Rəhim Qazıyevdən İlham Əliyevə təsirli müraciət

rehim-qaziyev-metbuat-konfransiKeçmiş müdafiə naziri Rəhim Qazıyev ölkə başçısına açıq məktub yazıb. Məktubda deyilir:

“Cənab prezident – Ali Baş Komandan!
Azpolitika gündəlik ictimai-siyasi onlayn qəzetinin 28.03.2016 (saat 19-01) tarixli sayında
“Müdafiə Nazirliyində Şok! – idarə rəisinin poqonları söküldü”
başlıqlı rəsmi informasiyanı oxuduqdan sonra ünvanınıza aşağıdakı məzmunda növbəti açıq məktub yazmağa qərar verdim. Baxmayaraq ki, indiyə kimi tərəfinizdən təcili araşdırılmasına və tədbir görülməsinə çox zəruri ehtiyac olan ünvanınıza yazıb göndərdiyim rüşvət, talançılıqla zəngin məktubların bircəciyinə də cavab verməyibsiniz.
Son 23 ildə ölkəmizdə rüşvətxorluq, korrupsiya total talançılıq, anarxiya misli görünməmiş həddə çatıb. Gizlədilməsi mümkün olmayan talançılığın, quldurluğun hansı səviyyədə inkişaf edib, qarşısı alınmaz həddə çatdığını, vaxtaşırı keçirdiyiniz müşavirələrdə dəfələrlə özünüz də etiraf etmisiniz. Gömrükdə, karqoda, nəqliyyat, vergilər, səhiyyə, təhsil nazirliklərində, komitələrdə, baş idarələrdə, artıq həyat norması kimi qəbul olunan düşməncəsinə qarət şiş kimi vətəndaşlarımızın gözünü deşir. Bütün bu əfsanəyə bənzər, lakin danılmaz həqiqət olan talançılıq, soyğunçuluq faktlarının qarşısını almalı olan MTN və digər hüquq müdafiə orqanları, bildiyimiz kimi, bu analoqu olmayan quldurluğa başçılıq edirlər. Ən yaxşı halda isə bu qarətə həvəskar jurnalistlər kimi şərh verirlər.
Ərazisinin 20%-i işğal altında, əhalisinin hər 9 nəfərindən biri qaçqın, köçkün, didərgin olan, 24 illik atəşkəs dövründə, demək olar hər gün şəhid verdiyimiz ölkəmizin Müdafiə Nazirliyində yuxarıda qeyd etdiyim biyabırçı sənədli informasiyanın verilməsi, başda siz, cənab Prezident – Ali Baş Komandan olmaqla, respublikamızın bütün aidiyyatı olan, bilavasitə məsuliyyət daşıyan yüksək ranqlı məmurundan, adi çavuşuna qədər, hər birinizi dərindən düşünməyə, təxirə salmadan sözdə yox, əməldə təcili tədbir görməyə məsul edir! Belə kəskin məzmunlu məktubla şəxsən sizə müraciət etməkdə mən özümü tam haqlı sayıram.

Cənab İlham Əliyev!
O qədər də uzaq olmayan 1993-cü ilin 12 avqustundan sonra atanız – Prezident -Ali Baş Komandan Heydər Əliyev məni Şuşa-Laçının işğalında və həm də külli miqdarda dövlət əmlakını talamaqda ağıla sığmaz, uydurulmuş “faktlarla” ittiham etməyə başladı. Təbii ki, Heydər Əliyevin başladığı və ətrafının böyük canfəşanlığı ilə davam edən tükürpədici ittihamlar məni müttəhimlər kürsüsünə, oradan da indi yerində bayraq meydanı tiktirdiyiniz məşhur “Bayıl” türməsinin 5-ci ölüm korpusuna apardı. Baxmayaraq ki, cənab Heydər Əliyev şəxsən özü 29.07.1993-cü il tarixində MM-in birbaşa canlı yayıma gedən iclasında, Şuşa işğal olunandan 14 ay 21 gün sonra məni Baş Nazirin müavini və Hərbi Sənaye Kompleksinə sədr vəzifəsinə müsbət xarakteristika ilə təqdim etdi və səsə qoydu. Mən vəzifəyə getməkdən imtina etdikdən sonra, yuxarıda qeyd etdiyim tarixdən həyatımın yeni erası başlandı.

