Hökumətin tör-töküntüləri yenə də «qəza»ya düşdülər
Son günlər cəbhə bölgəsində baş verənlər daxildəki mənzərəni bir daha aydınlatdı. Məlum oldu ki, demokratik qüvvələr də, sadə vətəndaş da mübarizə əzmindədir, torpağı düşmənə güzəştə getmək istəmir və hər an orduya dəstəkdir. Bəli, təsdiqləndi ki, düşmənə qarşı ən amansız mövqedə olanlar hökumətin dünənə qədər “ermənipərəst” kimi təqdim etdiyi qüvvələrdi. Eyni zamanda sübut olundu ki, mövzu dövlət, vətən, ordu olanda müxalifət həmrəyliyin yaranamsı üçün mübarizə aparır.
AXCP sədri Əli Kərimli cəbhədəki gərginliyin ilk günündə belə yazırdı: “Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm. Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik… Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq”.
Ardınca isə bütün cəbhəçilər, demokratik düşərgə birmənalı şəkildə orduya dəstək verdi, ordumuzun uğurlarını tirajladı, şəhidlərimizi ən yüksək səviyyədə təbliğ etdi. Əslində, zərrə qədər vətənini, xalqını sevən hökumət üçün daxildəki bu dəstək əvəzsiz olmalıydı. Təbii ki, bu hər bir vətəndaşın borcudu. Amma normal hökumət bu mövqeyinə görə müxalifətə təşəkkür etməli, müxalifətin jestini yüksək qiymətlənidrməliydi.
Bəli, söhbət normal, milli hökumətdən gedir. Amma baş verənlər daxildəki fərari xislətli insanları da aşkara çıxartdı, hökumətin mahiyyətini də göstərdi.
Belə ki, müxalifətin əsl vətəndaş mövqeyi göstərməsi, milli ruhun oyanışı, müharibə ab-havasının cəmiyyətə hopması hökuməti narahat etdi. Ona görə də “ənənə”yə sadiq qaldılar və cəmiyyətdə alovlanmış ruhu öldürmək qərarına gəldilər. Təbii ki, bu qərarın verilməsində “böyük qardaş”ları Rusiyanın da xidmətləri oldu. Ona görə də müxtəlif istiqamətlərdən AXCP sədri Əli Kərimliyə qarşı hücumlar başladı. Bəli, əvvəlcə siyasətin xoruzburaxanları önə verildi. Bioqrafiyası “rəngarəng” olan, deputat təyin olunduğu rayona getməyə cəsarəti çatmayan, həmin rayonlara ard-arda gələn şəhidlərin dəfnində iştirak etməyən, siyasətin arxivində tozlanan Fəzail Ağamalı Əli Kərimlini hədəf seçdi. Ardınca, Rusiyanın adamının adamı olan, Avropa Məhkəməsinin saxta yolla deputat seçilməsini sübuta yetirdiyi, Fəzail Ağamalının “əkiz qardaşı” Zahid Oruc peyda oldu və o da Əli Kərimlini tənqid atəşinə tutdu. Təbii ki, bu “üzdəniraq” mərasimdə medallı redaktor da olmalıydı. Bəli, eramızdan əvvəl müxalifət mövqeyindən çıxış edən “Yeni Müsavat” da öz “töhfə”sini verməliydi. Dəyərsizliyin bütün mərhələlərini uğurla keçmiş bu adamlar bu dəfə Əli Kərimlinin həbs olunmasını tələb etdilər, onun müharibə tələbini xəyanət kimi qiymətləndirdilər.
