Asif Lətifov onunla bağlı cinayət işinin yenidən araşdırılmasını xahiş edir
Hazırda həbsdə olan Xüsusi Dövlət Mühafizə Xidmətinin “Betta” dəstəsinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edib. Bu barədə redaksiyamıza Asif Lətifovun yaxınları məlumat verib. Məlumatda bildirilir ki, Asif Lətifov müraciətdə onunla bağlı cinayət işinin yenidən araşdırılmasını xahiş edir.
Qeyd edək ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. 2011-ci ildə işdən çıxarılıb. Işdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra Asif Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2013-cü ilin yanvarın 29-da hərbi tribunal Asif Lətivoun 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.
Asif Lətifov beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.