Qarabağ gərginliyinin də müzakirə olunduğu üçtərəfli görüşdə nələrə qərar verildi?
Dünən Bakıda Azərbaycan, Iran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrovÿiştirak edib. Nazirlərin görüşü əvvəlcədən planlaşdırılmışdı. Görüşdə Azərbaycan, Iran və Rusiya arasında üçtərəfli əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər mövzular müzakirə olunmalıydı. Lakin Qarabağda başlayan döyüşlər Bakı görüşündə bu münaqişənin də mərkəzi mövzuya çevrilməsinə səbəb olub.
Görüş öncəsi insident
Görüşdən əvvəl toplantı zalında kiçik insident yaşanıb. Nazirlər danışıqlar masasının arxasına keçəndə 70-yə yaxın curnalist onları əhatəyə alaraq suallar yağdırmağa başlayıb. Bu zaman mühafizəçilərlə jurnalistlər, həmçinin media nümayəndələrinin öz arasında çəkişmə yaşanıb. Mühafizəçilər jurnalistləri zaldan çıxarıblar. Nazirlər isə fotoreportyorların onları lentə aldıqları dəqiqələrdə bir-birləri ilə zarafatlaşıblar.
“Mən artıq bu üçtərəfli görüşlərə alışmağa başlayıram?ÿ” Iran XIN rəhbəri Məhəmməd Cavad Zərif nazirlərin üçtərəfli formatda işgüzar səhər yeməyində eyhamla bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə onu çəkən jurnalistlərə işarə ilə deyib: “Nə vaxt əlimi burnuma aparsam, onda çəkirlər”(virtualaz).
Məmmədyarovdan Qarabağ açıqlaması
Nazir Elmar Məmmədyarov bu formatda keçirilən görüşlərin ölkələrimiz arasında ikitərəfli və üçtərəfli əsasda münasibətlərin daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. O, xüsusilə “Şimal-Cənub” layihəsinin inkişafı, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin genişlənməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Məmmədyarov eyni zamanda, həmkarlarını son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı məlumatlandırıb. Qeyd edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə qoşunların təmas xəttində təxribatlar törətməklə, dinc əhalini hədəfə almaqla vəziyyətin gərginləşməsinə, münaqişənin siyasi yolla həllinin çətinləşdirilməsinə çalışır: “Ermənistan bu günədək irəli sürülən bütün təkliflərin icrasına mane olmağa çalışıb”.
“Status-kvonu uzun müddət saxlamaq olmaz”
Nazir bir daha vurğulayıb ki, danışıqlar konstruktiv məcrada davam etdirilməlidir. Ermənistan tərəfi də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır: “Münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür”. Məmmədyarov onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət ərzində saxlamaq olmaz.
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə toxunan Sergey Lavrov deyib ki, cəbhədə qarşılıqlı etimadın təmin edilməsi çox vacibdir: “Ancaq bu, o demək deyil ki, biz münaqişənin siyasi həlli yollarını axtarmamalıyıq. Rusiya əlindən gələni edəcək ki, məsələ ilə bağlı son illər apardığı işi davam etdirsin. Dağlıq Qarabağ münaqişəsinin həlinin tapılması məsələsində rahatlaşmamalıyıq və Rusiya nizamlanma üzrə təşəbbüslərini irəlilətmək üçün hər şey edəcək. Biz bugünkü danışıqlardan razıyıq”. O qeyd edib ki, Rusiya sülh barədə razılaşmanın əldə edilməsini məmnunluqla qarşılayıb.
Lavrov: “Dostlarımıza kömək etməyə çalışdıq”
Lavrovun sözlərinə görə, Moskva və tərəflər arasında təmaslar bütün səviyyələrdə həyata keçirilib: “Biz dostlarımıza kömək etməyə çalışdıq və ümid edirik ki, atəşkəs rejimi qorunacaq. Vəziyyət təmas xəttində etimad tədbirlərinin görülməsini tələb edir”.
Lavrov əlavə edib ki, görüşdə regionda təhlükəsizliyin, narkotik trafiki ilə mübarizənin əlaqələndirilməsi məsələlərinə diqqət ayrılıb.
Zərif: “Ümid edirik ki…”
Iran XIN rəhbəri Məhəmməd Cavad Zərif görüşün səmərəli keçdiyini qeyd edib: “Görüşdə əməkdaşlıq üzrə sahələri müəyyən etdik. Iran-Azərbaycan-Rusiya nəqliyyat dəhlizi ilə bağlı layihə gündəlikdə olan ən əsas məsələdir. Paralel olaraq, biz terrorizmlə, ekstremizmlə mübarizə ilə bağlı məsələlərlə əlaqədar da əlaqəli işləyəcəyik. Eləcə də mədəniyyət, turizm kimi sahələrdə də əməkdaşlığımızı genişləndirməliyik. Biz inanırıq ki, bu cür üçtərəfli formatda əməkdaşlıq Azərbaycan, Rusiya və Iran xalqlarının maraqlarına xidmət edəcək. Bu, bütövlükdə regionun maraqlarına uyğundur, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması üçün vacibdir”.
Zərif bu əməkdaşlığın hər üç xalqın və regionun maraq və prioritlerinə uyğun oldğuuna inandıqlarını deyib.
Görüşdə müxtəlif məsələlərin, o cümlədən nəqliyyat dəhlizlərinin inkişafına dair müzakirələrin aparıldığını qeyd edən iranlı nazir bu dəhlizlə daşınmaların sürətlənməsinə rəvac veriləcəyini qeyd edib: “Aprelin 20-də Astara (Iran) – Astara (Azərbaycan) dəmiryolu xətti ilə bağlı mərasim keçiriləcək. Ardınca Rəşt-Astara dəmiryolu xətti üzrə müzakirələrə başlayacağıq. Bu görüş çox gözəl başlanğıc oldu. Biz gömrük, turizm və digər sahələrdə də üçtərəfli əməkdaşlığı müzakirə etdik”.
Nələr razılaşdırıldı?
Görüşdə ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün vacibliyi vurğulanıb.
Tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək və gücləndirmək barədə razılığa gəliblər.
Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn ümumqəbulolunmuş norma və prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə onlar, həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğulayıblar.
Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər. Onlar iqtisadiyyat, enerci, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahələrində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər.
Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzmli olduqlarını təsdiq ediblər. Onlar Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.