Cənab İlham Əliyev!
Müdafiə Naziri işlədiyim on bir ay (17.03.1992 – 20.02.1993) müddətində görülən və şəxsən gördüyüm işlər barədə sizə ünvanladığım və təbii ki, cavab almadığım 02.09. 2015-ci il tarixli (40 səhifə qoşma ilə 24 səhifəlik) məktubumda Şuşa-Laçının işğalı barəsində cinayət işinin ibtidai və məhkəmə istintaqı materiallarındakı təkzib olunmaz faktlarla cavab vermişəm. Həmin cinayət işində mənə verilən ittihamlardan biri, CM-nin 179.3.2 (88-İ)maddəsi ilə təsbit olunmuş xüsusi ilə külli miqdarda dövlət malını talama idi. Cİ materiallarında əksini tapmış “taladığım dövlət əmlakı” barədə çoxsaylı faktlardan bir neçəsini sizə məruzə etdikdən sonra yekun məqsədimi açıqlayacağam.

Cənab İlham Əliyev!
179.3.2 (88-i) maddəsinə əsasən verilən ittihamda nazir işlədiyim müddətdə təltəl (nağd) hesabla götürdüyüm 500 000 (beş yüz min) ABŞ dolları və 25 000 000 (iyirmi beş milyon) Rus rublu alıb son qəpiyinə kimi mənimsədiyim “sübuta yetirildiyi” iddia olunur.
51 cildlik 11 000 səhifəlik Cİ-nin istintaq materiallarına daxil edilmiş çoxsaylı faktlardan bir neçəsinə total talançılığın tüğyan etdiyi, inkarı qeyri-mümkün olan indiki dövrdə müqayisə xatirinə diqqətinizə çatdırmağı zəruri hesab edirəm.

Cənab İlham Əliyev!
Nəzərinizə çatdıracağım aşağıdakı bütün faktların C.İ materiallarında hansı cildə, hansı iş vərəqinə aid olduğu qeyd olunacaq.
1. Bilavasitə şəxsi təşəbbüsümlə o dövürdəki respublika rəhbərliyindən kimsənin müdaxiləsi olmadan ölkəmizə gətirdiyim ümumi dəyəri 112 000 000 (yüz on iki milyon) ABŞ dolları olan 2 ədəd ИЛ-76 МД, 1 ədəd ТУ-134-A-3 təyyarəsinə respublika büdcəsindən bir qara qəpik də olsun pul ödənilməyib! (Cİ. Cild-47 İş vərəqi 35) Bu qeyd etdiyim faktı MN-nin HHMQ və HHQ-nin komandanı mərhum general-leytenant Rahil Rzayev o vaxtkı Apellyasiya Məhkəməsinin sədri xanım G.Rzayevanın sorğusuna 11.03.2003-cü il tarixli 17/105-118 saylı məktubu ilə rəsmi cavab verir.
2. МИГ-21 СМТ- 2 ədəd. Dünya bazarında həmin dövürdə hər birinin qiyməti 1.5 milyon (bir milyon beş yüz min) $ olduğu halda (ikisinin birlikdə qiyməti 3 milyon ) cəmi 50 000 (əlli min) $-a 12.12.1992-ci il tarixində alınıb.
Bax: C.İ-nin materialları cild 50 iş vərəqi 182
3. СУ-25 (zavoddan təzə) hər birinin qiyməti 12 000 000 (on iki milyon) $ olduğu halda, ikisini birlikdə 9 000 000 (doqquz milyon) $-a aldıq, nəticədə isə həmin doqquz milyon dolların cəmisi 1.7 (bir milyon yeddi yüz min) verdim, 7.3 milyon dollar isə dövlət büdcəsində qaldı. C.İ. cild-45, iş vərəqi 175-178.

Qeyd: Həmin təyyarələri aldığımız ölkəyə nəzərdə tutulan məbləğin müəyyən hissəsi neft və neft məhsulları ilə ödənməli olduğundan müqaviləni bağlamağa müavinimlə birlikdə, mənim xahişimlə Rəsul Quliyev də getmişdi.

