Bu dəqiqələrdə OMON Yekaterinburqda azərbaycanlıların çalışdığı ən böyük meyvə-tərəvəz bazasında əməliyyata başlayıb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, əməliyyat dünən gecə Yekaterinburqdakı kafelərin birində baş vermiş hadisəylə bağlıdır.
Xatırladaq ki, dünən gecə şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində sözün həqiqi mənasında kriminal “sxodka” keçirilirmiş. Söhbət ondan gedir ki, tanımış azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını, Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Dünən isə Ağayarın ad günü imiş. Ağayev ad günün təntənəli keçirmək üçün Bakıdan belə qonaqlar dəvət edib. Bu sırada Ehtiram və İntiqam Rüstəmov qardaşları, Aqşin Fateh, Nicat mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub. Saxlanılar arasında onlar da var.
Saxlanılanların bir qrupunun adı sizlərə heç nə deməsə də, amma tutduqları mövqe olduqca ilgincdir. Onların arasında olan Zaur Həsənov, Əhliman Əliyev və Bəhrəm adlı şəxslər var. Həmin meyvə-tərəvəz bazasına isə bu adamlar nəzarət edirdilər.
Məlumatlı mənbənin dediyinə görə, şəhərdə “4 nömrəli baza” kimi tanınan adıgedən obyekt bütün şəhəri meyvə və tərəvəzlə təmin edir. Bu baza uğrunda illərdi sözün həqiqi mənasında müharibə gedir.