“3 günlük” savaş Milli Şurada müzakirə olundu

milli-sura-rehberlikDemokartik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Toplantıda son günlər döyüş bölgəsində erməni silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması, Milli Ordumuzun cavab atəşi ilə düşmənə layiqli zərbələr endirməsi, xalqımızın əsgərlərimizə göstərdiyi dəstək təqdir olunub. Milli Şura rəhbərliyinin düşmən üzərində qələbənin təmin olunması üçün əsgərlərimizə tam dəstək verilməsi, xalqımızın milli birliyinə nail olmaq məqsədilə dövlətin yanında olduğunu bəyan etməsi müsbət amil kimi qeyd olunub. Torpaqlarımızın işğaldan azad edilməsi üçün yaranmış əlverişli fürsətdən istifadə olunmaması təəssüflə qeyd olunub. Vurgulanıb ki, ordumuzun torpaqlarımızı azad etməsinə siyasi rəhbərlik mane olmamalıydı.

Müzakirələrdə eyni zamanda Müdafiə nazirliyindən tələb olunub ki, döyüş bölgəsində olan son vəziyyət və itkilərlə bağlı ictimaiyyətə ətraflı məlumat versin. Şəhidlərimizin geniş xalq kütlələrinə yaxından tanıdılması üçün onların hər birinin adları və kimlikləri açıqlansın, xatirələrinin əbədləşdirilməsi üçün müvafiq addımlar atılsın.

Milliyyətçi Gənclər Təşkilatının əsgərlərimizə dəstək məqsədilə keçirdiyi aksiya təqdir olunub.

Toplantıda “Panama kağızları” adlı sənəddə dövlət başçısı İlham Əliyevin və onun ailə üzvlərinin ağır korrupsiya cinayətlərində ittiham olunmasına aydınlıq gətirilməsi məqsədilə Milli Şura adından Respublika Baş Prokurorluğuna rəsmi sorğu göndərilməsi qərara alınıb.

İclasda siyasi məhbusların azadlığa buraxılması istiqamətində işlərin davam etdirilməsi vacibliyi qeyd edilmiş, tanınmış vəkil Müzəffər Baxışovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması cəhdi, eyni zamanda həbsdə olan siyasi məhbus Səid Dadaşbəylinin anasının yas məclisinə buraxılmaması pislənilib.