Şirməmməd Hüseynov: «Araz Əlizadə kimdir ki, bütün ölkələrin, dövlətlərin qəbul etdiyi himni bəyənməsin?!»
Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə dövlət himnimiz haqqında xoşagəlməz danışıb. O, musiqisi və sözlərinin himnimizə yaraşmadığını deyib. Unikal.org-a açıqlama verən Araz Əlizadə qeyd edib ki, dahi Üzeyir Hacıbəyov himnimizi mərsiyyə kimi yazıb:
“Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.
Məsələ barədə qocaman jurnalist, professor, cümhuriyyət dövrünün araşdırmaçısı Şirməmməd Hüseynovdan açıqlama alaraq deputatın səsləndirdiyi fikirlərə onun münasibətini öyrəndik. Şirməmməd müəllim öncə Araz Əlizadənin tarixçi olmadığını və o dövrün ədəbiyyatından xəbərsiz olduğunu söylədi:
“Mən Araz Əlizadə kimi tarixçi tanımıram. O, kimdənsə eşitdiklərini söyləyir. Himnimiz 25 ildir çalınırsa, BMT-dən tutmuş bütün dövlətlər onu tanıyırsa, heç kim ona irad tuta bilməz. Araz Əlizadə kimdir ki, bütün ölkələrin, dövlətlərin, parlamentlərin, alimlərin qəbul etdiyi himni qınasın?! O vaxt belə bir söhbət yayıldı ki, himndəki ”hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” misrası düzgün deyil. Mən sübut etdim ki, insanın ən ümdə hüququ onun yaşamaq, var olmaq hüququdur. Yəni yaşamaq hüququndan keçən əsgər qəhrəman kimi təqdim edilməlidir. Bir vaxtlar ortaya atılan bir sıra şəxslər himnin sözlərini dəyişmək istəyirdilər. Biz onlara cavab verdik, səslərini kəsdilər. Ona görə də o sözlər, o musiqi tələm-tələsik yazılmayıb. Əvvəlcədən həm sözlərə, həm də musiqiyə müsabiqə elan ediblər. Bu işə də Üzeyir bəy nəzarət edib. Araz Əlizadə ilə Üzeyir bəyi bir çəkiyə qoymaq olar? O, Üzeyir bəydən çox bilir? Necə olur, Rəsulzadə, parlament, camaat, Azərbaycan adlı dövləti yaradanlar bu işi bəyəndi, Araz Əlizadə bəyənmədi? O, gündəmi qarışdırmaq üçün belə bir açıqlama verir. Ona görə də belə deputatın dedikləri ciddiyə alınmamalıdır”.
Nigar