizim əvəzimizə o sözü başqaları, yadlar, içimizdəki və ətrafımızdakı yağılar deməyə başladı. Axı bu bir gerçək ki, sözünü deyə bilməyəndə başqası onu sənin əvəzinə öz mənafeyinə uyğun şəkildə deyir. Dediyi anda da sənin bütün haqlarını əlindən almış olur. Belə olan halda da eynən bizim kimi, başqalarının müharibə, hikkə və ya siyasi oyunlarının, mənafelərinin toqquşma meydanına çevrilir.

Bəlkə bizim sözümüz tükənib? O zaman inanın Təbriz Musazadənin oğlu kimi çox övladlar atasının nəşi önündə sayğı duruşuna erkən duracaq.

Atalar balaca övladların gözü qarşısında torpağa veriləcək.

Bir düşünün, niyə bu gün o sayğı duruşu ilə bizləri ağlatdı o balaca oğlan? Niyə bu gün Azərbaycan toprağı kimlər üçünsə istifadə yerinə çevrilib? Niyə məmləkətin canı dincəlmir, insanı rahat nəfəs almır?

Bilirsinizmi niyə? Çünki babalarımız, atalarımız sözünü deməyib.

Əgər bu gün atasına sayğı duruşunda durmuş o balaca oğlanın babaları məsələn, iki əsr bundan əvvəl o duruşu etsəydi, indi biz bu günkü mənzərəni görməyəcəkdik. O səhnə bizə tarixin səhifələrindən boylanacaqdı.

Əgər babalarımız sözünün oğurlamasına, məmləkətini başqalarının bölməsinə belə asanlıqla izn verməsəydi, dövlətini qurub onu farsa, rusa peşkəş çəkməsəydi, indi Təbriz Musazadə yaşamış olardı…

Bu gün şəhidlərimizin şəhidlik taleyini əslində əsrlərdir babalarmız yazıb.

Çünki babalarımız bizə ölümü, parçalanmış məmləkət, vətəni peşkəş etmək vərdişi, haqqına sahib çıxmamaq kimi pis alışqanlıqları miras qoyub gediblər.

Özümüzü aldatmayaq, babalarımız çox eqoist olub. Ancaq özlərini düşünüb. Bizi, gələcəkdə onlardan törəyib bu ölkədə yaşayanları heç düşünməmiş… Düşünsəydilər, bizə ölkəni bu halı ilə buraxıb getməzdilər.

Onların vətəni daxmalarının kəndarında bitirdi. Bir daxma, bir uzunqulaq miras qoyub gedəndə bu dünyadan rahat köçürdülər. Necə ki, biz villalarımızı qoruyuruq!

Biz də babalardan qalanlardan, bu ənənədən hələ də əl çəkmirik. Dünən susan babalarımız bu günkü şəhidlərin məzarını öz susqunluğu ilə qazdığı kimi, sabahın da şəhid məzarları bu gün bizim laqeyidliyimizlə qazılır.

Çünki hələ də anlaya bilməmişik ki, övladını gerçək anlamda düşünüb, onun gələcəyini təmin etməyin yolu ona güclü və ədalətli bir dövlət miras qoymaqdır.

Uzaq tarix deyil. Təqibən 25-30 il öncə biz əgər Qarabağda oynanan oyunlarda rol alanları dəf edə bilsəydik, Gəncədən üsyan qaldıranlara qardaş deməsəydik, döyüşənin arxasından qaçmasaydıq, kimlərinsə oyunlarına gəlməsəydik və ən nəhayət, verilən yalançı vədlərə inanmasaydıq, ya da kiminsə verdiyi vədi yerinə yetirə bilmədiyindən məyus olmasaydıq, bu gün Təbriz Musazadənin oğlunun o fotosunu görməyəcəkdik.

Və son olaraq…

O foto bu gün çəkilməyb əslində… Düz 1988-ci ilin fotosudur.