Yaxud, niyə özümüzə yol göstərə bilmirik?
Əzəmətli hökumətimizin “səmərə”li fəaliyyəti haqqında nə qədər yazsaq da azdır. Hansı səmtə çevrilsək, hansı yana getsək hökumətin “qabiliyyət”i göz deşir. Səhiyyəmiz, təhsilimiz, iqtisadiyyatımız “ad” çıxarıb. Amma hökumətin fəaliyyətində xeyli “sehrli” məqamlar da var. Məsələn, 1-2 saat yağış yağması kifayət edir ki, şəhərin mənzərəsi tamam dəyişsin. Ötən gün bu “sehrli siyasət”in nəticəsini bir daha gördük. Yağışın yurdumuza qısa səyahəti kifayət etdi ki, Bakının mərkəzində süni göllər, çaylar, dənizlər əmələ gəlsin. Milyardlarla vəsaitin sərf edildiyi yollarda palçıqlı sular “rəqs” edir. Heç bir yol qovşağı beynəlxalq standartlara uyğun çəkilməyib. Amma bütün yollar real qiymətindən 15-20 dəfə baha başa gəlib. Əslində bu boyda pul xərclənmiş yollardan qızıl parıltısı görünməliydi, amma palçıq qaraltısı görülür. Hökumətin öyündüyü yeganə sahə yol tikintisiydi ki, bunu da yağış hər dəfə ifşa edir.
Bəli, dünyaya yol göstərmək eşqinə düşən hökumət, ölkəyə yol çəkməkdə də acizdir. Biz yerli isiitehsalımızın olmamasından, iqtisadiyyatımızın neftdən asılılığından, təhsilimizin keyfiyyətinin hər il aşağı düşməsindən, səhiyyəmizə etimadın itməsindən, hüquq sisteminin bərbad vəziyyətindən narahat idik. Amma görünən budur ki, ən elementar sahələr də inkişaf etdirilməyib. Bunun başa düşürük ki, şəffaf seçki keçirməyə, demokratik islahatlar aparmağa, qanunların aliliyini təmin etməyə siyasi iradə yoxdur. Bəs, nornmal yol çəkməyə nə əngəl olur? Bəlkə yağış suyunun şülküt elədiyi yollar da erməni lobbisinin işidir? Bəlkə, Bakının gölməçəyə çevrilməsinin günahkarı da Avropa, ABŞ-dır? Bəlkə, təbiət bizə ikilistandartardan yanaşır, qərəz nümayiş etdirir? Bəlkə, yolların standartlara uyğun çəkilməsi də milli maraqlara ziddir?
Prezidentin köməkçisi Əli Həsənov deyir ki, biz neft pullarını havaya sovurmamışıq. Əslində, onun sözlərində müəyyən qədər həqiqət də var. Yağışdan sonrakı mənzərə göstərir ki, həqiqətən də neft pulları havaya sovrulmayıb, torpağa hörülüb, asfalta çəkilib, palçığa xərclənib.
Bəli, milyardların bir hissəsi offşor zonalarda, bahalı villalarda, saysız-hesabsız holdinqlərdə həbns olunsa da, digər hissəsi yolarda, körpülərdə, binaların aqlay üzlüklərində, parklarda, muzeylərdə, komplekslərdədi.
Ötən gün biz dünyaya növbəti dəfə yol göstərdik. Göstərdik ki, paytaxtın bütün rayonlarında yollar itkin düşüb, yoxa çıxıb, buxarlanıb. Biz dünyaya göstərdik ki, milyardları necə palçığa çevirmək olar, yolu necə dənizə çevirmək mümkündür.
Yollarımızın belə “rəngarəng” vəziyytə düşməsinin bir səbəbi də kanalizasiya ssiteminin olmamasıdır. Qeyd edək ki, «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı qəbul edilib. Onlardan biri 2011-2013-cü illəri, digər isə 2014-2016-cı illəri əhatə edir. Hər iki sənəd çərçivəsində «Azərsu» ASC və digər qurumlar üçün su və kanalizasiya sisteminin təmir və yenidən qurulmasına vəsait ayrılması nəzərdə tutulub. Ümumilikdə, respublikanın su və kanalizasiya sisteminin tikintisinə və bərpasına «Azərsu» ASC dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində 2005-2014-cü il üçün 2.7 milyard manat xərclənib. Bundan əlavə, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının» həyata keçirilməsi məqsədilə «Azərsu»ya ayrıca olaraq 100 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Üstəlik, respublikanın 43 rayonunda su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün Dünya Bankının ayırdığı kreditlərin həcmi 500 mln. dolları keçib.
Beləliklə, məlum olur ki, təkcə su- kanalizasiya sisteminin yaradılması üçün milyardlarla vəsait silinib. Reallıq isə budur ki, Bakı və ətraf qəsəbələrin xeyli hissəsində kanalizasiya ssitemi yoxdur.
Bir sözlə, analoqsuz inkişaf bizə asfalt yol da göstərə bilmədi. İndi Azərbaycan xalqı ölkəyə qışın gəlməməsini arzu edir. Çünki, qış gələndə vətəndaş yarı yolda qalır, bataqlığa düşür, sürüşür, xirtdəyə qədər çirkaba bulaşır və.s Artıq bu ölkədə “yolun açıq olsun” arzusunu, “yolun palçıqsız olsun” əvəzləyib. Yolunun azmış hökumətin çəkdiyi yol belə də olmalıdır.
İlham