Dostlar! 1959-cu ilin iyun ayının 30-da Azərbaycan partiya təşkilatında yaranmış arzuolunmaz vəziyyət və respublika iqtisadiyyatına rəhbərlikdə buraxılmış ciddi səhvlər Sov.İKP MK-nın Rəyasət Heyətində müzakirə edildi. Müzakirələrdə İvan Şikin, İmam Mustafayev və Nikita Xruşşov çıxış etdilər. Deyilən nöqsanlara qarşı Mustafayev müqavimət göstərdiyindən qərara alındı ki, Sov.İKP MK katibliyi “Azərbaycanda işlərin vəziyyətinə baxsın və öz təkliflərini MK-nın Rəyasət Heyətinə versin”.
Mustafayev deyilən iradları cavablandırmağa cəhd göstərdiyindən Sov.İKP MK katibliyinin iclası çox gərgin keçdi. MK katiblərindən A.Kriçenko, E.Furseva, İ.İqnatov, N.Mühitdinov, P.Pospelov və digərləri İ.Mustafayevi bir sıra məsələlərdə ittiham etdilər. Onlar Azərbaycanda işlərin yarıtmaz olduğunu, ideoloji işin başlı-başına buraxıldığını, millətçiliyin baş alıb getdiyini bildirdilər. Rəyasət Heyətinin iclasında olduğu kimi katibliyin iclasında da Mustafayev nəinki respublikanı yoxlamağa gəlmiş komissiya üzvləri, habelə Sov.İKP MK Rəyasət Heyətinin üzvləri və üzvlüyə namizədləri tərəfindən ona qarşı irəli sürülən bütün ittihamları cavablandırdı və məsələlərin qiymətləndirilməsində onların obyektiv olmadığını əsaslandırmağa çalışdı.
Həm Rəyasət Heyətinin, həm də katibliyin iclasında bütün respublikaların birinci və ikinci katibləri, habelə Nazirlər Sovetinin sədrləri iştirak edirdilər. Azərbaycan KP MK-nın ikinci katibi Dmitri Yakovlev katibliyin iclasında Mustafayevi müdafiə etməyə cəhd göstərsə də, bu hərəkətinə görə Xruşşovun sevimlisi olan MK katibi Yelena Furseva onu möhkəm təpindi. Hadisələrin belə gərgin gedişindən Azərbaycan KP MK-nın büro üzvləri başa düşdülər ki, Mustafayevin məsələsi artıq həll edilib. Ona görə də onlardan bəziləri özlərini qorumağa üstünlük verdilər. İ.Mustafayevin müqavimətini qırmaq üçün iyul ayının 1-də Sov.İKP MK-nın Rəyasət Heyətinin iclasında Azərbaycan partiya təşkilatının yoxlanmasının nəticələri barədə Şikinin məlumatı müzakirəyə çıxarıldı.
Şikin öz məlumatının böyük bir hissəsini respublikada ideoloji sahədə, milli siyasətin həyata keçirilməsində yol verilmiş nöqsanlara həsr etdi. O, respublika Ali Soveti Rəyasət Heyətinin sabiq sədri Mirzə İbrahimovun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili olması haqqında 1956-cı ildə qəbul olunmuş qanunun üzərində dayanaraq dedi: “1956-cı ilin avqustunda respublika Ali Soveti Rəyasət Heyətinin sabiq sədri yoldaş Mirzə İbrahimovun təşəbbüsü ilə respublikada Azərbaycan dilinin dövlət dili olaraq tətbiq edilməsi haqqında qanun qəbul edilmişdir. Respublika rəhbərliyi bu günədək iddia edir ki, bu qanun həyatın özündən irəli gəlmiş və Lenin milli siyasətinə tam uyğundur. Bu iddia əsassızdır.
Qanunun qəbul edilməsi Leninin göstərişlərinə daban-dabana ziddir… Azərbaycan dilinin dövlət dili kimi tanınması ətrafında genişlənən kompaniya mənfi nəticələrə, xüsusən ziyalılar və tələbə gənclər arasında millətçilik əhvali-ruhiyyənin canlanmasına, partiyanın milli siyasətinin təhrif edilməsinə gətirib çıxarmışdır. Qanunun qəbul olunmasının ardınca bütün dövlət sənaye müəssisələri, müalicə müəssisələri və sair təsisatlarda Azərbaycan dilinin işlədilməsi tələbi irəli sürüldü.” Sonra Şikin 1957-ci ildə Nazim Hikmətlə Universitetdə görüş zamanı Mirzə İbrahimovun “Azərbaycan dilini bilməyən, bilib bu dildə danışmayan ziyalıı “əclaf”dır fikrini xatırladanda Xruşşov soruşdu: “Bu olmuşdurmu yoldaş Mustafayev? Mustafayev cavab verdi ki, olmuşdur Nikita Sergeyeviç, İbrahimov tənbeh edilmiş, bütün vəzifələrdən azad edilmişdir.
