aliyev-kerimli2

Hakimiyyətin təxribatına Əli Kərimlidən sərt cavab: “Mən bunların lideri kimi…”

aliyev-kerimli2Hakimiyyət AXCP sədri Əli Kərimlinin evinin qarşısında “etiraz aksiyaları” təşkil etdirməyə başlayıb. Aksiyanı “bir qrup gənc” adı altında YAP-çı dəstələr keçirir. Aprelin 9-da saat 12 və 14 radələrində olmaqla 2 aksiya təşkil olunub. Belə görünür ki, hakimiyyət bu şou-aksiyalarını bütün gün ərzində, bəlkə də günlərlə təşkil etmək niyyətindədir.

YAP-çı dəstələr AXCP sədri əleyhinə müxtəlif yazı şüarlar və səsgücləndiricilərlə təchiz edilib.

Dəstələr, Əli Kərimlinin evinə yaxın olan Milli Bankın qarşısında toplanıb və yürüşlə evin qarşısına göndərilib. Adətən belə yürüşlərin qarşısını “qanunsuzdur” deyib kəsən polislər də təbii ki, gözə dəymir və buna mane olmayıb.

Etirazlar guya Əli Kərimlinin Qarabağdakı son döyüşlər zamanı feysbuk səhifəsində paylaşdığı yazılarla bağlıdır. Hərçənd, AXCP sədri həmin yazılarında birmənalı şəkildə Azərbaycan ordusuna dəstək ifadə edib, yaranmış fürsətdən bəhrələnərək Qarabağda daha çox ərazini işğaldan azad etməyə çağırıb, atəşkəs razılaşmasından sonra isə hakimiyyəti qınayıb ki, döyüşləri niyə Moskvanın vasitəçiliyi ilə dayandırıb, yaranmış fürsətdən tam bəhrələnmədi. Əli Kərimlinin evinin qarşısına göndərilən dəstələr isə orda əsasən “Qarabağ bizimdir, bizim olacaq!” qışqırıblar. Bu da həmin muzdlu etirazçıların ümumiyyətlə nə baş verdiyindən xəbərsiz olduğunu göstərir.

Əli Kərimlidən cavab

AXCP sədri evinin qarşısında təşkil edilən bu şou-aksiyalara feysbuk səhifəsində tutarlı cavab verib. Əli Kərimli yazır:

Mən bunların lideri kimi cavanlıqda əsgəri xidmətdən yayınmamışam. Xüsusi təyinatlı hərbi hissədə xidmət etmişəm. Qarabağ savaşı zamanı mən bunların lideri kimi dəri kurtka alverilə məşğul olmamışam. AXC BDU şöbəsinin sədri olaraq, hüquq fakultəsində təhsilimi yarımçıq qoyub, valideynlərimə belə demədən, 90 nəfər tələbə yoldaşımla birlikdə Laçın və Qubadlının sərhəd kəndlərinin müdafiəsinə yollanmışam. Bu gün manqurtların mənasını anlamadan əllərində gəzdirdikləri üçrəngli bayrağı ilk qaldıranlardan olmuşam.

2 apreldə ermənilərin atəşkəsi pozmasını eşidən kimi statusumda belə yazdım: “Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm”. Həmin gün 2-ci statusumda yazırdım: “Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik… Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq…”. Və beləcə bütün yazılarımda ordumuza, əsgər və zabitlərimizə dəstək ifadə etmişəm. Yazılarımın hamısını bu səhifədən oxumaq olar. Hökuməti isə yalnız yenidən rusların vasitəçiliyi ilə ermənilərlə atəşkəs sazişı imzaladıqdan sonra tənqid etmişəm. Onda da ona görə ki, hökumət niyə torpaqları azad etmək üçün yaranmış bu fürsətdən yararlanıb, daha çox torpağımızı işğaldan azad etmədi. Əvvəlcədən xəbər tutanda şəhidlərin dəfnində iştirak etmişəm.

Vətənin sınağa çəkildiyi bu ağır günlərdə bu mənim davranışım. İndi baxaq görək, Vətəni, milləti deyil, vəzifələrini müqəddəs bilənlər nə etdilər?

Bunlar da qəhrəman ordumuzun zəfər yürüşünü dayandırıb, bir saatdan bir mənim evimin qarşısında düşük aksiyalar keçirirlər. Evimizin qarşısında rejimin göndərdiyi manqurt dəstəsi qışqırır ki, “Qarabağ bizimdir, bizim olacaq!”. Adamdan soruşarlar ki, ordumuza “dur!” əmrini mənmi vermişəm, yoxsa sizin lideriniz İlham Əliyev? Ölkəmizi düşmən erməninin dostu, himayədarı Rusiya asılılığına aparan mənəm, yoxsa İlham Əliyev? Bu xalqdan oğurlanıb, Panamada ofşor hesablarda gizlədilən milyardlar da bəlkə, İlham Əliyevin yox, mənimdir? Şəhid ailələrinin qanpulusunu da Avropa Oyunları, Formula-1 kimi avantüralara bəlkə mən xərcləmişəm?

Axmaqlar, özünüzə iş tapın, normal insanlarda ikrah hissi doğuran bu şoularınızla heç nəyə nail ola bilməzsiniz. Amma etdikləriniz millətin adına xələl gətirir. Azacıq Vətən, millət qanan olsaydınız, əlbəttə ki, belə düşüklük etməzdiniz!

***

Hakimiyyətin AXCP liderinə qarşı təxribatına cavab olaraq bir qrup cəbhəçi gənc onun evi önündə toplaşıb, dəstəklərini ifadə ediblər.