Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş futbolçu Cavid Hüseynovun məhkəməsində həm jurnalistin, həm də futbolçunun anaları şahid qismində ifadə verib. Aprelin 6-da Səbail Rayon Məhkəməsində bu iş üzrə iclasda 8-ci polis bölməsinin əməkdaşı Ədalət Məmmədov, futbolçunun əmisi oğlu Nihad Abbaslı da dindirilib.
Polis əməkdaşı Cavid Hüseynovun saxlanılıb Bakıya gətirilməsindən danışıb: “Bizə məlumat gəldi ki, Cavid Hüseynov Şamaxıdakı polis postunda saxlanılıb. Bildirdilər ki, gedib onu Bakıya gətirmək lazımdır. Biz də gedib gətirdik”.
Nihad Abbaslı məhkəməyə Cavid Hüseynov həbs olunan gün onunla aralarındakı “Whatsapp” yazışmaları barədə məlumat verib: “Hadisənin səhəri Cavid mənə yazdı ki, ”Elşən gedib təslim olsun”. Həmin vaxt Elşən də yanımda idi. Elşən dedi ki, “Rasimlə görüşə Cavidə görə yox, özümə görə getmişəm, mənim anamı söyüb”. Sonra da gedib təslim oldu”.
Cavid Hüseynov şəhid oğludur
Futbolçunun anası Xalidə Hacıyeva ifadəsində oğlunun günahsız olduğunu deyib. O bildirib ki, oğlunun Rasim Əliyevin döyülməsindən xəbəri olmayıb: “Cavidin bu hadisələrin heç birindən xəbəri olmayıb. O, heç bir cinayət törətməyib. Biz özümüz də Almaniyadakı oğlum internetdən oxuyub zəng eləyəndən sonra xəbər tutmuşuq”.
Xalidə Hacıyeva onu da qeyd edib ki, Cavid şəhid oğludur: “Onun atası canını torpaqlarımız uğrunda qurban verib”.
“Rasimi aldadıb, ələ alıb, evdən çıxartdılar”
Mərhum jurnalistin anası Teyfurə Əliyeva hadisə baş verən gün Rasim Əliyevlə Cavid Hüseynov, eləcə də onun bibisi oğlu Elşən Ismayılov arasındakı telefon söhbətləri, oğlunun döyülməsi və xəstəxanada baş verənlər barədə danışıb. Teyfurə Əliyeva oğlunun söyüş söyməsi haqda deyilənlərin də yalan olduğunu bildirib.
“Həmin gün Rasimə 6-7 dəfə zəng gəldi. Bunun 1-2-si Cavidin, qalanı Elşənin zəngləri idi. Birinci zəngdən sonra Rasimdən kim olduğunu soruşdum, dedi ki, ”futbolçu var, Cavid Hüseynov, onun hərəkətilə bağlı fikrimi yazmışam, xoşlarına gəlməyib”. Cavid yazmışdı ki, “belə hərəkət eləyən əxlaqsız, tərbiyəsiz futbolçunun bizi Avropada təmsil etməsini istəmirəm”. Cavid ona hərəkətinin düzgün anlaşılmadığını deyib. Rasim mənə dedi ki, “narahat olma, danışıb məsələni həll elədik, sən demə, onlar da Cəbrayıldan imiş”. Sonra Elşən dəfələrlə zəng elədi. Əvvəl Rasimi “Razin”ə çağırdı. Rasim getmək istəmirdi, dedi ki, “evdə təmir gedir, gəlirsən, özün gəl”. Rasimi aldadıb, ələ alıb, evdən çıxartdılar”, – deyə Teyfurə Əliyeva ifadəsində bildirib.
Mərhum jurnalistin anası onu da qeyd edib ki, Cavid Hüseynov meneceri ilə birlikdə xəstəxanada Rasimin yanına gedib. Onlar orada olarkən polis gəlib və Cavid durub çıxıb: “Bu işdə əli yoxdursa, xəstəxanaya niyə getmişdi, polislər gələndə niyə çıxmışdı? Prokurorluqda həkim Cəfər Cəfərovdan eşitdim ki, gedib həkimləri də görüb, xərcləri üzərinə götürmək istəyib”.
Cavid Hüseynov xəstəxanada həkimlərlə danışığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, Teyfurə Əliyevaya müraciət edib:
– Allah hər şeyi görür. Tək olan Allaha and için ki, düz danışırsız.
– Mən Allaha da, Rasimin ruhuna da and içirəm.
– Yalanlar çoxdur. Əgər Elşəni mən göndərmişdimsə, onda niyə ona yazırdım ki, “mən rasimlə danışdım, məsələ bağlandı”?
“Cavidin işi gərək ayrılmayaydı…”
Məhkəmə iclasından sonra “Azadlıq”a açıqlama verən Teyfurə Əliyeva deyir ki, Cavid Hüseynovun barəsindəki cinayət işinin Rasimi döyüb öldürməkdə təqsirləndirilən digər beş nəfərin işindən ayrılması doğru deyildi: “Cavidin də məhkəməsi gərək o birilərlə birlikdə keçiriləydi. Onun barəsində cinayət işinin ayrılmaması və bu işdə də zərərçəkmiş qismində tanınmamağım məni narahat edir. Artıq 4-cü məhkəmə iclasıdır ki, bura şahid kimi gəlirəm və nəhayət, indi dindirdilər. Mən Rasimi necə aldadıb evdən çıxarıb döydüklərini danışdım”.
Teyfurə Əliyeva Rasimin xəstəxanadakı müsahibəsinin əks olunduğu diski məhkəməyə təqdim etmək istəsə də, hakim qəbul etməyib. Bildirib ki, onun burada baxılan işə aidiyyəti yoxdur.
Teyfurə Əliyeva onu da əlavə edib ki, Rasimin söyüş söyməsi barədə deyilənlər həqiqətə uyğun deyil: “Çalışırlar ki, Rasimi günahlandırsınlar. Halbuki, Rasim onların özünü tərbiyəyə çağırmışdı. Baş verənlər Rasimi döyüb öldürənlərin hansı əxlaqa, hansı tərbiyəyə sahib olduqlarını sübut elədi”.
“Oğlumun günahsız yerə qurban getməyinə razı olmayacam”
Cavid Hüseynovun anası Xalidə Hacıyeva isə “Azadlıq”a açıqlamasında bir daha oğlunun günahsız olduğunu vurğulayıb: “Cavidin atası batalyon komandiri idi, 1993-cü ildə şəhid olub. Cavid atasını itirəndə azyaşlı idi. Atası canını bu torpaqlar uğrunda qurban verib, özü də Azərbaycan bayrağını qaldırıb. Bu günahdır? Cavidin baş verənlərdən xəbəri olmayıb. Bəzi jurnalistlər düzü qoyub əyrini yazırlar. Biz səbr elədik ki, istintaq araşdırmaları getsin, həqiqət üzə çıxsın. Həqiqət isə budur ki, Cavidin günahı yoxdur. Mən həyat yoldaşımı artıq bu Vətənin yolunda qurban vermişəm, yenə də Vətən yolunda qurbanlar verməyə hazıram. Amma oğlumun günahsız yenə qurban getməyinə heç vaxt razı olmayacam”.
***
Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi bugünlərdə yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.
Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə ittiham olunur.
Məhkəmə prosesi aprelin 13-də davam edəcək.
Aytən Məmmədova