Məhkəmə Emin Millinin qaynını həbsdən buraxmadı

emin-milli2Bakı şəhər Baş Polis Idarəsi Nazim Ağabəyovun işi ilə bağlı sorğuya nə cavab verib?

“Meydan TV”nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ötən iclasda qərar verilmişdi ki, Nazim Ağabəyovla bağlı əməliyyat və istintaq hərəkətlərinin vaxtının, yerinin müəyyənləşdirilməsi üçün Bakı şəhər Baş Polis Idarəsinin qeydiyyat kitabına baxış keçirilsin, həmçinin onun barəsindəki cinayət işindən ayrılmış materialların taleyi haqda məhkəməyə məlumat verilsin. Bu məqsədlə məhkəmə polis idarəsinə sorğu göndərib.

Dünən keçirilən məhkəmə iclasında hakim Əfqan Hacıyev sorğulara verilən cavabları elan edib.

Bildirilib ki, idarədə cinayət işinin materiallarının qeydiyyatı elektron sənəd dövriyyəsindədir, yəni onun kitabının təqdim edilməsi mümkün deyil. Nazim Ağabəyovun barəsindəki cinayət işindən ayrılmış materiallara gəlincə, qeyd olunub ki, onlar Binəqədi Rayon Polis Idarəsinin Istintaq Şöbəsinə göndərilib.

Məhkəmənin sorğusuna bu cür cavab verilməsi Nazim Ağabəyovun vəkili Adil Ismayılovu hiddətləndirib:

“Yəni istintaq hərəkəti protokollarının qeydiyyatı elektron verilir? Olmaz axı belə şey… Mümkün deyil. Onların elə yazmağıyla deyil ki! Mən kitabı istəmişəm. Bu, mənim sorğuma cavab deyil. Belə çıxır ki, sorğuya cavab verilməyib”.

Müzakirələrdən sonra qərara alınıb ki, məhkəmə Bakı şəhər Baş Polis Idarəsinə yenidən sorğu göndərsin.

“Özü də sorğuya cavab verəndə qeydiyyat kitabının özünü göndərsinlər! Daha kitabdan çıxarışı yox!”, – deyə Adil Ismayılov əlavə edib.

Daha sonra vəkil Nazim Ağabəyov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə şifahi vəsatət qaldırıb. Vəkil vəsatətini əsaslandırarkən qeyd edib ki, məhkəmə prosesləri Nazim Ağabəyovun günahsız həbsdə saxlanıldığını göstərdi.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi aprelin 11-də davam edəcək.

IT mütəxəssisi olan Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur. O, 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Ağabəyov ittihamı rədd edir və narkotikin üzərinə polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.