“Hyatt Regency” otelinə qarşı məhkəmə davası

mehkemeÖlkənin tanınmış vəkillərindən olan Aslan Ismayılovun “Hyatt Regency” otelinə qarşı iddiası üzrə Yasamal Rayon Məhkəməsində proses davam edir. Bu iş üzrə hakim Rəfael Əliyevin sədrliyilə keçirilən dünənki məhkəmə iclasında şahid qismində Türkiyə vətəndaşı olan şəxslər dindirilib.

Amma dindirmədən əvvəl məhkəmədə otelin nümayəndəsi prosesinin təxirə salınmasını istəyib. Nümayəndə bunu otelin hazırkı baş menecerinin Azərbaycandan getməsi və onun əvəzinə yeni baş menecerin təyin olunması ilə əlaqələndirib. Qeyd edib ki, nümayəndə kimi ona verilmiş etibarnamə də əvvəlki menecer tərəfindən imzalanıb: “Digər tərəfdən, ola bilsin, yeni menecer iddiaçı ilə barışıq əldə etsin. Ona görə də hesab edirik ki, prosesin yeni menecer gələndən sonra davam etdirilməsi məqsədəuyğundur”.

Aslan Ismayılov etibarnamənin əvvəlki baş menecerin öz adından deyil, “Hyatt Regency” otelinin nümayəndəsi kimi verdiyini vurğulayaraq, onun keçərli olduğunu bildirib. Barışıq barədə düşünmədiyini deyən Aslan Ismayılov bu barədə məhkəmə qərarının çıxarılmasının tərəfdarı olduğunu qeyd edib: “Məhkəməyə şahid kimi dəvət olunmuş şəxslər iş adamlarıdır. Onları hər dəfə işdən ayırıb gətirmək doğru deyil”.

Hakim də məhkəmənin davam etdirilməsinə qərar verib. Şahidlər ifadələrində “Hyatt Regency” otelinin idman kompleksindəki vəziyyət barədə danışıblar. Onlar müəyyən məsələlərlə bağlı öz narazılıqlarını məhkəmənin diqqətinə çatdırıblar.

Qeyd edək ki, idman kompleksinin daimi müştərisi olan Aslan Ismayılov müəyyən məsələlərə etirazını bildirdikdən sonra üzvlükdən çıxarılıb. O da öz növbəsində bununla əlaqədar məhkəməyə müraciət edib.

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.