“Bütün varlığımızla ordumuzun yanındayıq” – Əli Kərimlidən bəyanat

akarimli-yeni5Cəbhə bölgəsində baş verənlərlə bağlı AXCP sədri Əli Kərimli bəyanatla çıxış edib. O, feysbuk səhifəsində yazıb:

İşğalçı erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhə bölgələrində gərin vəziyyət yaranıb. Bir sıra cəbhəətrafı rayonlarda artileriya və digər ağır silahların da iştirakı ilə əsl döyüşlər gedir. Azərbaycanın dinc əhalisindən artıq ölən və yaralananlar da var. Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm. İnanıram ki, ordumuz torpaqlarımızı rəşadətlə müdafiə edəcək, üzərimizə hücum etmiş işğalçıların və onların havadarlarının arzularını gözündə qoyacaq.

Azərbaycan hakimiyyətini erməni işğalçıları və havadarlarının atəşkəs rejimini pozmasının dünya birliyi tərəfindən pislənməsinə və atəşkəsin bərpa edilməsinə nail olmaq üçün aktiv diplomatik fəaliyyətə çağırıram. Hakimiyyət cəbhədə baş verənlərlə bağlı həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə operativ və dürüst məlumat verməli, atəşkəs rejimi bərpa olunana qədər döyüşən ordumuzu dövlətin bütün imkanları ilə hər mənada dəstəkləməlidir.

Dualarımız əsgər və zabitlərimizlədir. Allah Azərbaycan əsgərini qorusun.