Qarabağın erməni işğalından təmizlənməsi uğrunda aparılan hərbi əməliyyatlarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Milli Ordunun ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən olub.
Sabah onunla rəsmi vidalaşma mərasimi keçiriləcək. Şəhid polkovnik-leytenant Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.
Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə Azərbaycan tərəfə təhvil verilən zabitlər arasında pilotlarımız mayor Vəlizadə Urfan və mayor Mustafazadə Təbriz də var. “Azadlıq”a daxil olan məlumata görə, şəhid pilotlarımız da Şəhidlər Xiyabanında dəfn olunacaq. Şəhidlərimizin aprelin 11-də günün birinci yarısı dəfn olunacağı gözlənilir.