İsrail Azərbaycanı niyə cavabsız qoydu?

elxan-shahinogluElxan Şahinoğlu: «Israil və başqa dövlətlərin mövqe bildirməsi üçün diplomatik təmaslar gücləndirilməlidir»

Cəbhə xəttində gərginliyin ilk günlərindən Azərbaycanın müttəfiqləri baş verənlərə dərhal reaksiya verdilər. Bu sırada Türkiyə ilə yanaşı Pakistan, Qazaxıstan və Belarus xüsusilə seçildi. Eyni zamanda tanınmış nüfuzlu beynəlxalq təşkilatlar da münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinin vacib olduğunu vurğuladılar. Amma baş verənlərdə diqqət çəkən bir məqam bu idi ki, Azərbaycan heç bir dövlətdən ona dəstək verməsini istəmədi. Bircə istisna ilə.

“Israil Dağlıq Qarabağ münaqişəsindən tamamilə kənar durmağa çalışır. Baxmayaraq ki, Azərbaycan Israilin bu məsələyə mövqe bildirməsini istəyir”. Bunu “The Cerusalem Post” qəzetinə müsahibəsində Azərbaycan prezidentinin müşaviri Əli Həsənov deyib. “Böyük hörmət bəslədiyimiz Israilin burada baş verənlərə mövqe bildirməsini gözləyirik. Çünki Israil Ermənistandan atəşi dayandırmasını və danışıqları başlamasını xahiş edə bilər”, deyə Ə.Həsənov vurğulayıb.

Amma Israildən hələ də baş verənlərlə bağlı reaksiya gəlməyib. Məsələyə yalnız keçmiş xarici işlər naziri Liberman münasibət bildirib. Amma o nəzərə alınmalıdır ki, Liberman hazırda hökumətdə təmsil olunmur və sadəcə partiya sədridir.

Bəs, Israil nəyə görə Azərbaycanın çağrışını cavabsız qoyub? Rəsmi Bakının yaxın müttəfiqinin belə bir addım atması necə dəyərləndirilməlidir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hərbi əməliyyatların yenidən bərpası zamanı Azərbaycanın strateji müttəfiqləri öz mövqelərini bildirdilər. E.Şahinoğlunun sözlərinə görə, hətta Belarus Ermənistanın narazılığına rəğmən, açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi: “Düşünürəm ki, bizim tam haqqımız çatır ki, Israilin xarici işlər nazirindən bir açıqlama tələb edək. Liberman belə bir açıqlama ilə çıxış edib. Amma Liberman artıq hökumətdə təmsil olunmur. Düşünürəm ki, əgər Liberman xarici işlər naziri olsaydı o bu açıqlamanı həmin postdan da verərdi. Amma bu aralarda Israilin parlamentin sədrinin müavini Ermənistanda oldu və bir sıra qeyri-müəyyən açıqlamalar verdi. Düşünürəm ki, bu açıqlamalara da aydınlıq gətirilməlidir. Hələ gec deyil. Azərbaycan təkcə Israil ilə yox, digər dövlətlərlə də əlaqə yaradaraq baş verənlərə mövqe bildirməsini istəməlidir. Hazırkı dönəmdə belə bir açıqlamanın verilməsi o deməkdir ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var”.

E.Şahinoğlu onu da vurğuladı ki, Qərb diplomatları açıq şəkildə bəyan edirlər ki, Azərbaycanın işğal altında olan əraziləri azad etmək hüququ var. Bu tendensiyanın yaxşı hal olduğunu deyən E.Şahinoğlu qeyd etdi ki, artıq Azərbaycan 90-cı illərdəki kimi informasiya blokadasında deyil: “Düşünürəm ki, Israilin mövqe bildirməsi üçün diplomatik təmaslar olmalıdır. Tel-Avivin hələ də niyə susqun qalması araşdırılmalıdır. Bu maraqlı məqamdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi hazırkı məqamda çox vacibdir”.

Xəyal