Medvedev Bakıya hansı mesajlarla gəldi?

medvedev-aliyevRusiya baş naziri bağlı qapılar arxasında Ilham Əliyevlə nədən danışdı?

Xarici işlər naziri Sergey Lavrovun ardından Rusiyanın  baş naziri Dmitri Medvedev də Azərbaycana rəsmi səfərə gəlib. Dünən başlayan səfərdə D. Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edib.  Medvedevi Bakıda Azərbaycan baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşılayıb.

Sonra rusiyalı baş nazirlə Azərbaycan prezidenti Ilham Əliyev arasında təkbətək görüş başlayıb.

Prezident Ilham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri son günlər növbəti dəfə təxribata əl atıblar: “Azərbaycan cavab addımı atıb. Rusiyaya ekskalasiyanın dayandırılması yönündə səylərinə görə təşəkkür edirəm”.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilə bilər.

Medvedev: “Münaqişənin gərginləşməsi adi hal deyil”

Medvedev isə bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır:  “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək”. Sonra görüş qapalı şəraitdə davam etdirilib.

Görüş sonrası açıqlamalar

Görüşdən sonra keçirilən mətbuat konfransında I.Əliyev bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür: “Dmitri Medvedevin Azərbaycana səfəri münasibətlərə verilən önəmi göstərir”.

Prezident qeyd edib ki, uzun müddətdir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqın var: “Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təəssüf ki, bu qətnamələr yerinə yetirilmir. Rusiya BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi mühüm ölkədir. Rusiya prezidenti Vladimir Putin eskalasiyanın qarşısının alınması üçün mənə və Ermənistan prezidentinə zəng etdi”.

Dövlət başçısı deyib ki, Azərbaycan atəşkəsə əməl edir, Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır: “Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. Inanırıq ki, “status-kvo” dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək”.

“Sülh və danışıqlar yolunun alternativi yoxdur”

Medvedev isə bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır: “Münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır. Iqtisadi durum sadə olmayan bir dövrdən keçir. Iqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerci və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu. Ancaq son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu doğru addımdır”.

Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir:  “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. Inanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.

Baş nazirlər bir araya gəldi

Medvedev daha sonra Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr müzakirə olunub.

Artur Rasizadə Dmitri Medvedevin bu səfəri çərçivəsində siyasi, iqtisadi məsələlərlə bağlı aparılan danışıqların iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini bildirib. Humanitar sahədə əlaqələrə toxunan Artur Rasizadə Azərbaycanda 321 məktəbdə tədrisin rus dilində aparıldığını, ölkəmizdə Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Azərbaycanda neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da sürətli templərlə inkişaf etdirildiyini deyən Baş nazir Artur Rasizadə kənd təsərrüfatı, turizm və digər sahələrdə Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan birgə yeni layihələr həyata keçirməyi təklif edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir Artur Rasizadə vurğulayıb ki, münaqişə sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. A.Rasizadə münaqişənin həllinə dair göstərilən fəal vasitəçiliyə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirib.

“Həm Rusiya, həm Azərbaycan dəyişib”

“Həyatda həmişə sabit amillərlə yeniliklər bir-biri ilə birləşir. Həm Rusiya, həm Azərbaycan dəyişib, amma münasibətlərimizin amili sabit olaraq qalıb”, – deyən Dmitri Medvedev sabit olan münasibətlər amili kimi iki ölkə arasındakı dostluğu misal çəkib. Bu amilin qorunub saxlanmasının vacibliyini qeyd edib. Hər iki ölkənin iqtisadiyyatlarının oxşarlığından danışan rusiyalı baş nazir neft-qaz amilindən asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətinə toxunub. Medvedev də birgə layihələr üzərində işləməyin önəmini qeyd edib.

“Münaqişənin həllindən bütün region faydalanacaq”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Medvedev diqqətə çatdırıb ki, münaqişənin həllindən bütün region faydalanacaq və Rusiya da özünü bu regionun bir hissəsi hesab edir.

Səfər zamanı Rusiya baş naziri Şəhidlər Xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

“Azərbaycana silah tədarükünü davam etdirəcəyik”

”Rusiya Azəbaycana öz strateji tərəfdaşı olaraq, müqavilələrə uyğun olaraq, silah tədarükünü davam etdirəcək”.

Bunu isə Medvedevi Bakı səfərində müşayiət edən Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.

Rusiya baş nazirinin Azərbaycana səfəri dünən axşam saatlarında başa çatıb. Beynəlxalq hava limanında Medvedevi Artur Rasizadə və digər rəsmi şəxslər yola salıb.