Avtoritarizm milli ruhu öldürə bilməyib

sehid defniCəbhədəki vəziyyətdən hökumət hansı dərsi götürməlidir?

Cəbhədə baş verənlər bir məsələyə də aydınlıq gətirmiş oldu. Daha doğrusu bir neçə günlük yarımmüharibə şəraiti göstərdi ki, heç bir rejim müqəddəs dəyərləri tamam məhv etməyə qadir deyil. Hökumətin siyasətində heç vaxt ərazi bütövlüyü məsələsi prioritet olmayıb.

Əksinə, vətənəni sevən, dövlətin mənafeləri uğrunda döyüşən, milli təəssübkeşlik nümayiş etdirən adamlar zaman-zaman sıradan çıxarılıb, ləkələnib.  Ən azı Qarabağ qazilərinə münasibət, şəhid ailələrinin sığorta pulunun verilməməsi, siyasi baxışlarına görə Qarabağ qazilərinin şərlənib həbs olunması hökumətin nə qədər antixalq mövqeyində olduğunu açıq göstərir. Eyni zamanda Qarabağın işğalında birmənalı rol oynamış və bu rolu bu gün də davam etdirən Rusiya ilə qardaşlıq siyasəti də hökumətin Qarabağ məsələsinə münasibətini aydınlaşdırır.

Amma son baş verənlər də göstərdi ki, 24 illik atəşkəs rejimi, yalanın, yaltaqlığın, korrupsiyanın dövlət siyasətinə çevrilməsi milli ruhu öldürə bilməyib. Hətta Qarabağı görməyənlər, müharibəni xatırlamayanlar da  müharibə mesajı verdi, könüllü orduya qoşulmaq istədiyini bəyan etdi. Şəhidlərin dəfnində hökumət nümayəndələrindən fərqli olaraq, xalq kültəvi iştirak etdi, orduya dəstək aksiyaları keçirildi.

Əslində, bu mənzərə hökumət üçün siqnal olmalıdı. Hökumət başa düşməlidir ki, repressiyalar, təqiblər, təzyiqlər, polis rejimi xalqın əzmini qıra bilməz. Maddiyyat qarşılığında kimisə satın almaq olar, həbslə kimisə qorxutmaq mümkündür. Amma bütün xalqı ələ almaq, hamını qorxutmaq mümkün deyil. Bu gün düşmən qarşısına tərəddüdsüz çıxmaq qərarı verənlər, sabah bu ölkənin sərvətlərini talayanlara da özünü göstərəcək. Yəni bu susqunluq əbədi deyil və xalqın da səbr kasasının müəyyən həcmi var. Hökumət anlamalıdır ki, əzmək, talamaq, qorxutmaq əbədi sürə bilməz. 24 ildən sonra cəbhədəki döyüşlərə bayram ovqatı ilə, şövqlə reaksiya verən cəmiyyət bu ölkənin 80 faizini işğal edənlərə qarşı da çevriləcək.

Ona görə də hökumət xalqın səbrini zorlamamalı,  ədalətsizlikdən, talançılıqdan imtina etməli, xalqın seçim haqqına hörmətlə yanaşmalıdır.

Bir sözlə, bu ölkədə heç vaxt Şimali Koreya yaratmaq mümkün olmayacaq. Bu xalq Rəsulzadələri yaşadacaq, keçmişinə  sədaqətlə yanaşacaq, köləlik siyasətinə boyun əyməyəcək. Yəni mövcud hakimiyyət ölkənin sərvətlərini talan etsə də, mənəvi sərvətlərin kökünü kəsməyi bacarmayıb. Bu ölkədə bayrağına sarılacaq, düşmənə yumruq göstərəcək, vətən uğrunda savaşacaq milyonlarla insan var.

Akif