Qulu Məhərrəmli: «Özünə qiymət verən şəxs məhkəməyə müraciət etmək əvəzinə, o nöqsanları aradan qaldırmalıdır»
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov uzun illər bu telekanalda çalışmış telejurnalist, professor Qulu Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə versə də, özü məhkəməyə gəlmir.
Qulu Məhərrəmlinin CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Arif Alışanovun iddiası əsasında Yasamal Rayon Məhkəməsində bu gün hazırlıq iclası keçirilib. Bu işə hakim Azər Tağıyevin sədrliyilə baxılır.
Məhkəməyə Arif Alışanov özü gəlməsə də, nümayəndəsi qismində Zaur Abbasov iştirak edib.
Qulu Məhərrəmli vəsatət qaldıraraq, Arif Alışanovun özünün iştirakını tələb edib: “Gəlsin, görək bu adam nədən zərər çəkib, məni nədə ittiham edir. Məni müsahibəyə görə məhkəməyə verib, mənim işim elə müsahibə verməkdir. Tələb edirəm, gəlib izah eləsin, görək mən onu necə təhqir eləmişəm, ümumiyyətlə, məni niyə məhkəməyə verib”.
Qulu Məhərrəmlinin müdafiəçisi Cavid Rzazadə də Alışanovun iştirakının vacib olduğunu vurğulayıb: “Arif Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir. Şərəf və ləyaqət sırf şəxsin özünə aid məsələ olduğuna görə gəlib özü iştirak etməlidir”.
Arif Alışanovun müdafiəçisi Zaur Abbasov bildirib ki, məhkəmə baxışında onun iştirakına zərurət yaransa, onu bu barədə məlumatlandıra bilər.
Hakim Azər Tağıyev Q.Məhərrəmlinin vəsatətinin əsaslı olduğunu bildirib. Hakim qeyd edib ki, şikayət fiziki şəxs tərəfindən verildiyinə görə özünün iştirakı zəruridir.
Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən Qulu Məhərrəmli bildirib ki, AZTV-nin 60 illiyilə bağlı saytlardan birinə verdiyi müsahibədə televiziyanı təhlil edərkən səsləndirdiyi tənqidi fikirlər AzTV sədrini hiddətləndirib: “Bu televiziya bir sənət ocağıdır. Belə bir televiziyanın nöqsanlarının olmasını, ona rəhbərlik eləyən şəxsin işə uyğunsuzluğunu demək, iradlar bildirmək qəbahət deyil. Əksinə, medianın işidir bu. Burada normal tənqid var. Özünə qiymət verən şəxs məhkəməyə müraciət eləmək əvəzinə, o nöqsanları aradan qaldırmaqla məşğul olmalıdır. Biz deyirik ki, dövlətin siyasətini təbliğ edən televiziya kanalı auditoriyanın etimadını qazanmalıdır”.
Aytən Məmmədova