Danışıqlar nəticə verə bilərmi?

aliyev-putin-sargsyan4 gün davam edən döyüşün verdiyi mesaj

Təbii ki, müharibənin görünən və görünməyən tərəfləri var. Əlbəttə heç kim müharibə arzusu ilə yaşamır, əsgərlərimizin həlak olmasını istəmir, dağıntıların, yanğınların tərəfdarı deyil. Hər kəs istəyər ki, ölkəsində sabitlik, sülh, əminamanlıq olsun. Görünməyən tərəf isə budur ki, kənar güclərin müdaxiləsi, gözlənilməz təxribatlar və s. ola bilər.

Amma indiki mənzərə tamam fərqlidir və biz haqqımız olanı istəyirik. Sənə məxsus olanı könüllü olaraq oğruya vermək humanizm deyil, qorxaqlıqdır, yazıqlıqdır, köləlikdir, prinsipsizlikdir. Ermənistan da uzun illərdi bizim olanı əlimizdən alıb və indiki vəziyyət ona sərf edir. Əslində, atəşkəs dövrünün uzanmasına bizim səbrimiz çatmamalıdır, hər ötən gün bizim zərərimizə işləyir. Son günlər baş verənlər isə bizim üçün yeni bir şans idi. Sülhün tərəfdarı olduğumuz, atəşkəsə sadiq qaldığımız halda yenə də düşmən təxribatı ilə üz-üzə qaldıq. Və bu dəfə dilimiz həmişəkindən də uzun, arqumentimiz isə bol idi. Üstəlik, xalqın və dostların dəstəyi var idi. Növbəti atəşkəsə qədər daha çox yol qət etməli idik. 31 nəfər şəhid verdikdən sonra asanlıqla atəşkəsi qəbul etmək səhv idi. Azərbaycan birtərəfli qaydada atəşi dayandırdığı halda Ermənistan susmadısa, bu dəfə də biz ərköyünlük etməliydik.  Ermənistanın arxasında Rusiya var, amma bu dəfə Rusiya da arqumentsiz idi. Beynəlxalq aləmin məsələyə aktiv müdaxiləsinə, “atəşkəsi dayandırın” tələbinin güclənməsinə qədər xeyli yol getmək olardı. Üstəlik, Azərbaycan xalqının müharibə əzmini, xalqın orduya dəstəyini dünyaya daha çox göstərmək lazım idi.

Hökumət isə növbəti dəfə atəşkəsi imzaladıqdan sonra “böyük qələbə” təbliğatı aparır. Sanki, Ağdam, Şuşa, Cəbrayıl, Füzuli, Laçın, Xocalı, Zəngilan, Qubadlı işğaldan azad edilib. 24 illik müddətdə danışıqlar heç bir nəticə verməyib, iki ölkə prezidenti 42 dəfə görüşüb, Minsk Qrupu bölgədə gəzişir və s.

Bu atəşkəsdən sonra yeni nağıllara başlayıblar. Yenə də mərhələli həlldən, əvvəlcə 5 rayonun boşaldılmasından, daha sonra 2 rayonun azad edilməsindən danışırlar. Yenə də Minsk Qrupunun həmsədrləri münaqişənin həllindən, danışıqların intensivləşməsindən söhbət açıblar. Hətta hökumətyönlü  media orqanlarında “4 günlük döyüşlərin müsbət nəticəsi sonra bilinəcək” təbliğatına start veriblər. Bəli, növbəti dəfə vaxtı uzatmağa, 4 günlük döyüşlərin arxasında gizlənməyə başlayıblar.

Əgər düşmən bir yüksəklik uğrunda israrla döyüşürsə, bu qədər itki verməyi gözü alırsa, üstəlik əldən verdiyi yüksəklikləri geri qaytarmağı tələb edirsə, bu düşmən asanlıqla 5 rayonu boşaldarmı? Yəni, bu 4 günlük müharibə nəticə çıxarmaq üçün kifayət deyil?

Düşmən yalnız məğlubiyyət qoxusunu alanda “ağ bayraq” qaldıra bilər. Əks halda, yenə də illərlə danışıqlar gedəcək, Qarabağı görmüş nəsil dünyadan köçəcək və 20 faiz ərazi “uzaq keçmiş” kimi xatırlanacaq.

Hökumət bir tərəfdən danışıqların effektsiz olduğunu, Minsk Qrupunun heç nəyi həll etmədiyini bildirir, o biri tərəfdən  “danışıqlar prosesi davam edəcək” mesacı verir.

Biz işğalçı deyilik, işğala məruz qalanıq və 24 ildir ədalətli həll gözləyirik. Artıq vaxt qurtarıb və ordu öz missiyasını yerinə yetirməlidir.  Onsuz da bu “atəşkəs dövrü” əsgərimizi ölümdən sığortalamır.

Bir sözlə, 4 gün davam edən döyüşlər zamanı Ermənistan tərəfi bir daha xatırlatdı ki, işğal etdiyi ərazini sakitcə tərk etməyəcək. Biz də mesaj verməliyik ki, düşmənin arxasında kimin durmasından asılı olmayaraq, torpağımızı güzəştə getməyəcəyik.

İlham