Əkrəm Əylisliyə cinayət işi açmaq nəyə lazım idi?

ekrem_eylisliHökumət yenə də hədəfi nişan ala bilmədi

Hökumət həmişəki kimi qaş düzəltdiyi yerdə göz çıxardıb.  Bildiyiniz kimi yazıçı Əkrəm Əylisli martın 30 -da hava limanında saxlanılıb. O, Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Daha sonra məlum oldu ki, yazıçı Əkrəm Əylisliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Bəli, dünənə qədər gündəmdə olmayan, hamının unutduğu adam qəfildən ölkənin gündəminə çevrildi. Üstəlik, Italiyanın “Corriere della Sera” qəzeti Əkrəm Əylislinin Festivalda edəcəyi çıxışı dərc edib. Qeyd edək ki, bu qəzet 400 min tirajla çap olunur.

Əkrəm Əylisli “Daş yuxular” romanına görə ciddi təzyiqə məruz qaldı, kitabları yandırıldı, təhdid edildi və s.  Təbii ki, heç kim bu kitabda yazılanları təqdir etmir və yazıçını müdafiə etmək niyyətimiz də yoxdur. Sadəcə olaraq hökumətin növbəti biabırçı addımına diqqət çəkmək istəyirik.

Birincisi, 78 yaşlı adamı xuliqanlıqda ittiham etmək, kiməsə yumruq atdığını tirajlamaq cılızlıqdır. Yəni, ciddi, ağlabatan ittiham irəli sürməyə də fantaziyaları çatmayıb.

Ikincisi, hökumət bu addımla Əkrəm Əylisliyə yaxşılıq etmiş oldu və özünə qarşı yeni arqumentlər yaratdı. Əgər Əkrəm Əylisliyə qarşı biabırçı ittihamla cinayət işi açılmasaydı, Əkrəm Əylisli nə mətbuatın gündəminə çevrilərdi, nə də nüfuzlu Italyan qəzeti onun çıxışını dərc edərdi. Amma proses bununla da yekunlaşmır. Yazıçıya qarşı bu addım hökumətin avtoritar mahiyyəti ilə əlaqələndiriləcək, söz azadlığına növbəti basqı kimi qiymətləndiriləcək.

Guya, Əkrəm Əylisli hökumət üçün hansı təhlükə yaradırdı ki?  Onun Italiyadakı tədbirdə iştirak etməsi, ölkədən çıxması  nəyi dəyişəcəkdi? “Qaşınmayan yerdən qan çıxartmaq” buna deyirlər. Yəni, dünənə qədər “Daş yuxular”a görə Əkrəm Əylislini hədəf seçən hökumət, bu gün Əkrəm Əylisli vasitəsilə öz başına daş vurur.

Demək istəyirik ki, “Daş yuxular”a görə bu adama qarşı münasibət bildirildi, ən ağır ittihamalr səsləndirildi və bundan sonra onu xuliqan çıxartmağa Brus Liyə çevirməyə ehtiyac yox idi.

Müxtəsər, hökumət hər addımda öz mahiyyətini göstəməkdədir.  Eldar Mahmudova cinayət işi açmağa cəsarətləri çatmır, 78 yaşlı adama xuliqanlıq maddəsiylə cinayət işi açırlar.

Samir