Dostlar! Sov.İKP MK-nın tapşırığına uyğun olaraq 1959-cu ilin iyul ayının 6-da səhər Azərbaycan KP MK-nın büro iclası keçirildi. Büronun iclasına İmam Mustafayev sədrlik edir, onun işində İlyas Abdullayev, Tofiq Allahverdiyev, Vəli .Axundov, Abdulla Bayramov, Məmməd İsgəndərov, M.Məmmədov, Sabit Orucov, Dmitri Yakovlev və Sov.İKP MK katibi Nurəddin Mühitdinov, habelə Moskvadan gələn digər şəxslər iştirak edirdi. Büro Mustafayevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən çıxarılmasını və günortadan sonra işə başlayacaq respublika kompartiyasının IX plenumunun qərarını müzakirə etdi.
Mustafayevin özünün vəzifədən çıxarılmasını müzakirə edən büronun iclasına sədrlik etməsi XX qurultaydan sonra Sovet İttifaqında baş verən dəyişikliklərin təzahür formalarından biri idi. Büro iclasında əvvəlcə hələ iyulun 5-də son variantı hazırlanmış “Respublika partiya təşkilatında işlərin vəziyyəti, Azərbaycan KP MK bürosunun və MK-nın birinci katibi İmam Daşdəmir oğlu Mustafayev yoldaşın işindəki ciddi nöqsanlar və səhvlər haqqında” IX plenumun qərarı Vəli Axundov tərəfindən oxundu. Mühitdinov qərarın ideoloji işlə bağlı hissəsinin gücləndiril¬məsini təklif etdi və bildirdi ki, Mirzə İbrahimovun qabağı vaxtında alınmalı idi, rus məktəblərində Azərbaycan dilinin tədrisi ilə bağlı qanunu qəbul etməmək də olardı, Tbilisiyə Mirzə Fətəli Axundovun cəsədi üçün getməyə lüzum yox idi.
Mühitdinovun xatırlatdığı Mirzə Fətəlinin məzarının Tbilisidən Bakıya köçürülməsi ilə bağlı məsələ 1957-ci ilin mart ayında baş vermişdi və Moskva bundan bərk narazı qalmışdı. Mustafayev həmin vaxt Zaqafqaziya hərbi dairəsinin hərbi şurasının Tbilisidə keçirilən iclasına çağrılmışdı.Onun səfəri Mirzə Fətəli Axundovun 145 illik yubileyi ərəfəsinə təsadüf edirdi ki, bu böyük mütəfəkkirin həyatının xeyli hissəsi bu şəhərlə bağlı idi. 1957-ci ildə M.F.Axundovun yubileyi ərəfəsində respublika rəhbərliyi məlumat almışdı ki, onun məzarı Tbilisidə son dərəcə bərbad vəziyyətdədir. İmam Mustafayev belə hesab edirdi ki, Gürcüstan rəhbərliyi M.F.Axundovun məzarına sayğı ilə yanaşmır. Mirzə İbrahimov vəziyyətlə tanış olmaq üçün Tiflisə ezam olunmuşdu və məlum olmuşdu ki, doğrudan da məzar baxımsız vəziyyətdədir.
Məsələ rəhbərlikdə müzakirə olunan zaman əvvəl belə qərara alınmışdı ki, Axundovun məzarını Tbilisidən Bakıya köçürsünlər. Hət¬ta Zaqafqaziya hərbi şurasının iclasında iştirakla bağlı Mustafayevin Tbilisiyə səfəri ərəfəsində Nazirlər Sovetinin sədri Sadıq Rəhimova tapşırıq verilmişdi ki, məzarı köçürmək üçün maşın və Qazaxda xüsusi vaqon hazırlansın. M.F.Axundovun qəbirüstü abidəsinin qoyulması üçün təcili olaraq heykəltəraş İbrahim Zeynalova onun büstünün hazırlanması sifariş edilmişdi. Lakin Gürcüstan tərəfi Azərbaycan rəhbərliyinin narazılığını görüb təcili şəkildə M.F.Axundovun məzarının bərpasına başlamışdı. İmam Mustafayev Tbilisidə olarkən hərbi şuranın iclasından sonra Gürcüstan Nazirlər Sove¬tinin sədri Qivi Cavaxaşvilinin və KP MK-nın ikinci katibi Pavel Kovanovun müşayiəti ilə M.F.Axundovun məzarına baş çəkmişdi, bərpa işlərinin başa çatdırıldığını görmüş və bundan sonra o, məzarın köçürülməsi fikrindən daşınmışdı. Amma Gürcüstan rəhbərliyi Axundovun məzarını bərpa etsə də, Mustafayevin bu “dikbaşlığı” haqqında Moskvaya məlumat göndərmişdilər.
