elnurastanbeyli@gmail.com
“Üçgünlük müharibə” eyforiyası arxada qalıb. Artıq bir çox suallar ətrafında ayıq başla, soyuqqanlılıqla düşünmək olar və lazımdır. Məsələn, hər nə qədər bu sətirlərin müəllifinin, elə başqalarının da öz versiyaları, ehtimalları olsa belə, aydınlıq gətirilməlidir ki, qəfil şəkildə başlanan hərbi əməliyyatlar nəyə və ya kimə, yaxud kimlərə gərək idi, nə üçün dayandırıldı?
Soruşmaq gərəkdir ki, toplumun savaş istəyini alovlandırıb, onu “böyük, tarixi qələbəyə” ruhlandırıb sonra bu ovqat və inamı qırmaq, ümummilli məyusluq yaratmaq nəyə lazım idi? Kim təminat verə bilər ki, məqsədlərdən biri də Qarabağ mövzusunda Azərbaycan cəmiyyətini mənəvi və psixoloji cəhətdən tamamilə sındırmağa hesablanmamışdı?
Hər halda üzərində düşünməli çox məqamlar var. Hələlik qəti olan odur ki, bu “üçgünlük müharibə”dən geriyə qalan pırıl-pırıl gənclərin yarıda qalan arzuları, bir də neçə-neçə ananın, bacının, sevgilinin göz yaşlarıdır. Nə yazıq ki, 2014-cü ildən bəri biz ildə bir-iki dəfə bu cür “yarımçıq müharibələr”ə şahidlik edirik, hər dəfə canımızdan nə qədər can gedir, nə qədər evə atəş düşür, hər birində də savaş atəşinin qəfil alovlandığı kimi niyə qəfil də söndüyü bizim üçün gizli qalır. Aydın görünür ki, artıq mövsümi xarakter daşıyan bu hərbi əməliyyatların arxa fonu siyasi əməliyyatlardan ibarətdir: kirli, qaranlıq və müəmmalı…
Indiyədək dəfələrlə yazmışıq, bir daha yazmaqda fayda var. Yoldaşlar, qardaşlar, sirdaşlar, silahdaşlar və nəhayət, qəlbi daşlar! Qarabağ da daxil olmaqla, postsovet məkanındakı torpaq davalarının kökündən, ədalətli və daimi həlli üçün yol:
1.Rusiyanın avtoritar və imperialist mahiyyətinin dəyişməsindən;
2.Eyni zamanda, savaş tərəflərinin də tam demokratikləşməsindən keçir.
Bu baş verənədək isə nə yazıq ki, hansısa çirkin siyasi maraqlar üzərindən mövsümi hərbi toqquşmalar da davam edəcək, insan itkiləri də, xəyalqırıqlıqları da.
***
Ən ikrah doğuran məqamlardan biri isə bilirsinizmi nə idi? Dinc vaxtda hər cür hoqqadan çıxanların, harama əl uzadanların, zülmə züy tutanların müharibə əhval-ruhiyyəsini fürsət bilib xal qazanmağa, özünü camaata şirin salmağa, özünün “mələk” obrazını yaratmağa çalışması! Məsələn, cəmi bir neçə ay əvvəl Azərbaycanda rus hərbi hissəsinin yerləşdirilməsini tələb edən deputat maaşının yarısını, yaxud dövlətin yüz milyonlarla manat pulunu kredit kimi götürüb geri qaytarmayan “iş adamı” Hacı Ibrahim Nehrəmli isə 50 min manatı orduya yardım üçün köçürdüklərini açıqladılar.
Yaxud bir neçə ay əvvəl “cin nömrə” almışdım, xidmətin keyfiyyətsizliyindən və kontur oğurluğundan bezib, iyrənib işlətmirəm artıq, ancaq oxuyuram ki, “Bakcell” cəbhə bölgəsində yaşayanlar üçün pulsuz dəqiqələr ayırıb.
Nə deyəsən, güləsən, yoxsa ağlayasan?!
***
O qədər insanımızı (onların arasında ali məktəbə qəbul imtahanlarında 700 bal toplamış gəncin olması ayrı bir dərddir, axı bu ölkədə belə uğurlu nəticəyə imza atacaq nə qədər məzun var, hər il bir-iki nəfər ola-olmaya; barı bundan sonra belə gəncləri güllə ağzına verməmək barədə düşünmək lazımdır, onlar ölkəyə ön cəbhədə deyil, başqa işlərdə gərəklidirlər!) itirdiyimiz “üçgünlük müharibə”nin son günü isə xəbər gəldi ki, BDU-nin rektoru Abel Məhərrəmovun oğlu… ön cəbhəyə döyüşməyə gedib, pardon, xarici ölkələrdən hansınısa səfir göndərilib.
Vətən sağ olsun!
İroniyasız, tam ciddi.