Tənqidçi vəkillərə qarşı repressiya davam edir; daha biri Kollegiyadan çıxarılır VİDEO

muzeffer baxis

Müzəffər Baxışov Ali Məhkəmənin sədrini tənqid etdiyinə görə cəzalandırılır

Siyasi sifarişlə həbs olunan, haqqı pozulan şəxslərin hüquqlarını müdafiə edən tanınmış vəkillərdən daha biri – 16 saylı hüquq məsləhətxanasının vəkili Müzəffər Baxışov Vəkillər Kollegiyasından xaric edilib. Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın müraciəti əsasında bu gün Vəkillər Kollegiyası Rəyasət Heyəti belə bir qərar çıxarıb. Qərara əsasən Müzəffər Baxışovun vəkillik fəaliyyəti dayandırılıb. Onun vəkilliyinə xitam verilməsi üçün Kollegiya yaxın vaxtlarda məhkəməyə müraciət edəcək.

Iclasda ümumiyyətlə, bir sıra tanınmış vəkillərin, o cümlədən Bəhruz Bayramov, Adəm Məmmədov, Elçin Sadıqov və digərlərinin işinə baxılıb.

Adəm Məmmədovdan müğənni Röya Ayxan şikayət edib. Lakin Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şikayətə baxmağı məqsədəuyğun saymayıb. Bildirilib ki, müğənni nədənsə narazıdırsa, bununla bağlı məhkəməyə müraciət edə bilər.

Elçin Sadıqov və Bəhruz Bayramovdan isə Ali Məhkəmənin hakim Fərhad Kərimov şikayət edib. Şikayət bugünlərdə həbsdən buraxılan jurnalist Pərviz Həşimlinin işi üzrə Ali Məhkəmədə keçirilən iclasda vəkillərin iştirak etməməsilə bağlı olub. Pərviz Həşimli özü məhkəmənin təxirə salınmasını istəyib və bu səbəbdən də vəkillər məhkəməyə bu barədə məktub göndəriblər.

Fərhad Kərimovun şikayəti əsasında vəkillərdən Bəhruz Bayramova töhmət verilib, Elçin Sadıqova isə xəbərdarlıq edilib.

Ramiz Rzayev barədə öz fikrimdə qalıram…”

Müzəffər Baxışov barəsində çıxarılan qərarı jurnalistlərə açıqlamasında şərh edərkən Ali Məhkəmənin sədri Ramiz Rzayev barəsində mütəmadi səsləndirdiyi tənqidi fikirlərə görə cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, Tatyana Qoldmanın şikayəti də elə Ramiz Rzayevlə bağlı olub: “12 noyabr 2015-ci ildə Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən ciddi qanun pozuntusuna yol verilmişdi. Həmin işə də hakim Tatyana Qoldmanın sədrliyilə baxılmışdı. O, heç bir hüquqi əsası olmayan qərar qəbul etmişdi. O işdəki tərəflərdən biri Müdafiə Nazirliyinin keçmiş stomotoloji poliklinikasının rəisi Fərhad Cavadov idi. Məndə də dəqiq məlumat vardı ki, Fərhad Cavadov Ali Məhkəmənin sədri Ramiz Rzayevin şəxsi diş həkimidir və Ramiz Rzayevin göstərişilə onun xeyrinə qərar verilmişdi. 17 noyabrda ”moderator.az” saytına müsahibədə bu qərarın Ramiz Rzayevin göstərişi ilə qəbul edildiyini qeyd etmişdim. Müsahibədə səsləndirdiyim fikirləri götürərək, saxta bir məhkəmə iclas protokolu tərtib olunub ki, guya mən bu sözləri 12 noyabrda məhkəmə iclasında demişəm. Tatyana Qoldman həm müsahibəmi, həm də saxta məhkəmə iclas protokolunu Vəkillər Kollegiyasına göndərib. Vəkillər Kollegiyası da heç bir araşdırma aparmadan Ramiz Rzayevin şifahi göstərişi ilə saxta bir rəy tərtib edib. Rəy veriblər ki, guya mən Ramiz Rzayev barəsində əsassız fikirlər söyləmişəm. Bu əsasla da Vəkillər Kollegiyasından xaric edilməyim barədə məhkəməyə müraciət ediləcək. Mən də onlara bildirirəm ki, mənim Ramiz Rzayev barəsində səsələndirdiyim fikirlər tam həqiqəti əks etdirir, mən böhtan söyləməmişəm. Azərbaycanda məhkəmə sisteminin iflic vəziyyətə düşməsində bir nömrəli şəxs Ramiz Rzayevdi. Mən Ramiz Rzayevin savad səviyyəsilə bağlı da öz fikrimdə qalıram”.

Vəkillərə basqılar

Qeyd edək ki, Müzəffər Baxışov vaxtaşırı ölkədəki hüquq sistemini, məhkəmələrin vəziyyətini, vəkilliyin durumunu tənqid edən çıxışları ilə seçilir.

Azərbaycanda tənqidçi vəkillərin Kollegiyadan uzaqlaşdırılması ənənəsi xeyli müddətdir davam edir. Son dövrlərdə bir neçə nüfuzlu vəkil – Xalid Bağırov, Aslan Ismayılov, Əlayif Həsənov, Namizəd Səfərov, Lətifə Əliyeva, Elçin Namazov və digərləri Vəkillər Kollegiyasından çıxarılıb. Bundan başqa, Intiqam Əliyev, Ənnağı Hacıbəyli kimi beynəlxalq səviyyədə tanınan hüquqşünaslar Vəkillər Kollegiyasına qəbul edilmir.

Aytən