4. Hər birinin qiyməti 500 000 dollar olan özü yeriyən (САУ) “НОНА” (təzə) artileriya qurğusunu (18 ədəd) 99 000 000 (doxsan doqquz milyon) rubla danışıb cəmisi 20 000 000 (iyirmi milyon) rubl verərək hər birinin üstündə 30 döyüş komplekti, mərmi olmaqla aldıq. C.İ. cild 45 İ.V. 188-189. Aydınlıq üçün qeyd edim ki, həmin dövrdə (02.02.1993) rus rublunun ABŞ dollarına nisbəti 200/1- idi.Yəni 9 000 000 dollar qiymətində olan həmin 18 ədəd qurğunu qeyd etdiyim kimi mərmilərlə birlikdə 450 000 dollara aldım.

5. Bir ədəd AH-12T nəqliyyat təyyarəsinin qiyməti 3.5 milyon olduğu halda 50 000 (əlli min) dollara aldım (26.04.1992-ci il)
C.İ. cild 46 İ.V. 158
6. Bir ədəd döyüş vertolyotu (təzə) МИ-24 qiyməti 8.5 (səkkiz milyon beş yüz min) dollar olduğu halda, 01.12.19912-ci il tarixində onu 240 000 (iki yüz qırx min)dollara aldım.
C.İ. cild-46 İ.V. 169

Cənab İlham Əliyev!
Sizi ölkəmizdə iqdisadi, maliyyə böhranının at oynatdığı bu məqamda çox yormaq istəmirəm. Lakin xatırladıram ki, Heydər Əliyevin sifarişi ilə hakim adlanan, bu gün də Ağır Cinayətlər məhkəməsində çalışan Ənvər Seyidov kimisinin qiyabi qərarı ilə ölüm hökmünə məhkum edildiyim C.İ. materiallarında kimsə tərəfindən həqiqiliyinə şübhə edilməyən yüzdən çox bu cür konkret faktlar var. İndiki iqtidarı sarmaşıq kimi sarmış, ölkəni talamaqdan doymayan harın nazirlər, icra başçıları, yüksək, orta ranqlı rüşvətxor, korrupsioner məmurlar bu yazdığım faktları şübhəsiz ki, uydurma hesab edəcəklər. Fikrimi rəhmətlik Molla Nəsrəddinin bir lətifəsi ilə sizə çatdırmağı daha münasib hesab edirəm.
Bir gün Molla Nəsrəddin şəhərə gəlir və şəhərin bazarını gəzməyə başlayır. Gəlib kişmiş, qoz, fındıq, üzüm, badam, püstə satan bir dükanın qarşısında dayanır. Bu ləziz təamlar gözünün qabağında ola-ola ondan bir dənə də olsun yeməyən dükan sahibinə heyrətlə baxır və əlindəki ağacı onun gözünə tərəf uzadır. Baqqal Mollanın uzatdığı ağacın gözünə girəcəyindən əndişələnərək başını qaçırır və qəzəblə Molladan nə etdiyini soruşur. Molla cavabında – sən kor deyilsən? – deyərək xəbər alır. Yenə də qəzəblənən dükan sahibi – yox – deyərək hirslə cavab verir. Molla : kor deyilsənsə bəs ləziz təamlardan nə əcəb yemirsən? – deyərək daha da çox təəccüblənir.

