Qulu Məhərrəmli: «Dövlət AzTV-yə 50 milyona yaxın vəsait ayırıb, amma görün, o televiziyanın reytinqi nə yerdədir»
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov uzun illər bu telekanalda çalışmış məşhur telejurnalist Qulu Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə iddia qaldırsa da, nədənsə, özü məhkəməyə gəlmir. Yalnız vəkili Zaur Abbasovu göndərir. Baxmayaraq ki, hakim ötən məhkəmə iclasında onun özünün iştirakının zəruriliyi barədə qərar çıxarmışdı.
Yasamal Rayon Məhkəməsində keçirilən dünənki Qulu Məhərrəmlinin vəkili Cavid Rzazadə bildirib ki, məhkəmə öz qərarının icrasını – Alışanovun məhkəmədə iştirakını təmin etməlidir: “Arif Alışanov bir daha məhkəməyə çağırılmalıdır. Əgər növbəti dəfə də gəlməsə, iddiaçının təkrar gəlməməsi səbəbilə iddianın məhkəmə baxışına qəbulundan imtina olunmalıdır. Qanunvericilik də belə deyir”.
Vəkil qeyd edib ki, Qulu Məhərrəmlinin müsahibəsində təhqir elementlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün mütəxəssis rəyi almaq məqsədilə Milli Elmlər Akademiyasının Dilçilik Institutunun direktoruna sorğu göndərilib. Vəkil həmin sorğunun surətini də məhkəməyə təqdim edib.
Arif Alışanovun vəkili Zaur Abbasov Qulu Məhərrəmlinin Dilçilik Institutunun şöbə müdiri olduğunu əsas gətirərək, bu qurumun obyektiv rəy verməsinin şübhəli olduğunu deyib: “Sözsüz ki, direktor öz öz şöbə müdirinin xeyrinə rəy verəcək”.
Alışanovun özünün iştirakına gəlincə, Zaur Abbasov bildirib ki, qanunvericilik xüsusi ittihamçının nümayəndə ilə təmsil olunmasına imkan verir.
Qulu Məhərrəmli özü də Alışanovun məhkəmədə iştirakını tələb edib: “Mən 40 ildir curnalistika sahəsində çalışıram. Bura ona görə gəlirəm ki, məhkəməyə və qanunlara hörmət edirəm.
Mən müsahibədə sadəcə, televiziyanın tarixini, indiki fəaliyyətini təhlil eləmişəm, müsbət hadisələri və nöqsanları sadalamışam. Bildirmişəm ki, nöqsanların səbəblərindən biri bu televiziyaya rəhbərlik edən şəxsin peşəkar olmamasıdır. O, yaradıcı insan deyil. Dövlət AzTV-yə 50 milyona yaxın vəsait ayırıb, amma görün, o televiziyanın reytinqi nə yerdədir. Bu insan gəlib deməlidir ki, onu mənim hansı sözlərim ağrıdıb, necə təhqir eləmişəm. O, bunları izah eləmək gücüncə və səviyyəsindədirsə, buyurub gəlsin. Məndən şikayət edən şəxs özü gəlməlidir. Çünki şərəf və ləyaqət ailə kimi bir şeydir, onun müdafiəsini başqasına həvalə etmək olmaz.
Dövlətin resurslarından – televiziyanın avadanlıqlarından, işçilərindən istifadə edib, mənim əleyhimə üç saatlıq video çəkiblər. O videoda 700 yerdə montaj var. Bu isə o deməkdir ki, Alışanov ən azı üç gün işçilərini buna səfərbər edib.
Bir müsahibənin gəlib məhkəmə çəkişməsi səviyyəsinə çıxması məyusluq yaradır”.
Qulu Məhərrəmli və müdafiəçisinin etirazına baxmayaraq, hakim Azər Tağıyev iddianın icraata qəbul edilməsi barədə qərar çıxarıb. Məhkəmə aprelin 15-nə təyin olunub.
Arif Alışanov Qulu Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı fevralda “moderator.az” saytında və “Azadlıq” qəzetində dərc olunmuş müsahibəsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Aytən