Düşmən atəşi kəsməyə yox, atəş açmağa hazırlaşır

ilham-huseynAzərbaycan ordusu döyüşə köklənməlidir

İlham Hüseyn

Son günlər baş verənlər bir daha sübut edir ki, düşmən qətiyyən atəşkəsə əməl etmək fikrində deyil. Son razılaşmadan sonra da aramsız atəşlər davam edir və Ermənistan heç bir çağırışı ciddiyə almır.  Amma məsələ bununla da yekunlaşmır. Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.

Yeri gəlmişkən, Iranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bugünlərdə bir məqalə yazıb. Diplomat məqaləsində Türkiyə-Rusiya münasibətləri ilə yanaşı Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyi də şərh edib.  Əfşar Süleymani bildirib ki, Rusiya Türkiyəyə qarşı istifadə etmək üçün PKK terrorçularını və Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirir.

Göründüyü kimi, ortada ciddi faktlar və ittihamlar var. 400 PKK-çının Ermənistana dəstək verməsi faktına da, Rusiyanın bu məsələdəki dirijorluğuna da adekvat reaksiya vermək lazımdır.

Təbii ki, 400 PKK-çı atəşkəsə dəstək vermək üçün deyil, döyüşlərdə iştirak etmək üçün gəlib. Deməli, düşmən son günlər cəbhə bölgəsində baş verənlərdən sonra möhkəmlənməyə başlayıb. Deməli, bir qarış torpağı da döyüşsüz təhvil verməyəcək. Azərbaycan tərəfinin “atəşkəsə sadiqik” mesajı düşmənə yeni imkanlar yaradır. Ancaq düşmənin möhkəmlənməsinə, daha effektli hücum təşkil etməsinə imkan verilməməlidir. Məkrli planlar yerindəcə boğulmalıdır. Bir halda ki, beynəlxalq aləmin çağırışına Ermənistan məhəl qoymur, o zaman Azərbaycan tərəfi daha inamlı addımlar atmalı və bunun məsuliyyətini Ermənistanın üzərinə atmağı bacarmalıdır.

24 ildən sonra xalqı yenidən aldatmaq, “danışıqlar davam edir” mesajı vermək absurddur. Fakt budur ki, düşmən itirdiyi 2.3 yüksəkliyi də güzəştə getmək fikrində deyil. Əgər düşmən döyüş bölgəsinə 400 PKK-çı cəlb edibsə, Müdafiə Nazirliyi 1400 peşəkar, Qarabağ döyüşlərinin od-alovundan çıxmış adamları orduya cəlb etməlidir.

Eyni zamanda PKK-nın Rusiya vasitəsilə bölgəyə gəldiyi sübuta yetirilməli və sərt reaksiya verilməlidir. Müstəqil dövlət özünün şərəfini, qürurunu qorumalıdır. Qarşıda duranın kimliyindən asılı olmayaraq, hər kəs haqq etdiyi münasibəti görməlidir.

Bəli, başqa vaxt əsassız olaraq ABŞ-ı, Avropanı topa tutanlar, indi əsaslı olaraq Rusiyanı tərpətməlidilər.  Faktiki olaraq Rusiya bu məsələdə tərəf tutur. Rusiya mətbuatı birmənalı şəkildə Ermənistanı dəstəkləyir, Azərbaycanı ittiham edir. Eyni zamanda dövlət səviyyəsində Ermənistana iqtisadi, siyasi, hərbi dəstək verilir. Son olaraq isə PKK məsələsində Rusiya ittiham edilir.

Beləliklə, Azərbyacan ən yüksək səviyyədə müharibəyə hazır olmalı, heç bir təhdidə boyun əyməməli və bütün dünyaya xalqın mübarizə əzmi göstərilməlidir. Ən əsası isə Ermənistanın heç bir atəş zərbəsi cavabsız qalmamalıdır.

Dünya uzun illərdi Azərbaycan hökumətindən şəffaf seçki, söz azadlığına hörmət, demokratik islahatlar tələb edir.  Hökumət isə israrla bu tələblərə əməl etmir. Amma atəşkəs çağırışı gələnə kimi hökumətimiz sözəbaxan olur. Yəni hökumət demokratiyadan qaçmaq üçün göstərdiyi qətiyyəti düşmənə qarşı göstərsə, müsbət nəticələr əldə edərik.