Əliyevin pambıq planı

rovshen agayevRövşən Ağayev: «Ixracdan qazanclarımızı hesablamaq yaxşıdı, amma…»

Dövlət başçısı Ilham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışından aydın olub ki, hökumət ölkənin valyuta gəlirlərini artırmaq üçün bu il pambıq əkinlərini 3 dəfəyədək genişləndirib 50 min hektara, istehsalı isə 35 min tondan 100 min tona çatdırmağı hədəfə alıb.

Iqtisadçı ekspert Rövşən Ağayev hökumətin bu hədəfini şərh edib. Bu barədə fikirlərini “facebook” səhifəsində paylaşan ekspert yada salır ki, Azərbaycan kərə yağının 75 faizini xaricdən idxal edir. “Comtrade”in məlumatına görə, 2015-ci ildə kərə yağının idxalına hər kiloqramına 3.2 dollar olmaqla, 65 milyon dollara yaxın valyuta xərcləmişik.

“Azərbaycan bitki yağlarının xammalının (soya, qarğıdalı, günəbaxan və s.) 90 faizə qədərini xaricdən idxal edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan günəbaxan yağı üçün xammal idxalına 25.2 milyon dollar xərcləyib. Əlavə olaraq, ölkəyə 30.8 milyon dollarlıq palma yağı, 13.2 milyon dollarlıq marqarin idxal edilib. Göründüyü kimi kərə və bitki yağlarının idxalı ölkədən ən azı 130 milyon valyuta aparıb.

Ölkə şəkər istehsalı üçün xammalın 95 faizi xaricdən idxal edilir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan şəkər istehsalı üçün şəkər qamışı və çuğundurunun idxalına 125 milyon dollar xərcləyib.ÿ

Bir sözlə, təkcə kərə yağı ilə birlikdə bitki yağları və şəkərin istehsalı üçün xammalın idxalına 250 milyon dollardan artıq xarici valyuta xərclənir. Halbuki, bu məhsullar üzrə idxalı əvəzləyən istehsal yaratmağın əhəmiyyəti barədə pambıq əkməyin vacibliyi qədər danışılmır.

Yaxşı tutaq ki, Azərbaycan 100 min ton pambıq istehsalına elə bu il nail oldu. Bu qədər pambıq nə qədər valyuta gətirəcək?”, – deyə Rövşən Ağayev yazır.

Ekspert qeyd edir ki, maksimum 40 faiz mahlıc çıxımı ilə götürülsə, fermerlərdən alınmış 100 min ton pambığın mahlıca çevrilməklə ixracından hazırkı dünya bazar qiymətləri ilə ölkəyə 60-65 milyon dollar valyuta gələcək: “Ixracdan qazanclarımızı hesablamaq yaxşıdı, amma idxala çəkdiyimiz xərcləri də tərəzinin gözünə qoymaq və aqrar sektorla bağlı strateji planı həmin tərəzinin gözünə baxmaqla qurmaq çox vacibdi…”