YAP-çı deputat Mirkazım Kazımovun adamlarının Yardımlının Tilə kəndinin torpağını daşımaqla məşğul olduğu barədə məlumat vermişdik. Həmin məlumat Tilə kənd sakinlərinə istinadən dərc edilmişdi. Sakinlər bildirirdi ki, hər gün xeyli sayda “Şaqman” maşınları kəndin torpağını daşıyır və bu prosesə Mirkazım Kazımovun adamları rəhbərlik edir.
Dünən Mirkazım Kazımov redaksiyamızla əlaqə saxlayaraq məlumatın əsassız olduğunu bildirib. Bundan başqa Tilə kəndinin sakinləri G.Paşayev, Əhmədağa Mirağazadə, Həsənağa Imanov və Ilham Ağayevin adından redaksiyamıza teleqram daxil olub. Sakinlər bildirir ki, Tilə kəndinin aşağı hissəsində qaxılan torpaq ipək yolunun çəkilişi üçün aparılır. Onların sözlərinə görə, bu məsələnin Mirkazım Kazımova aidiyyəti yoxdur. Redaksiyamıza Ilqar Adıyev, Feyzi Nuriyev, Dilavər Məmiyev, Nicat Alışov, Namiq Nəciyev, Niyaməddin Ağayev və Xalid Ziyadlı adlı şəxslər də teleqram vurub. Onlar Yardımlı rayonunun ziyalıları adından Mirkazım Kazımov barədə dərc edilən yazının araşdırılmasını xahiş ediblər. “Mirkazım müəllim siyasətçi və ağsaqqalımızdır. Tilə kəndindən torpaq daşınmasından onun heç bir xəbəri yoxdur”, – deyə Yardımlı ziyalılalır bildirir.
Biz də öz növbəmizdə hörmətli ziyalıların diqqətinə çatdırırıq ki, Mirkazım Kazımov həqiqətən də onların ağsaqqaldırsa, o zaman ondan “Azadlıq”a olan 70 min manat borcunu qaytarmağı xahiş etsinlər. Ona izah etsinlər ki, ağsaqqal belə iş tutmaz. Ağsaqqal başqalarının pulu hesabına yaşamaz.