Miqrantlar xoş niyyətdən sui-istifadə etməkdə günahlandırılır
Çexiyanın daxili işlər naziri Milan Xovanets ölkə polisini 25 xristian qaçqını Iraqa qaytarmaq üçün bütün mümkün üsullardan istifadə etməyə çağırıb. Həmin qaçqınlar onlara verilmiş sığınacaqdan imtina edib və pasportlarının qaytarılmasını xahiş ediblər.
Onlara verilən sənədlərə görə, aprelin 7-dək qaçqınlar Çex Respublikasının ərazisini tərk etməlidirlər. Daxili işlər naziri hesab edir ki, bu müddət ərzində iraqlıların vətənə qaytarılması təmin olunmalıdır. Milan Xovanets “Twitter” səhifəsində yazıb: “Bu müddətdən qanunun pozulması və ya onları Şengen ərazisinin başqa ölkəsinə köçürülməsi üçün istifadə etmək olmaz. Iraq xristianları Çexiya və onun vətəndaşlarının xeyirxahlığından sui-istifadə ediblər”.
Xatırladaq ki, martın 2-də 25 iraqlı xristian qaçqın yerləşdiyi Okrouqlik-u-Iqlavı şəhərindən özəl nəqliyyat agentliyində icarəyə götürülən avtobusla çıxaraq Şimali Reyn-Vestfaliya federal əyalətinin Esse şəhərinə yollanıb. Qaçqın xristianların Çexiyadan Almaniyaya gizli gedən avtobusu Almaniya polisi tərəfindən gecə saxlanılıb. Miqrantlar Çexiya polisinə təhvil verilib. Onlar Almaniyaya uğursuz qaçışdan əvvəl xarici pasportların qaytarılması üçün ərizə veribmişlər.
Çexiyanın daxili işlər naziri Milan Xovanets “Generace 21” xeyriyyə fondunun xristian qaçqınların köçürülməsinə dair layihəsinin həyata keçirilməsini dayandırıb.
Polisin verdiyi məlumata əsasən, Iraq vətəndaşları Çex Respublikası ərazisinə qaytarılıb və miqrasiya düşərgəsinə yerləşdiriliblər. Onların yerdəyişmə sərbəstliyinin məhdudlaşdırılmaması haqqında qərara yenidən baxılıb. Hazırda qaçqınların Iraqa deportasiya məsələsi müzakirə olunur.
Çexiyanın Baş naziri Boquslav Sobotko daxili işlər naziri Milan Xovanetsin Iraqdan Çexiyaya xristian qaçqınların köçürülməsinə dair layihəni dayandırmaq barədə qərarını dəstəkləyib. “Generace 21” (”21-ci nəsil”) Xeyriyyə Fondunun fəaliyyəti müvəqqəti dayandırılıb. Bu qərar Çexiyanın sığınacaq verdiyi daha 25 qaçqının AI-nin başqa ölkəsinə, çox güman, Almaniyaya və ya Isveçə köçmək üçün pasportlarını geri istəməsi ilə bağlı qəbul olunub. Baş nazir Boquslav Sobotko deyib: “Çex Respublikası turizm agentliyi kimi işləməməlidir. Hesab edirəm ki, biz Iraqdan və ya Liviyadan köçən adamların sadəcə Çex Respublikasında yaşamaq istəyinin nə dərəcədə ciddi olduğunu bu layihənin təşkilatçıları ilə birlikdə yoxlamalıyıq. Onlar burada yeni ev tapmaq, sığınacaq almaq istəyirlərmi, yoxsa beynəlxalq müdafiəyə sığınmaq arzusundadırlar”.
“Generace 21” Fondunun başçısı Martin Fridl Çexiya radiosuna müsahibəsində bildirib ki, daxili işlər nazirinin qərarı onu məyus edib, amma o, bu qərarın səbəbini başa düşür.



