Ağstafanın icra başçısından «Azadlıq»dakı yazıya reaksiya
“Azadlıq”ın 14 mart sayında dərc edilmiş, Ağstafa rayonu Köhnəqışlaq kəndində “Qəbiristanlıqda məktəb tikintisinə etiraz” yazızısından sonra Ağstafa rayon Icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “hərəkətə” keçib.
Prezident Ilham Əliyevə ünvanlanan şikayət ərizəsinin surətini, kənd sakinləri “Azadlıq”ın elektron poçtuna da göndəriblər. Diqqətə görə redaksiyamıza minnətdarlığını bildirən kənd sakinləri problemlərinin dərcindən sonra başçının Köhnəqışlaq kəndini “ziyarət”ə getdiyini yazır.
Rayona rəhbərlik etdiyi zaman kəsiyində M.Quliyev “şeytan”ın birinci dəfə mübarək qədəmlərini Köhnəqışlağa basıb. Hərbçi-komandirlərin müşayiətilə, qəbiristanlıqda tikilən məktəbdə kənd camaatına “dərs” keçmək istəsə də, başçı etirazla qarşılaşıb. Sinəsini düşmən gülləsinə sipər edən kənd sakinləri qəbiristanlıqda məktəb tikintisinə razı olmayacaqlarını bildiriblər.
Şikayət ərizəsində bildirilir ki, sakinlər görüşdə başçının diqqətinə çatdırıblar ki, kənd ərazisində məktəb tikintisi üçün məqsədəuyğun yer istənilən qədərdir. Ona görə də inşaat işləri dayandırılmalı, tikinti başqa yerə köçürülməlidir.
IH başçısı israrla bildirib ki, məktəbin tikintisi başa çatdıqdan sonra məktəblə qəbiristanlıq arasında hasar tikəcəklər. Başçının bu təklifi ilə razılaşmayan sakinlər belə bir replika da atıblar: “Bəlkə məktəblilərin qulaqlarına pambıq tıxayacaqsınız ki, ağlaşma səslərini eşitməsinlər”.
Hadisələrin belə cərəyan etməsindən hiss olunur ki, başçı “tutduğunu buraxan deyil”. Bayram və istirahət günləri olduğundan, kənd camaatının ölkə prezidentinə ünvanladığı şikayət məktubuna cavab verilməyib.
“Azadlıq” olaraq kənd sakinlərinin “Qəbiristanlıqda məktəb tikintisi”dən qaynaqlanan problemlərini diqqətdə saxlayacayıq.
Kənan