Mehman Əliyev: «Baş verənlərdə böyük dövlətlərin də maraqlarını nəzərə almaq lazımdır»
Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə başlanan gərginlik aprelin 5-də başa çatdı. Ermənistan tərəfinin atəşkəs təklifi Azərbaycan tərəfindən qəbul olundu. Atəşkəsin imzalanması ilə bağlı xüsusi canfəşanlığı Rusiya göstərirdi. Həmsədrlərin də münaqişənin gedişatına təsiri hiss olunurdu. Amma buna baxmayaraq Azərbaycan ordusu və cəmiyyəti hərbi əməliyyatlar zamanı yüksək əhval-ruhiyyədə idi.
Cəmiyyət hərbi əməliyyatların tezliklə geniş miqyaslı əməliyyatlara keçəcəyini və torpaqlarımızın bir hissəsinin düşmən tapdağından azad olunacağını gözləyirdi. Amma xarici təsir nəticəsində Azərbaycan Ermənistanın irəli sürdüyü atəşkəsə razılıq verdi. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti uzun müddət idi ki, Minsk Qrupunu fəaliyyətsizlikdə ittiham edirdi. Belə olan halda yenidən danışıqlara məhz fəaliyyətsiz Minsk Qurupu çərçivəsində qayıtmaq nə dərəcədə məntiqlidir? O da qeyd olunmalıdır ki, Minsk Qrupunun həmsədrlərindən biri Rusiya açıq şəkildə Ermənistanın tərəfini tutur. Rusiya Ermənistana həm hərbi, həm də siyasi baxımdan dəstək verməyə hazırdır.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, danışıqlara həmişə ehtiyac var. Cəbhədə müəyyən uğurların əldə olunduğunu deyən M.Əliyev vurğuladı ki, baş verənlərdə böyük dövlətlərin də maraqlarını nəzərə almaq lazımdır: “Hətta biz Ermənistanla təkbətək qalsaq da, bu o demək deyil ki, belə uğurlu nəticələr bundan sonra da əldə olunacaq. Azərbaycan hadisələrin hər bir gedişinə hazır olmalıdır. Müharibə emosiya sevmir. Müharibədə gərək soyuqqanlı və peşəkar olasan. Savaş başqa şeydir. 92-94-cü ildəki müharibəni biz başladıq. Nəticəni də biz gördük. Biz bu müharibəyə hazır deyildik. Ona görə hazırda da biz gərək müharibəyə ciddi hazırlaşaq”.
Xəyal