Dostlar! Azərbaycan partiya təşkilatını yoxlamış komissiyanın hesabatının müzakirəsini sabaha saxlamaqda məqsəd var idi. Axşam Azərbaycan KP MK bürosunun üzvlərinin çoxu “Köhnə Meydanda” yerləşən MK aparatına çağırılıb İmam Mustafayev əleyhinə çıxış etmək üçün təlimatlanırıldı. Azərbaycan KP MK bürosunun üzvlərini katiblikdə Mustafayevin üzərinə qaldırmaq üçün Nikita Xruşşov dedi: “Bakılılar da burda oturublar, mən əminəm ki, onların hamısı Mustafayev düşünən kimi düşünmür.”
Mustafayev Şikinin məruzəsində bir sıra məsələlərin düz qoyulmadığını sübut etməyə cəhd göstərsə də, Xruşşov buna imkan vermədi. O, dedi: “Mən yoldaş Mustafayev, sizə hörmətlə yanaşırdım, lakin indi bu hörmət əhəmiyyətli dərəcədə azaldı, ona görə ki, sizin fəaliyyətiniz sizə olan etimadı doğrultmadı… Siz respublikanı yoxlayan adamların üzərinə qartal kimi şığıyırsınız. Nədir, onlar sizin düşmənlərinizdir? Onlar da partiya işçiləridir, partiya işində təcrübələri sizdən də çoxdur, onlara heç də sizdən az etimad göstərilmir.”
İki gün ərzində Sov.İKP MK Rəyasət Heyətində və MK katibliyində gərgin müzakirələrdən sonra Mustafayev başa düşdü ki, müqavimət göstərmək mənasızdır. Rəyasət Heyətinin son iclasında o dedi: “Mərkəzi Komitənin Rəyasət Heyətində və katibliyində çıxış edərkən mən Azərbaycan KP MK-nın bürosunun işindəki, MK-nın birinci katibi kimi şəxsən mənim fəaliyyətimdəki ciddi çatışmazlıqlara və səhvlərə doğru, partiyalı və siyasi qiymət verməmişəm, düşünmədən danışmışam. Nikita Sergeyeviç! Mən çox həyəcan keçirirəm ki, biz öz işimizdə bir sıra nöqsanlar və səhvlər buraxmışıq, Sov.İKP MK-nın işçiləri onları bizə göstərən zaman mən yetərincə onu qiymətləndirməmişəm və bəraət üçün bəhanələr axtarmışam. Mən plenumda və Rəyasət Heyətində sizin tərəfinizdən mənim ünvanıma deyilən sərt və ədalətli tənqid haqqında dərindən düşündüm. Sizə və Rəyasət Heyətinin bütün üzvlərinə bəyan edirəm ki, sizin verdiyiniz qiymətlə tamamilə razıyam. Siz tamamilə haqlısınız ki, mən mühüm siyasi məsələlərin həllində qeyri-yetkinlik göstərmişəm və öz mövqeyimin elə də yüksək məqamında dayanmamışam. Mən öz fəaliyyətimdə, xüsusilə bizim partiyanın Lenin milli siyasətinin həyata keçirilməsi işində bağışlanmaz səhvlər buraxmışam, ayrı-ayrı şəxslərin, ilk növbədə Ali Sovetin Rəyasət Heyətinin keçmiş sədri, MK-nın büro üzvü yoldaş Mirzə İbrahimovun millətçi çıxışlarına və deyimlərinə lazımi siyasi qiymət verməmişəm. O, yaxşı yazıçı kimi böyük nüfuza malikdir, lakin eyni zamanda bizim partiyanın siyasi xəttini doğru həyata keçirmir.” Nikita Xruşşov dedi ki, biz bunu qəbul etmirik. Əgər o, öz fəaliyyətini kommunistlərə qarşı yönəldibsə, yaxşı yazıçı nə deməkdir? Bu ki, bizim düşmənimizdir.

