Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bildirilib ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib: “Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib”.
Qeyd olunub ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib: “Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır”.
“Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir. Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib. Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq” – deyə məlumatda bildirilib (lent.az).
***
Aprelin 2-nə keçən gecə cəbhə xəttində yenə şiddətli atışma və gərginlik yaşanıb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:
“Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”.
***
Atəşkəs rejimini pozması nəticəsində Azərbaycandan bir mülki şəxs həlak olub, biri isə yaralanıb. APA-nın məlumatına görə ermənilərin ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.
***
Azərbaycanın Xarici İşlər Nazirliyi də cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb: “Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz əməllərin nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar və şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar vardır”.
XİN-dən bildirilir ki, beynəlxalq humanitar hüquqa uyğun olaraq, üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır6 “Təcavüzkar və işğalçı dövlət kimi, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
***
Erməni mətbuatı bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS PRESS-ə deyib ki, bu məlumat tamamilə yalandır. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir.
***
Rusiya XİN-nin rəhbəri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları Elmar Məmmədyarov və Edvard Nalbandyanla Qarabağdakı vəziyyəti müzakirə edərək, münaqişə zonasında zorakılığın dayandırılması üçün vəziyyətə təsir göstərməyə çağırıb. Bu barədə RİA Novosti-yə Rusiya XİN-dən bildiriblər.
“Rusiya prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların bərpasına reaksiyasının, həmçinin Rusiya tərəfinin vəziyyətin normallaşması üçün atdığı addımlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əlaqələrin ardı olaraq, Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə danışaraq, zorakılığın dayandırılması üçün vəziyyətə təsir göstərməyə çağırıb”, – deyə, Rusiya XİN-dən bildiriblər.
***
“Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı təmas xəttində hərbi əməliyyatların başlanması barədə xəbərlərdən dərin narahatlıq keçirir”.
Bunu isə Putinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya prezidenti münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağırır.
***
Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları aparıb. Bu barədə RİA “Novosti” agentliyi xəbər verir. Bildirilir ki, S. Şoyqu tərəflərlə Dağılq Qarabağdakı təmas xəttində vəziyyətin gərginləşməsini müzakirə edib.
***
Cəbhə bölgəsində baş verənlərlə bağlı AXCP sədri Əli Kərimli bəyanatla çıxış edib. O, feysbuk səhifəsində yazıb:
İşğalçı erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhə bölgələrində gərin vəziyyət yaranıb. Bir sıra cəbhəətrafı rayonlarda artileriya və digər ağır silahların da iştirakı ilə əsl döyüşlər gedir. Azərbaycanın dinc əhalisindən artıq ölən və yaralananlar da var. Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm. İnanıram ki, ordumuz torpaqlarımızı rəşadətlə müdafiə edəcək, üzərimizə hücum etmiş işğalçıların və onların havadarlarının arzularını gözündə qoyacaq.
Azərbaycan hakimiyyətini erməni işğalçıları və havadarlarının atəşkəs rejimini pozmasının dünya birliyi tərəfindən pislənməsinə və atəşkəsin bərpa edilməsinə nail olmaq üçün aktiv diplomatik fəaliyyətə çağırıram. Hakimiyyət cəbhədə baş verənlərlə bağlı həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə operativ və dürüst məlumat verməli, atəşkəs rejimi bərpa olunana qədər döyüşən ordumuzu dövlətin bütün imkanları ilə hər mənada dəstəkləməlidir.
Dualarımız əsgər və zabitlərimizlədir. Allah Azərbaycan əsgərini qorusun.
***
«Bu gün Qarabağ cəbhəsində baş verən gərginlikdə birbaşa bu ölkəyə himayədarlıq edən Rusiya izi görünür. Özü də açıq aydın görünür. Rusiya prezidenti V.Putin-in tərəfləri atəşkəsə çağırması isə özünü sığortalamaqdan başqa bir şey deyil».
Bunu Azadlıq Radiosuna hərbi ekspert Üzeyir Cəfərli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın regionda fərqli siyasət yürütməsi, Türkiyənin yanında olması heç də Rusiyanı razı salan məqam deyil: «Buna görə də Ermənistandan bu gərginlikdə «alət» kimi istifadə edilir və deyəsən, bunu anlamaq istəmirlər».
Ü.Cəfərli bu gərginliklə dövlət başçısı İlham Əliyevin ABŞ səfəri arasında birbaşa əlaqə olduğunu deyir: «Buna hər hansı şübhəm yoxdur. Dövlət başçısı İlham Əliyevin ABŞ səfəri ilə bu hadisələr arasında birbaşa əlaqə var. Çünki Rusiya Azərbaycanın Qərblə sıx təmasda olmasını istəmir və bunu açıq aydın büruzə verir. Bu gün Qarabağda açılan atəşlər həm də Azərbaycan dövlətinin müstəqil siyasi kursuna açılan atəşdir».
O, düşünür ki, Ermənistanın himayədarı olmasa, cəbhədə atəşkəsi poza bilməz: «Burada bir məqsəd də var ki, Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətləri bu münaqişəyə cəlb etmək istəyir. Ən maraqlısı budur ki, bu təşkilatda olan dövlətlərdən heç biri Ermənistana atəşi dayandırmaq çağırışı etməyib».
Ü.Cəfərlinin fikrincə, dünya birliyi buna son qoymalıdır: «Ortada BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməli olan 4 qətnaməsi var. Amma dünya Ermənistandan bunun icrasını ciddi şəkildə tələb etmir. Nə qədər ki, məsələyə belə yanaşma var, belə hallar davam edəcək».



