Savaş “dava-dava” oyunu da deyil

saadet-cahangir-koseSəadət Cahangir

Şübhəsiz, müharibə ən çirkin siyasi oyundur.  Yüz illərdir insanlara olmazın acılar yaşadan oyun. Bunu danmaq fikrində deyiləm. Amma belə görünür ki, insanlıq hələ böyük faciələr yaradan bu oyundan imtina edəcək qədər yetkin də deyil. O üzdən, sonuncu savaşın neçə yüz ildən sonra bitəcəyini də kimsə bilmir. Bütün bunları bilə-bilə durub fəlsəfə xırdalamağa, sülh mələyi roluna girməyə ehtiyac varmı? Yoxdur, əlbət. Özünüzü gülünc günə qoymayın. İşğalçının biri gəlib sənin torpağına soxulacaq, üstünə silah tuşlayacaq, doğmalarını öldürəcək, evini yandıracaq, sən də mənə humanizm nağılı danışacaqsan. Bu uşaqlıqda divar arxasına girib oyuncaq avtomatla “dava-dava” oynamaq deyil sizin üçün. Burda qovmasan, qovarlar, qanını almasan, canını alarlar, öldürməsən, öldürərlər.  Hələ qarşındakı da qansızın, işğalçının, faşistin biridirsə. Hələ bir də haqlı, təcavüzə uğramış, doğmaları qətl edilmiş, yurdu viran edilmiş tərəfsənsə. Hələ bir də soyqırıma məruz qalmış məsum körpələrin, gənc qızların, yaşlı insanların qanı var qarşındakı nakəslərin üstündə.  20 faiz torpağı işğal olunmuş, 12 min şəhid vermiş bir ölkənin vətəndaşı işğalçının mənbəyinə əsaslanıb, onun uydurulan uşaq ölümünə sızlanırsa, deyəcək söz qalmır… Allah xatirinə, susun, bu yerdə saxta humanizmdən  dərs keçənlərə deyəcəklərim ağır gələr. Həm də çox ağır…

Əlbəttə, sərhəd bölgəsində baş verənlər bir daha ciyərimizi parçaladı. Yenidən 12 evə atəş düşdü, yenidən 12 ananın fəryadı göylərə qalxdı. Ortada acı bir gerçək var. Qəsbkar və havadarları əl uzadıb evimizin içində doğmalarımızı öldürürlər. Biz də düşmənin üstünə getməyin, qisas almağın, qaniçənin ağzını ovmağın zamanı çatdığını deyirik. Elə bu məqamda sosial şəbəkələrdə “humanizm” damarı şahə qalxan bir qrup peyda olub, hücuma keçir, halal haqqını bərpa etmək istəyən insanları siyasi oyunlarda yer almaqda ittiham edir. Adama deyərlər, sən o müharibənin nə olduğunu bilirsən? Bir  itini, pişiyini və ya toyuğunu itirmisən o davada? Heç olmasa, dava gedən yerlərin 50 kilometrliyindən keçmisən? Bu  ölkədə müharibə dəhşətlərini öz həyatında “gözdolusu” yaşamış yüz minlərin olduğunu bilirsən?  Yüz lənətlik müharibə bir insan həyatına belə dəyməz, doğru. Lakin bu gerçək hələ ki, dünyanın minillik düzənində heç nəyi dəyişə bilmir. Siz bu davada xatirələrini, xəyallarını, arzularını, əzizlərini itirmiş insanların qatillərindən qisas almaq haqqına hökm edə bilməzsiniz. Buna heç bir haqqınız çatmır çünki. Çünki müharibələrin qəddar qanunları var. Çox zaman da onlardan kənara çıxmaq imkansızdır nə yazıq ki. İşğalçıya qalib gəlmək üçün isə “ölüm-dirim” savaşı üçün bütün imkanlarını səfərbər etməlisən. Həm ruhla, həm güclə, həm psixoloji üstünlüklə, həm də informasiya yayımını və ölkə insanının davranışını düzgün yönləndirməklə…

Müharibələr ən acı fəlakətlər və faciələr gətirir. Ancaq zorla çəkildiyin bir savaşın qanunlarından kənara çıxa bilməzsən. Tarixdən kiçik bir örnək. 1526-cı ilin 29 avqust tarixində Osmanlı padşahı Qanuni Sultan Süleyman və macar kralı II Lajosun rəhbərliyi ilə tarixin ən qanlı savaşı baş verir. Sadəcə iki saat sürən savaşda osmanlılar macarları darmadağın edir.  20 yaşlı gənc kral da savaş meydanından qaçarkən bataqlığa düşür, geyiminin ağırlığından çıxa bilməyib ordaca boğulur. Tarixçilər yazır ki, bu döyüş o tarixdə Avropanın ən güclü dövlətlərindən biri olan macarların həyatını həmişəlik dəyişdi və onlar bir daha əvvəlki güclərini bərpa edə bilmədilər. Bəli, savaş qanunlarının diktəsi başqadır. Ona uymaq, onunla ayaqlaşmaq zorundasan. Yoxsa, çox şeyini itirərsən. Gücünü də, vətənini də, kimliyini də, simanı da…