Cənab İlham Əliyev!
Xalqımızın qanı, canı, göz yaşları hesabına, onu talayıb milyonlara, milyardlara sahiblənib harın ömür sürən bu iqtidarın qudurğan məmurları yuxarıda göstərdiyim həmin faktlara inandırmaq qeyri-mümkündür. Qətiyyət və tam məsuliyyətlə bildirirəm ki, C.İ.-də olan yüzlərlə faktlar diqqətinizə çatdırdıqlarım da daxil hamısı danılmaz həqiqətlərdir.
Qətlimə sifariş o dərəcədə qəti və konkret verilmişdi ki, hətta o dövrdə Prezident -Ali Baş Komandan olmuş, bu qeyd etdiyim və etmədiyim gördüyüm işlər barədə hesabatımı qəbul etmiş Əbülfəz Elçibəyin 25.06.1994-cü il tarixində məhkəməyə rəsmi göndərdiyi “ Sizin sorğunuza cavab verərək bildirirəm ki, Rəhim bəy Qazıyevi istintaq orqanı 5 (yüz) min Amerika dolları və 25 (iyirmi beş) milyon rubl mənimsəməkdə təqsirli biliblər. Bu ittiham doğru deyil. R.Qazıyevə həmin məbləğlərin təyinatı üzrə xərclənməsinə mən göstəriş vermişəm. Bu, müdafiəmiz üçün lazım olan xərclərə sərf edilmişdir” məzmunlu məktub da keçərsiz oldu. Belə analoqu olmayan qeyri-hüquqi, qeyri-insani davranış məni heç də təəccübləndirmədi. Lakin indi yuxarıda qeyd etdiyim, Rusiyadan gətirilən hərbi əmlakın alqı-satqısı zamanı “3.5 milyonluq hansısa gizli müqavilənin rolundan bəhs edib, lakin təfərrüatına varmadan imtina edib” ifadəsi çox saylı cinayət faktlarının açıla biləcəyindən xəbər verir. RF-dan alınan hərbi əmlakın istehsalçının müəyyən etdiyi texniki və döyüş standartlarına cavab verə biləcəyi də böyük şübhə doğurur.
Son vaxtlar KİV-lərində ölkəmizin demək olar ki, bütün sahələrində çox milyardlıq, çox milyonluq korrupsiya, rüşvət, oğurluq hallarından, tükürpədici faktlar, məqalələr bitib tükənmək bilmir. Bütün bunların müqabilində tərəfinizdən heç bir fundamental təsirli tədbirlər görülmür. Nə qədər qəribə də olsa gizlədilməsi qeyri-mümkün olan bu analoqsuz talançılığı araşdırmaqdansa 1992-1993-cü ildə hakimiyyətdə olmuş AXC hakimiyyətinin təmsilçiləri barədə keçirdiyiniz müşavirələrdə təhqiramiz ifadələr, əsassız ittihamlar söyləməyə üstünlük verirsiniz. Sonuncu dəfə YAP gəncləri ilə 29 yanvarda keçirdiyiniz müşavirədə Elçibəy iqtidarının yüksək vəzifə sahiblərinin, o cümlədən də müdafiə nazirinin də ünvanına ittihamlar söylədiniz, lakin şəxsən özünüzün sərəncamı ilə 11 il öncə təyin etdiyiniz MTN-in və ətrafına yığdığı quldur generalların normal insan təfəkkürünə sığmayan cinayətlərindən bir kəlmə də olsun qarşınızda lal-dinməz oturtduğunuz YAP-çı gənclərə informasiya verməyi lazım bilmədiniz.
Müdafiə qüdrətimizin artması, ordumuzun müasir hərb maşını ilə təhciz olunması və ən başlıcası da işğal altında olan ərazilərimizin namərd düşmənlərdən təmizlənməsi üçün alınan hərbi əmlakın alqı-satqısında 3.5 milyon gizli müqavilədə iştirakçı olmuş idarə rəisi işdən çıxarılır, rütbəsi aşağı salınır və s.

