Neftdən sonrakı era üçün 2 trilyon dollarlıq fond yaradılır

neftSəudiyyə Ərəbistanı dünyanın ən böyük suveren fondunu yaratmağa hazırlaşır.

Bu, neft erasının başa çatmasına hazırlığın bir hissəsidir.

Vəliəhdin müavini Mohammed bin Salman İctimai İnvestisiya Fondu (İİF) ilə bağlı baxışlarını ortaya qoyub.

Krallığı neft asılılığından qurtarmaq məqsədi ilə yaradılacaq bu fondun 2 trilyon dollardan çox vəsaitə nəzarət etməsi planlaşdırılır.

Şahzadə deyib ki, strategiyanın bir hissəsi olaraq səudiyyəlilər “Aramco”nun ana şirkətindəki paylarını sataraq bu neft nəhəngini sənaye konqlomeratına çevirəcəklər.

Səhmlərin birinci partiyası artıq gələn il ictimai satışa çıxarıla bilər. Hazırda ölkə səhmlərinin 5%-dən azını satmaq niyyətindədir.

20 illik plan

“İndi investisiyaları diversifikasiya etmək lazımdır ki, biz gələn 20 il ərzində əsasən neftdən asılı olmayan iqtisadiyyata və dövlətə çevrilək.”

Səudiyyə Ərəbistanında neftin tapılmasından 80 il sonra kral Salmanın 30 yaşlı oğlu ölkəni dünyanın ən böyük xam neft ixracatçısından növbəti eraya hazır ölkəyə çevirmək istəyir. Onun ölkə iqtisadiyyatına gətirmək istədiyi dəyişikliyin sürəti onilliklərlə dövlət ödəmələrinə öyrəşmiş mühafizəkar cəmiyyəti şoka sala bilər.

 

Şahzadənin sözlərinə görə digər adı Səudiyyə Ərəbistanının Neft Şirkəti olan “Aramco”nun satışı 2018-ci, yaxud hətta 2017-ci il üçün planlaşdırılır. Əldə olunan vəsait İctimai İnvestisiya Fondunu təşkil edəcək.

Sözügedən fond sonradan ölkənin həm daxilində, həm də xaricində investisiyalar qoymaqla ölkə iqtisadiyyatında əsas rolu oynayacaq. O, Apple Inc., Google-un ana şirkəti olan Alphabet Inc., Microsoft Corp. and Berkshire Hathaway Inc. kimi şirkətləri satın ala biləcək qədər böyük olacaq. Bu şirkətlər dünyada səhməri açıq şəkildə satılan dörd ən böyük şirkətdir.

Fondun baş katibi Yasir Alrumayyanın sözlərinə görə, İİF 2020-ci ilə qədər xarici investisiyaların nisbətini hazırda olan 5%-dən 50%-ə qədər artırmağı planlaşdırır.

Keçən il Səudiyyə Ərəbistanı büdcə kəsirinin ÜDM-in 15%-ni keçməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görüb. Dekabrın sonunda hökumət yanacaq və elektrik enerjisinin qiymətini artırıb, büdcə xərclərində israfçılığa son qoymağı vəd edib.

Tezliklə “Milli Keçid Planı” elan olunacaq. Bu plana tariflərin və əlavə dəyər vergisinin artırılması da daxildir.

Şahzadə Mohammed bin Salman deyib ki, onun ölkəsi yalnız o halda neft istehsalını dondura bilər ki, İran da eyni addımı atmış olsun.

Beynəlxalq Valyuta Fondunun 2014-cü ildə dərc etdiyi araşdırmada qeyd edilir ki, enerji istehsalından asılılığı azaltmağa çalışan ölkələrin yol verdiyi “səhvlərə çoxlu misallar” göstərmək olar. Hesabatda deyilir ki, Körfəzin ərəb monarxiyaları neftin bir barrelinin qiyməti 100 dollardan yuxarı olanda əllərində olan ən yaxşı şansı artıq qaçırıblar. (Ardı aşağıda)