Milli Şura liderləri şəhidimizin vida mərasimində FOTO VİDEO

millisura-liderlir-sehid-vidaMüşfiq Orucov son mənzilə izdiham və şüarlarla yola salındı

Bu gün Xətai rayonu ərazisində daha bir şəhid izdihamla son mənzilə yola salınıb. Zəngilan sakini, 1994-cü il təvəllüdlü Müşfiq Orucov 2015-ci ilin iyun ayında Naftalandan həqiqi hərbi xidmətə gedib. Müşfiq Orucov Texniki Universitetin məzunu idi. O, Universitetə 700 balla daxil olub və oranı yaxşı qiymətlərlə bitirib. Evin tək oğlu idi.

Şəhidin atası Arif Orucov oğlu ilə fəxr etdiyini deyib: “Oğlum hər zaman mənim başımı uca edib, son addımı ilə də nəinki ailəsinin, bütün Azərbaycanın başını uca etdi. Vətən və torpaq uğrunda can verilməlidir. Vətən sağ olsun! Təki işğal olunmuş torpaqlarımızı geri alaq və şəhidlərimizin qanı yerdə qalmasın”.

Şəhidlə vida mərasimində Milli Şuranın sədri professor Cəmil Həsənli və AXCP lideri Əli Kərimli də iştirak edib.

AXCP sədri şəhid əsgərimizin ailə üvzlərinə və yaxınlarına başsağlığı verib. “Şəhid ailələri həyatlarının sonuna qədər övlad acısı ilə yaşıyacaqlar. Yalnız işğal altındakı torpaqlarımızı azad etməklə, şəhidlərimizin xatirələrini əbədiləşdirərək uca tutmaqla, şəhid ailələrini dövlətin qayğısı və millətin sayğısı ilə əhatə etməklə onlara qismən təsəlli ola bilərik”- deyə o bildirib.

Mərasimdə Zəngilan və Xətai rayon icra hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin zabitləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin cənazəsi son mənzilə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlarla yola salınıb.

Şəhid Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.