Mühitdinov Mustafayevə qarşı Mirzə Fətəlinin məzarı ilə bağlı ittiham irəli sürəndə bunu nəzərdə tuturdu. Büro iclasında Mühitdinov Azərbaycan rəhbərliyinin M.F.Axundovun məzarının Bakıya köçürülməsi ideyası haqqında, bu məqsədlə Mustafayev və İbrahimovun Tbilisiyə səfəri haqqında məlumat istədi. Onlar M.F.Axundovun məzarını ziyarət etməkdə heç bir qəbahət görmədiklərini dedilər. Məsələyə müdaxilə edən İvan Şikin kinayəli formada əlavə etdi ki, Tbilisidə olarkən Mustafayev qərara gəlmişdi ki, gürcü yoldaşlar Axundovun məzarına elə də yaxşı baxmırlar. Bundan sonra Ali Sovetin Rəyasət Heyətinin keçmiş sədri Mirzə İbrahimovla birlikdə Axundovun məzarına getdilər. Yoldaş Mustafayev, Tbilisidən döndükdən sonra oradakı vəziyyəti elə faciəli formada təsvir edirdi ki, sanki Axundovun sümükləri qəbirdə sızıldayırdı. Şikinin atmacasından sonra Mühitdinov Mustafayevə müraciət etdi ki, sən özün bu məsələlər haqqında danış və səhvlərini etiraf et ki, bütövlükdə partiya təşkilatı yol verilmiş nöqsanlarda günahlandırılmasın. Sonra Mühitdinov büro üzvlərinə dedi: “Qərarda İmam Mustafayevin ünvanına yazmaq lazımdır ki, o, yetkin siyasi xadim deyildir və tənqiddən lazımı nəticələr çıxarmayıb. Bu hissəni Nikita Sergeyeviç necə deyibsə, elə də yazmaq lazımdır, yeri gəlmişkən o, bunu öz adından deyil, Rəyasət Heyətinin adından deyib.”
Bir sıra büro üzvləri Mirzə İbrahimov haqqında büronun və plenumun qərarında ciddi bir şey yazılmadığından, ona bəraət verən maddələrin sənədə salındığından narazılıq etdilər. Hətta onun MK üzvlüyündən və Sov.İKP MK-nın təftiş komissiyasının üzvlüyündən azad olunmasını təklif edənlər də oldu. Eyni fikirlər Sadıq Rəhimov haqqında da səsləndirildi. Bəzi büro üzvləri Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayevi də millətçilikdə günahlandırıb onun vəzifədən azad olunmasını tələb etdilər. Vəli Axundov plenumun ayrı-ayrı şəxslərə qarşı yönəlməsinin əleyhinə oldu. O dedi ki, Mirzə İbrahimovun səhvləri var, lakin bununla yanaşı onun müsbət cəhətləri də çoxdur.
Ötən plenumda biz onun məsələsini necə lazımdırsa müzakirə etmişik, qərarda da onun haqqında nə lazımsa yazmışıq, bu, yetərlidir. Əgər Mirzə İbrahimova münasibətdə biz belə mövqe tutsaq, onda gərək millətçilik haqqında daha çox danışmağa rəvac verək. Bizə isə dedilər ki, qarşıdurma yaratmaq lazım deyil, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Sadıq Rəhimovun yerliçiliyinin tənqid olunması barədə bizim büronun qərarı var və həmin qərar qüvvədə qalır, məruzədə də birbaşa deyilir ki, Sadıq Rəhimov yerliçilik edib, təzədən onun adını qərara salmağa ehtiyac yoxdur.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.