Nazirlik əlilə cavab verdi

sosial-mudafie-nazirliyiBakı şəhər sakini, II qrup gözdən əlil Qarayev Xoşbəxt Əlibala oğlunun “Azadlıq” qəzetinin 01 aprel 2016-cı il tarixli sayında dərc olunmuş şikayət xarakterli müracətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunmadığını bildirməsi əsassız və həqiqətdən uzaqdır.

Bu barədə “Azadlıq”ın redaksiyasına göndərilən məktubda deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlil insanlar üçün inşa olunmuş və 2015-ci ilin 24 dekabr tarixində istifadəyə verilən 132 mənzilli yaşayış binasının bölgüsü Bakı şəhərinin rayon İcra Hakimiyyətlərindən rəsmi şəkildə nazirliyə təqdim edilmiş gözdən əlil şəxslərin mənzil növbəliliyi siyahıları əsasında həyata keçirilib. Mənzillərin bölgüsü həyata keçirilən zaman Qarayevin ailəsinə də həmin yaşayış binasından birotaqlı mənzil verilməsi barədə qərar çıxarılıb.

Bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Xoşbəxt Qarayev həmin mənzilə dair sənədləri hələ də götürməyib. O, mənzillə təmin edilsə də yenə də mənzil növbəsində saxlanılması şərtilə həmin sənədləri gəlib götürəcəyini, əks halda ona verilmiş birotaqlı mənzildən imtina edəcəyini bildirib. Bundan sonra isə Xoşbəxt Qarayev müxtəlif instansiyalara, habelə KİV-lərə guya rüşvət vermədiyi üçün indiyədək mənzillə təmin edilmədiyi barədə yalan və böhtan xarakterli məktublar ünvanlayaraq, bu metodla istəyinə nail olmağa cəhd göstərir.

Xoşbəxt Qarayevin diqqətinə çatdırılıb ki, imtiyazlı şəxslərin, eləcə də gözdən əlil şəxslərin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi, növbənin dəyişdirilməsi, ləğv olunması və s. məsələlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən həyata keçirilir. Ona görə də o, qeyd olunan məsələ ilə bağlı müvafiq rayon İcra Hakimiyyətinə müraciət etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

İctimaiyyətlə əlaqələr şöbəsi