72 saat içində diriliş

zumrud-yagmur-yeniZümrüd Yağmur

Milliyyəyçi Gənclər” təşkilatının üzvü Müşfiq Vəliyev keçən gün Şəhidlər Xiyabanına edilən yürüşün təşkilatcısı kimi həbs olunub.

İllər öncə İlkin Rüstəmzadə də orduda əsgər ölümlərinə etiraz mitinqlərinin təşkilatçısı kimi həbs olunmuşdu və bu gün də məhbus həyatı yaşayır.

Nə baş verir? Məgər ordusunun qazandığı uğurlara görə yürüş təşkil etmək, vətənpərvərlik əhvalı və həmrəylik nümayiş etdirmək cinayətdirmi?

Demək ki, YAP iqtidarının idarə etdiyi ölkədə cinayətdir. Müşfiq Vəliyevin də, İlkin Rüstəmzadənin də günahı odur ki, onlar iqtidar istəmədiyi halda vətənpərvərlik və həmrəylik ruhunun diri qalmasına rəvac verirlər. Cinayətkardırlar, çünki onların ölkədə canlı tutmaq istədikləri dəyərlərə bu iqtidar nifrət edir.

Hakimiyyət, səbəbləri və səbəbkarı tam olaraq özünə bəlli olan “mübaribəçilk oyunu”ndan sonra, vətən uğrunda şəhid olan gənclərin qəhrəmanlığından, arxa çəbhədəki insanların yüksək əhvalından pəjəmürdə olub.

Gözləmirdilər…

Bu günlər ərzində binalarda, maşınlarda və insanların ürəyində bayrağın belə dalğalanacağını heç gözləmirdilər.

İllərdir aparılan korlaşdırma və manqurtlaşdırma siyasəti qısa zamanda iflas etdi. Hakimiyyət kor və nadan, hissiyyatsız və heysiyyatsız, Qarabağı unutmuş kütlə əvəzinə qarşısında qələbə eşqi ilə kükrəyən bir xalq görəndə çaşqınlığa uğradılar.

İqtidara Qarabağda qələbə lazım deyil, çünki qalibiyyət əldə etmiş bir ordu və xalqı qorxu ilə idarə etmək mümkün deyil.

Son günlər sanki birdən-birə partlayış verən vətənpərvərliyin, əzm və iradənin onlara qarşı çevriləcəyindən, Qarabağı alan xalqın oğurlanmış haqlarını da asanlıqla geri ala biləcəyindən, 23 ildir yaradılan qorxu imperiyasının qısa bir müddətdə söküləcəyindən ehtiyatlandılar.

Əks halda, qalibiyyət, orduda və ölkədə belə yüksək əhvali-ruhiyyənin olduğu halda niyə geri çəkildilər? Niyə vətəndaşı qələbə sevincindən, özgüvəndən məhrum etdilər?

İllərdir bütün dəyərləri qətl edilməyə çalışılan bir xalqın ruhu Qarabağda iki yüksəkliyin alınması ilə sanki geri döndü. Elə bil atılan toplara diksinib ayıldı və dünənə qədər ordudakı zülm və özbaşınalığın ucbatından boynunu bükmüş əsgər igid biri kimi şəhidlik zirvəsinə qalxmaq üçün bir-biri ilə bəhsə girdi.

Bir anda ölkənin bütün şəhərləri, kəndləri şəhər, kənd olmaqdan çıxıb arxa çəbhəyə çevrildi.

Azərbaycanda arxada qoyduğumuz o məlum 3 gün, təqribən 72 saat bir gercəyi gün işığına çıxardı. Xalqın ruhunu qorxuya tabe etmək və bir müddət idarə etmək olar, amma onu məhv edib dəfn etmək olmaz.

Əslində, biz təkçə iki yüksəklik və bir kənd geri almadıq. Bir xalq olaraq öz ruhumuzu cinayətkar dəstənin iti və qanlı caynaqlarından dartıb aldıq. Bizim geri aldığımız o yüksəklikdə dalğalanan bayraq tək ölkənin bayrağı deyildi, həm də ruhumuza kəsilmiş ölüm hökmünün geri oxunması idi.

Qarabağı Ermənistan, xalq kimi ruhumuzu da YAP iqtidarı işğal edib. Və inanın, Qarabağın azadlığı ruhumuzun xilas olmasından keçir.

Son günlər çoxumuz çaşdıq, “bu xalqdan bir şey çıxmaz” sözlərini tez-tez təkrar etdiyimizi yada salıb utandığımız da oldu. Sevindik, gözlərimiz yaşardı. Bilmədik nəyə və kimə ağlayırıq – şəhidlərimizəmi, yoxsa ruhumuzun dirilişinəmi?

Amma bu diriliş iqtidara lazım deyil.

Son olaraq. Olkədə vətəndaşın “dəyərini” onun susqun və kölə olması ilə ölçən iqtidarın bu günlərdə hansı oyunlar oynadığını demək çətindir. Amma bir gerçək tam aydındır, Qarabağ Rusiyaya nə qədər manevr etmək üçün lazımdırsa, İlham Əliyevə də məhz ona görə gərəkdir.

İndi bir xalq olaraq bizim üzərimizə böyük bir vəzifə düşür. Qarabağdakı qalibiyyəti “yalançı çobanın evi yananda kimsənin inanmaması” nağılına çevirməyə qoymamaq. İqtidar çox təhlükli bir oyunun siqnalını verdi. Qalibiyyətin dadı damağımızda qalmamış geri çəkilməklə sevincimizi yarımçıq qoydu. Bu hal bir neçə dəfə təkrarlanarsa, Qarabağda daha nə olub bitdiyi ilə kimsə maraqlanmayacaq. “Eh, Allah bilir indi nə oyun oynayırlar?” deyərək laqeydlik nümayiş etdirməyimizə nail olmaq bu iqtidarın son və ən məkrli planı ola bilər.

Psixologiyada belə test var. Akvariumun ortasına bir şüşə qoyub balığa yem tökürlər. Balıq hər dəfə yemlənmək istəyəndə şüşəyə toxunub geri dönür. Bir neçə cəhddən sonra şüşəni qaldıranda da daha balıq yeməyə həvəs göstərmir və acından ölür.

Aman, bizi belə “test”lərdə balıq kimi istafdə edib ruhdan salmağa izn verməyək.