Müharibə davam etsə, kimin mövqeyi necə olacaq?

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: «Rusiya münaqişənin alovlanmasında da maraqlı ola bilər, Türkiyənin isə mövqeyi bizimlə birmənalı üst-üstə düşür»

Dünən saat 12-dən Ermənistanın təklifi ilə Azərbaycan tərəfi atəşkəsə razılıq verdi. Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə başlayan gərginliyə son qoyuldu. Amma atəşkəsin bir müddət sonra da pozulma ehtimalının olduğunu düşünən ekspertlər də az deyil. Hazırda sual olunan əsas məqamlardan biri də budur ki, Qarabağda genişmiqyaslı müharibə başlayarsa, buna regionda maraqları olan dövlətlərin reaksiyası necə olacaq?

Rusiya proseslərə birbaşa müdaxilə etməsə də, KIV-ləri gərginlik başlayandan Ermənistanın mövqeyini müdafiə edir. Türkiyə də baş verənlərlə bağlı mövqeyini ortaya qoyub. Rəsmi Ankara Azərbaycanı dəstəklədiyini bəyan edib. Bəs, münaqişənin aktiv fazaya keçməsi halında digər regional dövlətlər və güc mərkəzləri hansı mövqe sərgiləyəcək.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, baş evrənlərlə bağlı ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin mövqeyi bəlli idi. Istər Rusiya, istər ABŞ, istərsə də Fransa tərəfləri atəşkəsə çağırırdı. Bu yanaşma həm də Avropa Birliyinin mövqeyi idi. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan ordusu ermənilərin dinc sakinləri atəşə tutmasına cavab tədbiri olaraq həyata keçirdiyi əməliyyatlarla mövqelərində dəyişiklik etdi. Nəticədə ordumuz cəbhə xəttinin şimal və cənub istiqamətində xeyli irəlilədi: “Ermənistan dinc əhalini atəşə tutur. Belə olan halda Azərbaycan ordusunun borcu qarşı tərəfi susdurmaqdır. Qarşı tərəf atəşkəsə riayət edib, geri çəkiləcəksə, Azərbaycanın da addımları sülhpərvər olacaq. Hazırkı durumda vəziyyət kifayət qədər qarışıqdır. Çünki cəbhədəki gərginliyin Rusiya təxribatı olması aydın idi. Rusiya münaqişənin alovlanmasında da maraqlı ola bilər. Bununla Kreml bölgədə mövcudluğunu genişləndirmək üçün şans qazana bilər”.

Türkiyənin isə birmənalı şəkildə Azərbaycanı müdafiə etməsini vurğulayan G.Hacıbəyli qeyd etdi ki, Ankara Bakının təbii müttəfiqidir. Türkiyənin mənafeyi Azərbaycanla üst-üstə düşür. “Azərbaycan ordusu hansı mövqedən çıxış edəcəksə, Türkiyə Azərbaycana və onun ordusuna dəstək verəcək. Amma hadisələrin gələcək gedişinin necə olacağını zaman göstərəcək. Ermənilər doğrudanmı atəşkəsə riayət edəcəklərmi, yoxsa atəşkəs yenə də formal xarakterli olacaq?”, deyə G.Hacıbəyli vurğuladı.

Bəs münaqişə davamlı xarakter alarsa, Rusiya münaqişəyə aktiv formada müdaxilə edə bilərmi? G.Hacıbəylinin deyir ki, Ermənistanda Rusiyanın hərbi bazası var və əslində, Ermənistan ordusuna təlim keçən, onu silahlandıran Rusiyadır. G.Hacıbəyli Rusiyanın açıq şəkildə münaqişəyə müdaxilə edəcəyini gözləmir. Amma Ermənistan tərəfdən könüllülər adı ilə Rusiyadan olan hərbçilər iştirak edə bilər. Oxşar ssenari Ukraynada artıq yaşanıb: “Rusiya bu variantlara cəhd edəcək. Amma Rusiya onu da nəzərə almalıdır ki, beynəlxalq birlik tərəfindən işğalçı siyasəti tamamilə iflasa uğrayıb. Rusiyanın Suriyada, Ukraynada yaşatdıqları göz önündədir. Rusiya Azərbaycanda eyni ssenarini təkrar etsə, Azərbaycanı dəstəkləyən qüvvələrin kəskin reaksiyası ilə üzləşəcək. Rusiyanın Ermənistanla hərbi müqaviləsi var. Amma bu müqavilə yalnız Ermənistan ərazisinə müdaxilə zamanı reallaşa bilər. Qarabağ isə Ermənistan ərazisi deyil. Rusiyanın özü də Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Məhz buna görə Rusiyanın formal baxımdan da münaqişəyə müdaxilə etmək üçün əsası yoxdur”.

Cənub qonşumuz Iranın müharibənin davamlı xarakter alacağı təqdirdə ata biləcəyi addımlara gəlincə, G.Hacıbəyli bildirdi ki, Tehran Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirsə də, o da göz önündədir ki, Tehran Ermənistana ciddi dəstək verir. Bu isə Ermənistanın dünyada təklənməsinin qarşısını alır. “Ermənistanın atdığı mərmilər Iran ərazisinə də düşüb. Amma maraqlıdır ki, Iran baş verənə görə hər iki tərəfə xəbərdarlıq edib. Halbuki mərmilərin Ermənistandan atıldığı bəlli idi. Amma Iranın bu mövqeyi Ermənistanın baş verən konfliktdə suçlu çıxarılmamasına xidmət edir”.

Xəyal