İlham İsmayıl: «Hazırda cəbhədə gedən əməliyyatlarda maksimum məxfilik qorunmalıdır»
Aprelin 1-dən 2-nə keçən gecə cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində cəbhədə gərginlik artıb. Ordumuzun ermənilərin hücumuna əks-hücumla cavab verməsi işğal altında olan bir sıra starteji əhəmiyyətli yüksəkliklərin azad olunmasıyla nəticələndi. Dünən ordumuz düşmənə daha bir sarsıdıcı zərbə endirib.
Düşmənin qərargahı raket zərbəsi ilə vurulub. Amma baş verənlərdə bir məqam da diqqət çəkir. Şəhidlər və yaralılar barəsində məlumatın zamanında, bəzən isə yanlışlıqlarla əldə olunması cəbhə zonasında övladları döyüşən valideynləri qeyri-müəyyənlikdə saxlayır. Bu üzdən cəbhədə xidmət edən övladı ilə əlaqə saxlamaq istəyən validyenlər də olur. Amma hazırda cəbhə bölgəsində hökm sürən şəraiti nəzərə alaraq bu heç də arzuolunan deyil. Çünki mobil rabitəni izləmək və qoşunların dislokasiya yeri barədə məlumat almaq bu yolla asan olur. Ona görə bir sıra ekspertlərin fikrincə, cəbhədəki gərginliyi nəzərə alaraq əsgərlərimizin itkisi barədə ailələrinə dərhal məlumat verilməlidir.
Təhlükəsizlik eksperti Ilham Ismayıl bildirdi ki, Azərbaycan ordusunun son əməliyyatları zamanı maksimum dərəcədə məxfilik qorunub və telefonla əlaqə bu günlərdə dayandırılıb: “Valideynlərin təlaşına gəlincə, bu təbiidir. Amma onlara övladları barədə vaxtaşırı məlumat verilir. Bu tip əməliyyatlarda maksimum məxfilik qorunmalıdır. Tərtərdə belə dinc insanların ön xətdə nə baş verdiyi ilə bağlı məlumat alması çətindir. Hələ proses davam edir. Ona görə hazırkı vəziyyətdə bəzi məqamları gözləmək məqsədəuyğundur”.
Xəyal