Yerdən səslər gəldi ki, nə partiya təşkilatında, nə dövlət universitetində, nə də partiya MK-da müzakirələr olmamışdır. Mustafayevin cavabı Xruşşovu qane etmədi. O, dedi: “İbrahimov haqqında məsələ müzakirə olunduqda o, ümumən baxılaraq çıxarılmışdır və onu saxlamaq olmazdı. Biz belə kommunistləri nəinki vəzifədən çıxaracaq, həm də partiya təşkilatı qarşısında məsələ qoyacağıq ki, belə adamları nəinki rəhbərlikdən, eyni zamanda partiyadan da qovsunlar. Bu, leninçi deyildir, bu, rəhbərliyə soxulmuş millətçi düşməndir”. Mustafayev Mirzə İbrahimovun işləmədiyini bildirəndə Xruşşov daha da əsəbiləşdi və dedi: “Yoldaş Mustafayev, siz elə də sadəlövh adam deyilsiniz ki, fərqi anlamayasınız. Siz özünüz şübhəli adamsınız, partiya biletiniz var, amma kommunist deyilsiniz. “O ki, işləmir”. Siz uşaq deyilsiniz, siz siyasi xadim-siniz, siz Mərkəzi Komitənin üzvsünüz və fərqi başa düşməlisiniz. “İşləmir”. O, özü də elədir, indi ona qahmar çıxır…
Bunları borş bişirən evdar qadın xörəyin üzündən kəfi qaşıqla yığıb atdığı kimi atmalıyıq.” İvan Şikin öz məruzəsində Mirzə İbrahimov və Ali Sovetin Rəyasət Heyətinin fəaliyyətdə olan sədri İlyas Abdullayevin çıxışlarından bir neçə misal gətirdikdən sonra Xruşşov onu saxladı və dedi: “Yoldaşlar, bütün bunlar 66 faiz qeyri-azərbaycanlıların yaşadığı (62 faiz olmalıdır. – C.H.) Bakıda baş verir. Sadəcə yanaşsaq, onlar sizi partiya təşkilatlarından vurub çıxara bilərlər, axı əksəriyyət təşkil edirlər. Misal kimi xırda burjua təcrübəsini götürək. İndi Kanada da seçkilər gedir və kanadalılar ukraynalılara qarşı çıxış etmirlər, çünki orada ukraynalılar çoxdur və seçkilər pozula bilər. Məsələn, Amerikada da polyak və ukraynalı əhalinin çoxsaylı olduğu yerlər var. Amerikalılar bununla hesablaşırlar.
O, üzünü İmam Mustafayevə tutaraq əlavə etdi ki, hətta burjua xadimləri belə sizin kimi münasibət bəsləmirlər. Bu, kobudca desək, hitlersayağı münasibətdir, zooloji münasibətdir, burjua demokratiyası isə belə yanaşmır. Millətlərə, çoxluq təşkil etməsələr də, azsaylı bir toplum olsalar da, hansısa muxtariyyət verirlər, siz isə gözümşıxdıya salır, özünüzü də kommunist adlandırırsınız.” İvan Şikinin məlumatında partiya tarixi sahəsində millətçiliyin baş qaldırmasına geniş yer verilmişdi. O, dedi: “Millətçilik əhvalının baş qaldırmasına partiya tarixi sahəsindəki işlərdə buraxılan nöqsanlar da təsir göstərmişdir. Azərbaycan Kommunist Partiyasının tarixinin, inqilabi hərəkatın işıqlandırılmasında milli məhdudluq, özünə vurğunluq, keçmişin idealizə edilməsi, “Kumen” (“Hümmət” olmalıdır – C.H.) kimi təşkilatın şişirdilməsi halları özünü göstərir.
