Təcrübəli döyüşçülər orduya cəlb olunsa…

guclu orduHökumət bu formada yarımsəfərbərlik edə bilər

Cəbhədə döyüşlər davam edir. Şəhidlərimiz, yaralılarımız, zərər görmüş dinc sakinlərimiz var. Amma düşmən tərəfi də ağır itkilər verib və ordumuz əzm nümayiş etdirir.

Son günlər baş verənlərdə daha bir müsbət reallıq ortaya çıxdı. Məlum oldu ki, uzun illər ölkədə avtoritarizmin hökm sürməsi, vətənpərvərlik hisslərinin cılızlaşdırılması milli ruhu öldürə bilməyib. Universitet tələbələri, orta nəsil, yaşlı nəsil müharibəyə meydan oxuyur, hər yerdə ordumuza dəstək aksiyaları keçirilir, sosial şəbəkələrdə vətənpərvərlik küləkləri əsir. Bəli, bir daha aydın oldu ki, xalqımız düşmənin üzərinə yürüməyə, silaha sarılmağa hazırdı. Sadəcə olaraq mövcud hakimiyyətin yürütdüyü siyasət bu hisslərin korşalmasına xidmət edib.

Amma fakt budur ki, günlərdi cəbhədə qızın döyüş gedir və düşmənə güc göstərmək lazımdır. Yəni bundan qaçmaq olmaz və bu fürsətdən yararlanmaq lazımdır. Təbii ki. Könüllü olaraq cəbhəyə getmək istəyənlər, döyüşmək istəyənlər çoxdur. Amma ekspertlər də hesab edir ki, indiki mərhələdə böyük səfərbərliyə ehtiyac yoxdur. Lakin bu mərhələdə hökumət yarımsəfərbərlik edə bilər. Yəni təcrübəsiz könüllülərə yox,  peşəkar döyüşçülərə imkan yaradılmalıdır. Ölkədə Əfqanıstan müharibəsi görmüş, Qarabağda döyüşmüş xeyli sayda təcrübəli, peşəkar döyüşçülər var. Bu adamlar gənc əsgərlərə öz təcrübələri ilə kömək edə bilərlər, orduda ruh yüksəkliyi yarada bilərlər və psixoloji məqamlardan daha uğurla çıxa bilərlər.

Ona görə də bu adamların siyahısı tutulmalı, orduyla işləmələrinə şərait yaradılmalıdır. Onsuz da bu adamlar vətən uğrunda savaşmağa təşnədilər. Bəli, faktiki olaraq yarımmüharibə şəraitindəyik və bu fürsətdən yararlanıb müəyyən ərazilərimizi azad edə də bilərik. Yəni tam atəşkəsin bərqərar olunmasına qədər uğur əldə etmək mümkündür. Daha doğrusu, az vaxtdan düzgün istifadə etmək olar. Düşmən tərəf isə ardıcıl təxribatlarıyla bizə böyük arqumentlər vermiş olur.

Beləliklə, xalqın orduya birmənalı dəstəyi var, müxalifət orduya birmənalı dəstəyini ifadə edir. Hökumət heç olmasa bu həssas məqamda düzgün addım atmalı, veteran döyüşçülərin orduyla təmasına şərait yaradılmalıdır. Onsuz da 24 ildir ki, sülhpərvər olduğumuzu nümayiş etdirmişik və heç kim bizi zorakılıqda, sülhü pozmaqda ittiham edə bilməz.

Samir