“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı arasında “Azərbaycan Magistral Avtomobil Yolu-3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi ilə bağlı görüş keçirilib.
ASC-dən verilən məlumata görə, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin Cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər.
Sazişi “Azəravtoyol” ASC-nin sədri S.Məmmədov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri L.Lesçenko imzalayıblar.
“Azərbaycan Magistral Avtomobil Yolu-3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi çərçivəsində 140 milyon ABŞ dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 milyon ABŞ dollarıdır.
Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Bu, magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir.
Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci km-lik hissələrinin Ibtexniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağındam 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq yenidən qurulması layihələri daxildir.
Qeyd edək ki, Bakı-Şamaxı avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70%-dən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27.50 m., ayrıcı zolağın eni 5.0 m., hərəkət hissəsinin eni 15 m., çiyinlərin eni isə 7.5 m-dir.
Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci km-lik hissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə – smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29.5 m., ayırıcı zolağın eni 1 m, bərkidici zolaq 1.5 m., hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 və 15 m., səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.