Mehman Səlimov: «Müstəntiqin yazdıqlarını burada təkrarlayacaqdınızsa, daha məhkəmə nəyə lazım idi?»
1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş, il yarımdır ki, həbsdə olan Mehman Səlimovun aylardır davam edən məhkəməsi yekunlaşmaq üzrədir. Bu iş üzrə dünən məhkəmə istintaqının tamamlandığı elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində dünənki məhkəmə iclasında ardınca prokuror çıxış edib və o, keçmiş nazir müavininin 10 il azadlıqdan məhrum edilməsini təklif edib.
Bundan əvvəl Mehman Səlimovun vəkili işə baxan hakimlərə etiraz verib. Vəkil öz etirazını məhkəmənin qeyri-obyektiv aparılması, müdafiə tərəfinin sübutlarla bağlı vəsatətlərinin, istisnasız, baxılmamış saxlanması, hər dəfə məhkəmə iclasından əvvəl müşavirə otağında hakimlərin prokurorla məsləhətləşməsi ilə əsaslandırıb. Vəkil qeyd edib ki, bu cür yanaşmanın nəticəsi olaraq, Mehman Səlimovun Avropa Konvensiyasının 6-cı maddəsilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ pozulur.
Məhkəmə etirazın baxılmamış saxlanmasına qərar verib.
Daha sonra prokuror çıxış edib və Mehman Səlimova qarşı ittihamların məhkəmədə də sübuta yetirildiyini bildirərək, ona 10 il həbs cəzası kəsilməsini təklif edib.
Mehman Səlimov prokurorun ona ağır cəza istəməsinə belə reaksiya verib: “Müstəntiqin yazdıqlarını burada təkrarlayacaqdınızsa, daha məhkəmə nəyə lazım idi?”
Məhkəmə prosesi aprelin 15-də davam edəcək. Növbəti iclasda Mehman Səlimovun vəkili müdafiə nitqilə çıxış edəcək, ardınca keçmiş nazir müavini son sözünü deyəcək.
Mehman Səlimov Müdafiə Nazirliyinin sifarişi ilə hərbi şəhərcik tikərkən öhdəlikləri yerinə yetirməməkdə ittiham olunur. Ona qarşı CM-in 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Mehman Səlimovun özü ittihamı qəbul etmir. Bildirir ki, həbsindən əvvəl keçmiş MTN-ə çağırılıb və ondan sabiq müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə vermək tələb olunsa da, buna razılaşmayıb.
Aytən