Türkiyədən qorxulu xəbər: PKK Qarabağa 400 silahlı göndərib; Müdafiə Nazirliyi araşdırır YENİLƏNİB

pkk

Əfşar Süleymani isə iddia edir ki, Rusiya Türkiyəyə qarşı istifadə etmək üçün Suriya ermənilərini də Qarabağa yerləşdirir

Sülhəddin Əkbər: «Bu, Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etməsinə cavab kimi dəyərləndirilə bilə

Cəbhədə atəşkəsin pozulması ilə bir sıra təhlükələr də aktuallaşmağa başladı. Əksər yerli və xarici ekspertlər birmənalı şəkildə vurğuladılar ki, baş verənlərin arxasında Rusiya dayanır. Yəni Rusiya Ermənistanı sərhəddə təxribata sövq edib. Amma Azərbaycan ordusunun sərt və qətiyyətli cavabı Rusiyanın yenidən atəşkəsi bərpa etməyə məcbur etdi.

Rusiya Türkiyəyə qarşı istifadə etmək üçün PKK terrorçularını və Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirir”. Bu iddiaları yerli mətbu orqanlardan birində yazdığı məqalədə Iranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib. Diplomat məqaləsində Türkiyə-Rusiya münasibətləri ilə yanaşı Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyi də şərh edib. Keçmiş səfir birmənalı şəkildə vurğulayıb ki, cəbhədəki gərginliyin artırılmasının arxasında Rusiya dayanır.

Bundan başqa, Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb ki, terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.

Ermənistanda silahlılara terrorçu PKK-ya aid “Ağrı Qartalları” adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb.

Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.

Məlumata görə, bu planı KCK (“Kürd İcmaları Birliyi”) adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib.

Eyni zamanda HDP sədri Dəmirtaşın baş verən gərginlikdə Ermənistana dəstək verməsi münaqişənin təhlükəli məcraya qədəm qoya biləcəyini deməyə əsas verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı modern.az-a açıqlama verərək hazırda bu informasiyanın mənbəyinin araşdırıldığını söyləyib: “Hazırda tərəfimizdən bu informasiyaların mənbəyi ilə bağlı araşdırmalar aparılır. Məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeyimizi açıqlayacağıq”.

Təhlükəsizlik məsələləri üzrə ekspert, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, baş verənlər sübut edir ki, regionumuzdakı geosiyasi qarşıdurma həlledici mərhələyə qədəm qoyur. Hazırkı proseslərin Azərbaycanın geosiyasi taleyinin həllinə təsir edə biləcəyini deyən S.Əkbər vurğuladı ki, həm bizim, həm də qonşu regionlarda hərbi-siyasi vəziyyətin kəskinləşməsi bununla bağlıdır: “Biz dünyada və qonşu regionlarda gedən prosesləri diqqətlə izləməliyik. Bu bizə öz bölgəmizdəki prosesləri düzgün qiymətləndirməyə imkan verəcək. Türkiyə-Rusiya qarşıdurmasında kürd terrorist təşkilatlarının mövqeyi maraq doğurur. Qarabağa PKK-çıların gəldiyi ilə bağlı məlumat da bunun tərkib hissəsidir. Əslində bu, konfliktdə Türkiyənin Azərbaycanın yanında olduğunu bəyan etməsinə cavab kimi dəyərləndirilə bilər”.

S.Əkbərin fikrincə, Rusiya çox gözəl anlayır ki, Cənubi Qafqaz regionunun taleyi həll olunur və Azərbaycanın da bölgədə mühüm əhəmiyyəti var. Çünki bölgədə Rusiyadan yan keçən bütün enerji layihələrini məhz Azərbaycan həyata keçirib. Ona görə bu konfliktin yenidən qızışması ilə Rusiya Azərbaycana təsir edər ki, onu öz çevrəsində saxlaya bilsin. “Azərbaycan öz maraqlarına uyğun addımlar ata bilməsin. Bu ümumi səbəbdir. Konkret səbəb isə budur ki, Rusiya konfilktin həllində ümumi təşəbbüsü əlində saxlamağa çalışır. Regionun inkişafını istəyən ABŞ, NATO və Türkiyə isə konfliktin həllində maraqlıdır. Çünki bu, Azərbaycanın müstəqilliyini və suverenliyini möhkəmləndirəcək. Təkcə Azərbaycanın yox, Ermənistanın da Rusiyadan aslılığını aradan qaldıracaq”, deyə S.Əkbər vurğuladı.

Xəyal