Nəriman Nərimanov kimi xadimlərinin rolu şişirdilir. Guya ki, ona tərəddüdlər, səhvlər və sapıntılar yad imiş. Kommunist Partiyası tarixi üzrə kitablarda Serqo Orcanikidze, Stepan Şaumyan, Alyoşa Caparidze kimi xadimlərin nöqsanları, səhvləri göstərilirsə, Nəriman Nərimanovun nöqsanlarından bir kəlmə də deyilmir, lakin bizə məlumdur ki, xüsusilə milli siyasət sahəsində onun böyük nöqsanları olmuşdur.” Şikin məlumat verdi ki, bəzi sənət əsərlərində, ayrı-ayrı çıxışlarda 26 Bakı komissarlarının fəaliyyəti səciyyələndiriləndə Stepan Şaumyan tarixi həqiqətin əksinə olaraq ikinci plana keçirilir, birinci plana isə milliyyətcə azərbaycanlı nümayəndələr çıxarılır.” O, “Bakinskiy raboçi”qəzetinin bir nömrəsini nümayiş etdirərək dedi: “Baxın yoldaşlar, dünən bəziləri etiraz etməyə calışdılar ki, bu, belə deyil. Mən heç olmasa bir misal açıqlayacağam.
Baxın, “Bakinskiy raboçi” qəzetidir. Budur, buyurun: “Əzizbəyov, Şaumyan, Çaparidze.” Şikin “Bakinskiy raboçi” qəzetinin məlum nüsxəsini nümayiş etdirdikdən sonra Nikita Xruşşov dedi: “Hamı bilir ki, Şaumyan Bakı hökumətinə başçılıq edirdi. O, ermənidir və bizlərdə sual doğmurdu ki, o, ermənidirmi, ya başqa millətdəndir. O, Lenin tərəfindən bütün Zaqafqaziya üzrə təyin edilmişdi. O öz səlahiyyətini yalnız Bakıya yox, Gürcüstana və Ermənistana da şamil edirdi. Necə də utanmırsınız, burjua millətçiliyi girdabına yuvarlanmısınız! Kommunist adlanırlar! Allah bizi belə dostlardan qorusun! Düşmənlərdən isə özümüz qorunarıq.” İvan Şikin Azərbaycanda kadr seçimində partiya prinsiplərinin kobudcasına pozulduğundan, qeyri-azərbaycanlıların rəhbər vəzifələrə irəli çəkilməməsindən danışanda Xruşşov üzünü Mustafayevə tutaraq soruşdu: “Mən soruşuram ki, niyə rəhbərlikdə ermənilər və ruslar yoxdur.
Niyə? Bu kommunistlər gözdən düşüblərmi, siyasi hüquqlardan məhrum ediliblərmi? Necə də utanmırsınız?” Şikin sözünün sonunda Azərbaycanda baş verən bütün nöqsanların İmam Mustafayevin respublikaya rəhbərlik edə bilməməsi, vəziyyəti qeyri-tənqidi qiymətləndirməsi, bir qədər əvvəl Mərkəzi Komitə tərəfindən onun ünvanına söylənmiş tənqiddən lazımi nəticə çıxarmaması ilə əlaqələndirirdi. Nikita Xruşşov Şikinin sözünü qüvvətləndirərək qeyd etdi ki, yoldaş Mustafayev çox özünə güvənən adamdır, elə hesab edir ki, hər şeyi bilir. O eşitmək istəmir, heç kimi dinləmək istəmir.
Xüsusilə heyvan¬darlıqdan, atçılıqdan, mübahisələr gedəndə Xruşşov tez-tez Mustafayevin sözünü kəsirdi, şəxsi təsərrüfatlarda atçılığın inkişafını Mustafayev onunla əsaslandırırdı ki, atlar əsasən heyvandarlardadır və onlar öz atları ilə kolxoz mal-qarasını otarırlar. Xruşşov isə deyirdi ki, bu, düzgün deyil, onlar məhz kolxoz atları ilə kolxoz mal-qarasını otarmalıdırlar. O, fikrini belə əsaslandırırdı ki, kəndli atdan gəlir götürdüyü üçün onu saxlayır, yemləmək üçün saxlamır. Nikita Xruşşov əyani misal olaraq bildirdi ki, “mən kəndlini tanıyıram, mən özüm mehtər olmuşam və mülkədarın at ilxısını otarmışam.” Xeyli mübahisələrdən sonra Xruşşov təklif etdi ki, indi artıq gecdir. Bu gün məsələyə katiblikdə ətraflı baxılsın, hər şey araşdırılsın və sabah yenidən Rəyasət Heyətinin müzakirəsinə çıxarılsın.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.