Azərsunun “sayğac əməliyyatı”

azersu-yeniSu təchizatı üzrə dövlət inhisarçısı “Azərsu” ASC Bakı əhalisi üçün smart tipli 50 min suölçən cihazın alınması və quraşdırılması üçün tender elan edib.

Bakı əhalisinin 30 faizində suölçən cihazlar yoxdur ki, bunu da “Azərsu” təchiz etməlidir.

Turan-ın hesablamalarına görə, bir sayğacın quraşdırılması 240 manata başa gəlir. “Azərsu” ASC-də bunun baha olmasının səbəblərini açıqlamırlar: smart tipli xarici suölçən cihaz istehsalçıları  öz məhsullarını 25 dollardan (38 manat) təklif edirlər.

2014-cü ildə Azərbaycan Türkiyədən hər birinin qiyməti 102,3 dollara 129 500 ədəd suölçən cihaz alıb. 2015-ci ildə Azərbaycan istehsalçıları tərəfindən xaricə, əsasən Gürcüstana 18,4 dollara 23,7 min suölçən cihaz ixrac edilib.

“Azərsu” ASC-nin əhali qrupuna daxil olan 1,3 mln. abonenti var. Bunun 516,2 mini sayğacla təmin edilməyib. 2016-cı ildə prezident Ilham Əliyev Bakı şəhər əhalisinin su sayğacları ilə təmin edilməsinə dövlət büdcəsindən 12 mln. manat ayırıb.