Cənab Ali Baş Komandan!
Ələ salıb təhqir, tənqid, ittiham etdiyiniz həmin iqtidarın bir üzvü də mənəm. Barəmdə Heydər Əliyevin şəxsi göstərişi ilə qaldırılmış cinayət işi materiallarında olan çoxsaylı faktlardan diqqətinizə çatdırdığım bir neçəsində ölkə büdcəsinə verdiyim xeyir yüz milyonlarladır. Ətrafınıza yığdığınız məmurların ölkəni amansızlıqla taladığı bu dövürdə necə diliniz çevrilir ki, ünvanımıza ittihamlar söyləyirsiniz? Unutmayın ki, son 13 ildə sahibi-ixtiyar olduğunuz iqtidar 23 ildir ki, Azərbaycana şəriksiz sahiblik edir.
Xarici sərmayədarların maliyyə vəsaitlərini manatla saxlamağa dəvət edən cənab prezident – siz İlham Əliyev, indi deyirsiz ki, mən sizə əvvəldən demişdim, ağır günlər başlayır. Deyirsiniz ki, neftdən əlinizi üzün, biz bu tezliklə neftin qiymətinin aşağı düşməsinə hazır deyildik. Bəs həmin neft milyardları sel kimi respublikaya axanda, nə əcəb sənaye, kənd təsərrüfatı dirçəlmədi, istehsal müəssələri yaradılmadı, manat hansı səbəbdən sürətlə devalivasiya etdi? Təəssüflər olsun ki, bu gün də, bu ağır böhrandan çıxmaq üçün təsirli tədbirlər planı yoxdur. “Formula 1”-ə, İslam Oyunlarına yüz milyonlarla maliyyə vəsaitləri xərclənir. Bütün respublika boyu, sizin dediyinizin əksinə olaraq, vergi müfəttişləri ticarət, ictimai iaşə və digər xırda sahibkarlara əlavə vergilər yükləyirlər. Allah da şahiddir ki, mövcud ağır durumun mən çox kiçik bir hissəsini qeyd etdim. Unutmayın ki, ürək ağrısı və tam səmimiyyətlə yazdığım bu danılmaz həqiqətlərdən yüz dəfə artığını indi sizə yaltaqlanan məmurlarınız hakimiyyətdən getdiyiniz andan sizin ünvanınıza söyləyəcəklər.

Cənab Ali Baş Komandan!
MN-də baş verən bu son olayın günahkarının polkovnik rütbəli bir idarə rəisinin göstərilməsi azacıq ağlı olan hər kəsdə acı təbəssüm doğurur. Nazir, 23 il Baş Qərərgah Rəisi olmuş, ancaq villaları və dəbdəbəli həyat tərzi ilə tanınan Nəcməddin Sadıqov və digərləri təxirə salınmadan qarşınızda hesabat verməlidirlər. Ancaq məvaciblə yaşayan vicdanlı bir məmur milyonluq villaları hansı maliyyə vəsaiiti ilə tikdirə bilər?

Cənab İlham Əliyev!
Sizə ünvanladığım bu məktubu çox uzatmaq istəmirəm. Hər cümlənin və hər bir ifadənin tam məsuliyyətini daşıyıram. Və inanıram ki, bu məktubum tərəfinizdən etinasızlıqla qarşılanmayacaq və mənə cavab məktubu göndərəcəksiniz.

P.S.
Cənab Prezident!
Yeri gəlmişcən sizə bildirmək istəyirəm ki, nazir işlədiyim müddətdə ancaq Bakı şəhərində MN-nin əməkdaşlarına tərəfimdən 3800(üç min səkkiz yüz) yaşayış mənzili paylanıb. Zamanında qonağı olduğunuz 95 yaşlı möhtərəm ANAM, indi də həmin yarımzirzəmi mənzildə, mən isə 1976 cı ildə halal pulumla aldığım, özəlləşdirilməsinə qadağa qoyduğunuz 9 mərtəbəli evin 9-cu mərtəbəsindəki üç otaqlı mənzilimdə yaşayıram. Bu faktı ona görə xatırladıram ki, Sizin təyin etdiyiniz, Sizə arxalanaraq vətəndaşlarımızı amansızlıqla, qəddarcasına talayıb yığdıqları haram paralarla AZƏRBAYCAN daxil, dünyanın ən bahalı ölkələrində çox milyonluq qəsirlər, mülklər, dəbdəbəli villalar almaqdan gözləri doymayan olqarx komandanız diqqətinizə çatdırdığım bu danılmaz həqiqətləri oxuyub, bəlkə dərk etdilər ki, bütün bu yığdıqlarını, aldıqlarinı bu dünyada qoyub gedəcəklər! Bu dünyada olmasa da, mütləq O DÜNYADA, AİLƏLİKLƏ ziyarət etdiyiniz MÜQƏDDƏS KƏBƏ EVİNİ və HƏR İKİ DÜNYANI YOXDAN VAR EDƏN, MÜTLƏQ ƏDALƏT SAHİBİ – ADİL HAKİM, BİR OLAN UCA ALLAH HÜZURUNDA HÖKMƏN CAVAB VERMƏLİ OLACAQLAR !
Səmimiyyətlə: /sabiq müdafiə naziri Rəhim Qazıyev/
01.04. 2016”