Əvvəla, şeytana gül atan redaktorun nəzərinə çatdırmaq istəyirik ki, müharibə anonsu verən, Xankəndini vuracağını iddia edən Əli Kərimli yox, “Yeni Müsavat”ın təzim etdiyi hökumət idi. Ikincisi, bütün Universitet tələbələri, müxtəlif rayonlardakı sadə vətəndaşlar, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da orduya “irəli” çağırışı etdilər. Belə çıxır ki, bu qədər insan xəyanətkardı, düşməndi? 80-dən artıq şəhid vermiş, 20 faiz torpağı işğal edilmiş ölkənin vətəndaşı hansı çağırışı etməliydi? Üstəlik, düşmən atəşkəsə əməl etmirsə, israrla döyüşü davam etdirirsə, Əli Kərimli “səngəri qoyub qaçın” çağırışı etməliydi?
Axı, “Yeni Müsavat” da ilk günlər müharibəyə meylli görünürdü, sonra nə baş verdi? Təbii ki, ağalarından “namə” gəldi və valı dəyişməyə start verdilər. Indi hökumətin “Yeni Müsavat” qəzeti sübut etməyə çalışır ki, ordunu döyüşə səsləyənlər həbs olunmalıdır, ölkədən qovulmalıdır. Ey medallı redaktor, şəhidlərin ruhuna hörmətsizlik etdiyinizin fərqində deyilsiniz? Həbs olunmalı, ölkədən sürgün edilməli olan kimdir? Bu dövlətin sərvətini talan edənlər, vətəndaşı dilənçi vəziyyətinə salanlar, xalqın bədbəxtliyi üzərində xoşbəxtlik quranlar deyilmi? Bu qədər kiçilməyi necə bacarırsınız? Biz, sizdən fərqli olaraq vətəni, torpağı sifarişlə sevmirik. Çöldən gələnlərə yox, içdən gələnlərə əməl edirik. Əgər düşmənə meydan oxumaq, orduya dəstək ifadə etmək, cəmiyyətdə milli ruhu oyatmaq xəyanətdirsə, biz xəyanətkar olmaqla fəxr edirik. “Yeni Müsavat” üçün ordumuzun hansısa yüksəkliyi ələ keçirməsi yox, hökumətdən daha yüksək mükafat almaq önəmlidir.
Nəhayət, iki gün öncə bir qrup “xüsusi təyinatlı” dəstə Əli Kərimlinin evinin qarşısında aksiya keçirdi. Aksiyanın icraçıları isə Rusiya qoşunlarını Azərbaycana yerləşdirmək təklifi verən Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı və pulu hakimiyyətə yarınmaqdan çıxan Emin Həsənli idi. Bunların hər birinə bu günlərdə QHT Şurası 12 min manat qrant verib. Bəli, bu adamlara yaxşı əyilə bildiklərinə görə ənam veriblər.
Yeri gəlmişkən, bugünlərdə mətbuat yazmışdı ki, Niyaməddin Orduxanlının qardaşı göyərçin oğurluğuna görə həbs olunub. Bu dəfə də özü “quş” buraxdı. Təbii ki, yuxarıda sadaladığımız faktlar və Əli Kərimlinin evinin qarşısındakı aksiya cəmiyyətdə ikrahla qarşılandı və birmənalı şəkildə Əli Kərimlinin lehinə işlədi. Hətta dünənə qədər Əli Kərimlini tənqid edənlər də bu aşırı həyasızlığa etiraz etdilər. Yəni hökumətin tör-töküntüləri yenə də “qəza”ya düşdülər.
Bir sözlə, hökumət bir daha göstərdi ki, cəmiyyətdə milli ruhun oyanmasına qarşıdır, torpaqları işğaldan azad etmək üçün yaranmış fürsəti imkana çevirmək niyyətində deyil və “lazım” heç vaxt cəbhəyə gəlməyəcək. Eyni zamanda etiraf etdilər ki, həqiqi vətənpərvərləri, müharibəyə hazır olanları, bayrağa sarılanları özləri üçün təhlükə hesab edirlər. Indiki məqamda Əli Kərimlini haqlı mövqeyinə görə hədəf seçmək, Rusiyanın və Ermənistanın maraqlarına xidmət etməkdir.
İlham