Prezident başçı təyin edərkən onlara  nə deyirsə…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Bəlkə də sizə qəribə gələcək, amma mən YAP reciminin bu qədər uzunömürlü olmasına o qədər də təəssüflənmirəm. Ötən 23 ilə ürək ağrısı ilə nəzər salmaqla bərabər, gələcəyə də nikbin baxıram. Tarix  üçün 23 , 33 il nədir ki?!

Nikbin olmağımın səbəbini sizlərlə də bölüşməyi özümə borc bilirəm. Bəri başdan deyim ki, fikirlərim subyektivdir, istəsəniz, bunu siyasi romantika kimi də qəbul edə bilərsiniz. Yazının başlığı da sizi aldatmasın, bu, nazir də ola bilər, bankir də, iri məmur da…

Mənə maraqlı olan odur ki, onlar prezidentdən hansı xeyir – duanı, tövsiyəni  alırlar ki, sonda bu qədər  tragikomik vəziyyət yaranır. Götürək elə son illərin ən səs-küylü olayını – Eldar Mahmudovun işdən çıxarılması ilə nəticələnən MTN fiaskosunu. Dünənə qədər  “Azadlıq” qəzetindən başqa heç bir mətbu orqanının tənqid etməyə cəsarət etmədiyi sabiq nazir və onun qanqsterlərinin üzərinə indi hər çomağını götürən gedir. Halbuki, biz vaxtında bu nazir və komandasının orada nə işlə məşğul olması haqda yazmışdıq, amma tədbir görülməmişdi. Mənimçün ən maraqlısı budur ki, həmin müddətdə prezidentlə sabiq nazir görüşəndə nədən danışırmışlar? Daha sonra isə hansı nəzarət mexanizmi işə düşürmüş?

Indi isə keçək əsas məsələyə – gələcəyə nikbinliyə…

Fikir veririnizsə, son dövrlərdə vəzifəsindən kənarlaşdırılan və ya bu barədə ətrafında söz-söhbət gəzən məmurlar prezidentə təşəkkür edir, sevinclərini hansısa şəkildə biruzə verməkdən özlərini saxlaya bilmirlər. Bəlkə də sizə qəribə gələcək, amma diqqət etsəniz görərsiniz ki, onların açıqlamaları ilə  amnistiyaya düşmüş məhbusların sevinc bölüşməyində bir oxşarlıq var. Hər iki kəsim prezidenti bu  humanist addımına görə  alqışlayır, ona can sağlığı və uğurlar arzulayır. Məhbuslardan fərqli olaraq, vəzifədən çıxarılan  sabiqlər daha çox sevinirlər. Bəli əziz oxucu, vəzifədən sağ-salamat getmək o qədər də asan deyil.

Yazımı Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevin prezidentin onu vəzifəsindən azad etməsinə münasibətilə davam etdirirəm. Buyurun: “Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm, prezidentə minnətdaram. Indi də işimdə nöqsanlar olduğu üçün prezident vəzifədən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Onun bu qərarından razıyam”.

Niyə də razı olmasın? Minlərlə hektar torpaq sahəsi, on mindən çox qoyun sürüsü, Bakıda bir neçə şadlıq evi, Binəqədidə iri balıq kombinatı, Dubayda villa, Novxanıda imarət, şəhərdə topdansatış obyektləri, Bakının ən iri özəl tibb klinikalarından biri…

Adam özündən sonra gələcək bir neçə nəsli üçün də nə lazımdırsa, edib.

Nəzərinizə çatdırım ki, Cəbrayıl əhalisinin böyük bir qismi hələ də heç bir şəraiti olmayan yataqxana və uçuq gecəqondularında yaşayır…

Təsəvvür edirsinizmi, 8 ilə yaxındır ki,  dünyanın ən qüdrətli dövləti olan ABŞ-a  başçılıq edən Barak Obama… Azərbaycanın ən kasıb rayonunun icra başçısının qarşısında var-dövləti ilə öyünə bilməz. ABŞ prezidenti  ilə təxminən 475 min  dollar maaş alır. Onun bizim bir keçmiş icra başçısına çatması üçün, yeməyib-içməyib daha 16 il işləməsi lazımdır ki, buna da ABŞ konstitusiyası imkan vermir.

Mən müqayisəni qəsdən Obama-Quliyev səviyyəsində apardım. Elə məmurlarımız var ki, ona çatmağa Obamanın ömrü belə yetməz…

Artıq elə bir mərhələdəyik ki, hər kəs nələr etdiyinin fərqindədir, taladıqları ona rahatlıq vermir və… mümkün qədər az itki ilə aradan çıxmağa çalışır. Lakin bu, göründüyü qədər asan deyil…

Nəqliyyat naziri Ziya Məmmədovu  götürək. Sizi əmin edirəm ki, bu saat kimsə ona “cənab nazir” deyə xitab etsə, büruzə verməsə də, ürəyində o adamdan inciyəcək. Məlum səbəblərdən recim ona “gediş haqqı” tanımır. Əminəm ki, “sağ-salamat”  gedəcəyi təqdirdə onun da prezidentə təşəkkürü hazırdır.

Xaricdə bir nazirin vəzifədən getməsi cəmi bir saat çəkir. Yarım saat ərzində o, kabinetində özünə məxsus olan əşyalarını toplayır, qalan vaxt ərzində isə işçilərlə görüşür və xələfinə uğurlar arzulayıb binanı tərk edir…

Yayılan məlumata görə, Eldar Mahmudovun vəzifədən çıxarılmasınınn ardından, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubov yalnız xüsusi təyinatlıların dəstəyi ilə MTN-in binasına girə bilib…

Hazırda siyasi hakimiyyətdən çox, çapıb-taladıqlarını  itirməmək mücadiləsi verilir. Neft ucuzlaşıb, böhran qapıdadır. Kiçik bir kəsim həddindən artıq varlıdır, digər tərəfdə isə milyonlarla insan yoxsulluq həddində yaşayır. Tarixdə bu qeyri – bərabərsizliklər zamanı xalq dəyişikliklərə ehtiyac duyur və bunu məsləhət bildiyi şəkildə  edir.