Vətən necə sağ olsun?

sahveled_cobanoglu

Şahvələd Çobanoğlu

Azərbaycan əsgərinə də inanıram, Azərbaycan xalqına da. Azərbaycanın gələcəyinə də. Amma müharibə aparacaq orduya rəhbərlik edənlərə inanmıram. Ali baş komandana inanmıram. Onun yaxası rus medallı komandasına inanmıram. Vətənpərvərliyi yaltaqlığa çevirənlərə inanmıram. Bilirəm ki, ölkəmiz yalanın işğalından azad olunsa, torpaqlarını daha asan qaytara bilərik. Ölkə bütün hallarda müdafiə olunmalıdır, amma öz ölkəsinin və xalqının sərvətlərini oğurlayanların bunun üçün fədakarlıq edəcəyinə və doğru yol tutacağına inanmıram.

Azərbaycanı neft ölkəsindən səfalət səltənətinə çevirən bir rejimin ölkəyə uğurlar gətirəciyinə inanmış olduğumu desəm, riyakarlıq etmiş olaram. Öz xalqıma yalan danışmış olaram.
Bəli, bütün acılarda, bütün hallarda bir deyimimiz var – Vətən sağ olsun!

Amma Vətəndə niyə ədalət və haqq olmasın? Vətəndə niyə ən adi işlər yolunda olmasın? Vətəndə niyə bərabərlik olmasın? Vətən və vətəndaş niyə bu gündə olmalıdır?

Vətən ədalət istəyir. İstəyir ki, güclü olsun! O qədər güclü və ədalətli olsun ki, arxasında Rusiyanın namərd barmağı dayanan mənfur erməni işğalı bitsin.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.