Azərbaycan KP MK-nın məsələsinə baxılmasının yekunu kimi Sov.İKP MK Rəyasət Heyəti respublika partiya təşkilatına həvalə etdi ki, Mərkəzi Komitənin bürosu və plenumunda aşkarlanmış nöqsanları və onların aradan qaldırılmasının praktiki yollarını müzakirə etsinlər. Rəyasət Heyətinin üzvü Nurəddin Mühitdinova tapşırıldı ki, Azərbaycan KP MK-nın plenumunda iştirak etsin. Eyni zamanda Azərbaycan partiya təşkilatında yoxlama aparmış Sov.İKP MK-nın işçi qrupu da Bakıya ezam edildi. İyulun 2-də Sov.İKP MK Rəyasət Heyətinin qərarında göstərilirdi ki, İmam Mustafayev işin öhdəsindən gələ bilmədi, ümidləri doğrultmadı və artıq birinci katib kimi yaramır. Daha sonra tövsiyə edilirdi ki, Azərbaycan KP MK plenumunda milli məsələni xüsusi şəkildə qabartmağa lüzum yoxdur. Milli məsələnin qabardılmasında Nikita Xruşşov özü maraqlalı deyildi. Elə həmin iclasda o, dedi: “Süni şəkildə düşmənə hədiyyə vermək olmaz ki, onlar bizim milli siyasətdə hansısa böhran haqqında danışsınlar. Bu, səhv olardı və bununla biz özümüz üçün süni böhran yaratmış olardıq.” Tarix məsələsi ilə bağlı Rəyasət Heyətinin qərarında Şaumyanın rolunun kiçildilməsinin, Nərimanovun rolunun şişirdilməsinin qarşısının alınması və onların qarşı-qarşıya qoyulmaması məqsədəuyğun sayılırdı.

Azərbaycanla yanaşı həmin gün Rəyasət Heyətinin iclasında Mühitdinovun hesabatı üzrə Latviyadakı vəziyyət də müzakirə edildi. Mustafayevdən fərqli olaraq Latviya KP MK-nın birinci katibi Yanes Kalnberzinə söz verəndə Nikita Xruşşov dedi ki, indi mən öz qardaşımla toqquşacağam. O, dedi: “Yoldaş Kalnberzin, sən mənim qardaşımsan, lakin partiya hər şeydən üstündür.” İmam Mustafayevin Rəyasət Heyətində və katiblikdə dirənişinin bir fayda vermədiyini görən və bundan özü üçün nəticə çıxaran Kalnberzin ilk cümləsindən etibarən ciddi səhvlərə yol verdiyini və Latviyada milli siyasətin həyata keçirilməsində bir sıra nöqsanların olduğunu etiraf etdi. O, qeyd etdi ki, 1956-cı ilə kimi belə şeylər yox idi, 1956-cı ildən sonra Nazirlər Soveti sədrinin müavinləri Eduard Berklav və Viktor Kruminş, Latviya KP MK-nın katibi Bissenek, “Sinya” qəzetinin baş redaktoru Pizan kimi gənc kadrlar biz qocalara hücum edərək Latviyada milli məsələnin həll olunmadğın, respublikada latış dilində az danışıldığın, latış millətindən olan kadrların irəli çəkilmədiyin dilə gətirdilər. Bir sıra adamlar məsələni belə qoymağa başladılar ki, finlər bizə daha yaxındır, nəinki ruslar. Kalnberzin təklif etdi ki, yeni adamlar hesabına rəhbərliyi gücləndirmək, xüsusilə rus millətindən olan kadrlar hesabına MK bürosunu möhkəmləndirmək lazımdır. Digər Latviya rəhbərləri öz çıxışlarında vəziyyəti yumşaldıb respublikada millətçiliyin olmadığında təkid etsələr də, Xruşşov bununla razılaşmadı, lakin xaricdə səs-küy qopacağından ehtiyatlanaraq Latviyada baş verənlərin millətçilik kimi qiymətləndirilməməsinə tərəfdar oldu. O, qeyd etdi ki, Kalnberzin partiya rəhbərliyi üçün yaşlanıb, bununla belə onun partiya və dövlət qarşısında böyük xidmətləri olduğunu vurğulayaraq Xruşşov Kalnberzinin rəhbərlikdə saxlanmasını tövsiyə etdi. O, təklif etdi ki, Ali Sovetin rəhbəri Ozolin MK-nın birinci katibi olsun, Kalnberzin isə Ali Sovetin Rəyasət Heyətinə rəhbərlik etsin. Nikita Xruşşovun bu tövsiyəsi az sonra nəzərə alındı və Latviya rəhbərliyindəki dəyişikliklər əslində yerdəyişmə xarakteri daşıdı.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.





